30 il müddətində Ermənistan tərəfindən davam etdirilmiş işğal siyasəti Azərbaycan xalqı üçün təkcə torpaq itkisi ilə nəticələnməmişdi. Bu proses həm də neqativ yüklü mənəvi-psixoloji təsirlər yaradırdı. Biz bir xalq olaraq, az qala ilin hər bir ayında hansısa rayonun, şəhərin işğal gününü yad edirdik. Torpaqlarımızın geri qaytarılması yönündə mübarizə əzmimizin yaşaması naminə işğal tarixlərini xatırlayırdıq. İşğal olunmuş rayonlarımızın xatırlanan işğal günü təqvimləri öz növbəsində xalqda, xüsusilə uşaqlarda və gənclərdə ruh düşkünlüyü, bədbinlik, ağır ovqat yaradırdı. İşğal tarixləri neqativ sindroma, kabusa çevrilərək bizi il boyu təqib edirdi. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci ildə bu problemi böyük mənada həll etdi. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq, ərazi bütövlüyümüz bərpa edildi. Laçın rayonu da daxil olmaqla, işğala məruz qalmış ərazilərimiz geri qaytarıldı. İndi həmin ərazilərdə rayon və şəhərlərimizin geri alınması şərəfinə təsis edilmiş Şəhər Günləri qeyd edilir. Bu mənada “Şəhər Günü” tədbirlərinin keçirilməsi 30 il ərzində formalaşmış neqativ yüklü sindromu məhv etdi.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin hər birində şəhər günlərinin keçirilməsi haqqında Sərəncam verib. Bu sərəncama uyğun olaraq, şəhər günləri təsis edilib. Bu Sərəncam çərçivəsində Laçında Şəhər Günü də tarixdə ilk dəfə qeyd edildi. 26 avqustun tarixi Laçın şəhərinin işğaldan azad edilməsi günüdür. Vətən müharibəsinin nəticəsi olaraq, Laçın rayonu 2020-ci il dekabrın 1-də işğaldan azad edildi. Lakin Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri Azərbaycanın nəzarətində deyildi. Ötən ilin avqustun 26-da Zabux və Sus kəndlərində Azərbaycanın nəzarətinin bərpa edilməsi ilə Laçın şəhəri işğal elementlərindən tamamilə təmizləndi. 2023-cü il mayın 28-dən etibarən isə laçınlılar öz doğma yurdlarına qayıdırlar.
Prezident İlham Əliyev son 20 il ərzində iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil və bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Mənfur düşmən də unutmamalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib.
Cari ilin 26 avqustun tarixində “Laçın Şəhəri Günü” böyük təntənə ilə qeyd edildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın həmin tədbirlərdə iştirak etmələri xüsusi coşqu yaratdı. Bu tədbiri izləyərkən orada iştirak edən uşaqların, gənclərin necə yüksək ovqatda olduqlarını, dövlət başçısı ilə görüşərkən necə fərəh duyduqlarını gördük. Bu cür tədbirlər insanlarımız arasında qalib-qəhrəman xalq obrazını formalaşdırır. Gənc nəsildə, uşaqlarda ruh yüksəkliyi yaradır. Həmçinin, düşüncələrimizi neqativ sindromlardan xilas edir. Prezident , Ali Baş Komandan İlham Əliyevin «Laçın Şəhər Günü»ndə Laçına səfəri və səfər zamanı verdiyi mesajlar bir daha sübut edir ki, işğalçı ölkə nə qədər təxribat aparsa da, Qalib Liderimiz Prezident İlham Əliyev siyasətinin qətiyyətli və cəsarətli siyasəti nəticəsində Ermənistan reallıqlarla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, «Dəmir yumruq» yerindədir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini