PDF Oxu

Siyasət

  • 3 826

Azərbaycanın güclü ölkəyə çevrilib ŞƏRH

Azərbaycanın güclü ölkəyə çevrilib ŞƏRH

Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, dünyada nüfüz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başladı. Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomat, siyasətçi, jurnalist erməni vandalizmini, eyni zamanda, azərbaycanlıların quruculuğunu əyani şəkildə görür. Heytərlənməmək olmur, gözlərimizin önündə çox sürətlə, kəndlər, şəhərlər yenidə yaradılır.

Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin siyasətinin, diplomatik məharətinin unikallığı da bundadır. O, regionun ən güclü ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün mühakiməsiz hüquqi bazasını yaratdı. Və bununla da Ermənistanın tarixi müttəfiqləri tərəfindən müharibənin gedişinə müdaxilədən, təzyiqdən Azərbaycanı qoruyaraq hərbi və diplomatik qələbəyə nail ola bildi. Və heç kim bizi yolumuzdan döndərə, iradəmizə təsir edə bilməz.Bu Vətən müharibəsində canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan oğullarına borcluyuq. Bu günlərdə bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının qəlbi eyni ümid işığı ilə döyünür və duaları eyni səmaya ucalırdı.

44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Azərbaycan Prezidenti dekabrın 1-də xalqa müraciətində bildirmişdir ki: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi. Bu gün azərbaycan xalqı işğaldan azad olunmuş Laçın torpağımızın qayıdışnın sevincini yaşayır.

Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Qazanılan zəfərdən keçən üç ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.

Bu günə kimi Laçında 620-i fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmənzilli bina olmaqla 700 bina inşa edilib və bu işlər davam edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Bu il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Həmçinin 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Prezident İlham Əliyev avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq. Prezident İlham Əliyevin son üç ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı 8 ay müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini cəmi 8 ay ərzində qurub- yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır”.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küç.73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər