Müasir şəraitdə müsbət və dinamik inkişafın, xüsusi ilə onun davamlılığının, iqtisadiyyatın bütövlükdə sabitliyini və etibarlılığını təmin etmək baxımından, müzakirələr aktuallığı ilə seçilirlərək, dünyada geniş vüsət alıb. Bu, əsasən regional sosial-iqtisadi sistemlərə aiddir. Nəzərə alsaq ki, davamlı inkişaf modelinin əsas şərtlərindən biri müstəqil iqtisadi inkişafdır, Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı olmayan, müstəqil şəkildə istənilən formatda qərarlar qəbul edən, hətta dünyada iri güclərə dəstək ola biləcək dövlətdir. Müəyyən dövr ərzində Azərbaycan tərəfindən çoxşaxəli, prinsipial, düşünülmüş xarici siyasət kursunun aparılması, fəallıqla real işlərin görülməsi və nəticə etibarı ilə, beynəlxalq təşkilatlar və xarici dövlətlərlə sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri, Azərbaycanın dövlət kimi mövqelərini ciddi şəkildə möhkəmləndirərək, ölkənin nüfuzunu artırmış, iradəsini regionda həlledici amilə, dünyada isə mühüm aktora çevirmişdir. Düşmənlərin və onların havadarlarının istənilən təxribatlarının qarşısını almağa, dövlətimizin suverenliyinə, xalqımızın şərəfinə qəsd etməyə çalışan hər kəsi dəf etməyə qadir olan müasir dövlətə çevrilib. Vətənimizin yuxarıdakı xidmətləri və nəticələri ilə bağlı çoxlu sayda arqumentlər var. Ən vacib arqumentlərdən biri isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təkcə regional deyil, qlobal miqyasda unikal inkişafı modelinin göstəricisinə çevrilmiş ecazkar Laçın şəhəridir.
Cənab İlham Əliyevin cari ilin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı, laçınlıların timsalında xalqımızda fəxarət hissini daha da yüksəltmiş, gələcəyə inam göstəricisini daha yüksəltmişdir. Çünki 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Qalib Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində, işğaldan azad edilmiş ərazilərə, o cümlədən Laçın şəhərinə yenidən həyat qayıdır. İşğaldan azad edilən ərazilərdə ən müasir standartlara uyğun bərpa və yenidənqurma işləri uğurla davam edir, Qarabağa həyat qayıdıb. Bu gün Laçın yuxarıda göstərilən göstəricilərin əsl nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər çərçivəsində “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak ediblər, Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olublar, Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər, növbəti gün isə Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər. Dövlət Başçısının yuxarıda qeyd olunan tədbirdə çıxışı zamanı nitqində səslənən təvazökar, eyni zamanda vətənpərvərlik, xalqa sevgi və fəxarət hissləri ilə zəngin fikirləri bu kəlmələrin göstəricisidir: "Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik.
Bütün dünya üçün belə çətin bir dövrdə Qarabağ bölgəsinin qısa müddətdə belə heyrətamiz inkişaf dinamikasına gəlincə isə deyə bilərik ki, bunun real səbəbləri var. Azərbaycanın neft ehtiyatlarına malik olması ilə yanaşı, ölkənin iqtisadi inkişafı təkcə neft amili ilə bağlı deyil. İqtisadi tərəqqinin yüksələn xətlə davam etməsində ölkədə sabitliyin qorunub saxlanılması, neft gəlirlərindən səmərəli istifadə, regionların inkişafı, xarici investisiyaların cəlb edilməsi, sahibkarlığın inkişafına dövlət qayğısı, aqrar islahatların aparılması, alternativ enerjinin inkişafı üçün potensial imkanlar kimi amillər vardır və s. Bundan əlavə, geosiyasi problemlər, düşmənlərin və bədxahların davamlı təxribatlarına qarşı mübarizə ilə paralel, tərəfdaş dövlətlərlə dostluq əlaqələrinin dəstəklənməsi və inkişafı kimi amilləri nəzərə alaraq, qısa müddət ərzində həyata keçirilən belə bir həcmli işlərinn mürəkkəbliyini də başa düşmək lazımdır. Buna baxmayaraq, öncədən qeyd olunan işlər onu göstərir ki, Azərbaycanda cənab İlham Əliyevin timsalında mövcud siyasi iradə, məharətli strateji yanaşma, resursların düzgün idarə olunması, sosial-iqtisadi inkişaf strategiyanın səriştəli inkişaf etdirilməsi və ölkəmizdə istənilən sahəyə ayrılan diqqət Vətənimizi daha ucaldacaq, xalqımızın daha da firavan yaşamasına xidmət edəcəkdir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü