Lavrov-Fidan görüşündən hansı nəticələri hasil etmək olar?
"Türkiyə Cənubi Qafqazda münasibətlərin yaxşılaşdırılması səylərində çox mühüm, konstruktiv və faydalı rol oynayır".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada görüşündən sonra mediaya açıqlamasında deyib.
“Cənubi Qafqazdakı vəziyyəti ətraflı müzakirə etdik. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıyıq. Biz əminik ki, Türkiyə bu səylərdə çox mühüm, konstruktiv və faydalı rol oynayır. Biz, həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıyıq", - deyə Lavrov bildirib.
Moskva artıq hərbi-siyasi cəhətdən geri çəkilmək mexanizmini işə salıb
Məhz bu fikirlərin təhlilini apararkən, həm də belə nəticə çıxarmaq olar ki, artıq Moskva Ankaranın üstünlüyünü qəbul edir. Daha dəqiq desək, Türkiyə Cənubi Qafqazda mühüm və qlobal aktor rolunu oynayır və bu da qardaş ölkənin nə qədər əhəmiyyətli faktor olduğunu təsbit edir.
Başqa tərəfdən, Qarabağ məsələsində Ankaranın qətiyyətli dəstəyi də belə deməyə kifayət qədər əsas verir ki, Moskva artıq hərbi-siyasi cəhətdən geri çəkilmək mexanizmini işə salıb. Bunu elə rusiyalı nüfuzlu siyasətçilər də etiraf edirlər...
Rusiya Qarabağı tərk edir, Türkiyə isə...
"Rusiyanın Qarabağda qalmaq imkanı yoxdur". Bu fikirləri isə erməni mediasına açıqlamasında rusiyalı tarixçi və ekspert Modest Kolerov deyib.
O bildirib ki, sülhməramlıların özləri Qarabağda “köçəri quş” prinsipi ilə yerləşiblər. Onun fikrincə, buna səbəb sülhməramlıların detallı mandatının olmamasıdır: “Bakı geniş səlahiyyətlərə imkan verəcək mandatdan imtina etdi. Bakının 2025-ci ilə qədər mandatı uzadacağına isə əmin deyiləm”.
Modest Kolerov: "Kiyev təslim olmağa yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeləri güclənərdi"
Kolerov hesab edir ki, sülhməramlılar döyüşməyəcək, çünki təfərrüatlı mandat olmadan heç bir hərəkət legitim sayılmayacaq.
Ekspert bunu Rusiya-Ukrayna müharibəsi ilə də əlaqələndirib. “Əgər Ukraynada vəziyyət indi başa çatsa və Kiyev təslim olmağa yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeləri güclənərdi və hətta Azərbaycan da bu faktı qəbul etməli olardı. Amma bu, hələ baş verməyib və gələn il də olmayacaq", - deyə o bildirib.
Modest Kolerov Paşinyan amilinə də toxunaraq deyib: "Bu vəziyyətdə Paşinyanın niyə sevindiyi bəlli deyil. Niyə Ukraynada Rusiyanı dəstəkləmir? O, başa düşmür ki, Rusiya Ukraynada nə qədər çox məşğul olsa, Qarabağ və Ermənistan üçün bir o qədər pisdir?”
O iddia edib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun uzun müddətdir mənası yoxdur, çünki Rusiyanın Cənubi Qafqazda maraqları Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaları ilə tam təmin olunub: “Rusiyanın Gümrü və Erebunidəki bazaları təcrid olunub, blokadaya alınıb və Ermənistanın qeyri-dost siyasi mühitindədir. O bazaların mövcudluğu artıq uzun müddətdir məntiqsizdir, Rusiyanın maraqlarını qorumur, əvəzində Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”.
"İqtisadi baxımdan Türkiyə çoxdan Ermənistandadır"
Onun fikrincə, bu hadisələrdən sonra Türkiyənin nüfuzunun mümkün güclənməsi Rusiya üçün təhlükə yaratmır: “İqtisadi baxımdan Türkiyə çoxdan Ermənistandadır, necə deyərlər, qatar artıq yola düşüb. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan artıq NATO-ya istiqamətlənmək istəyir. Beləliklə, Ermənistan NATO-da Türkiyənin müttəfiqi olacaq.
Fransanın fəaliyyətinə gəlincə, o, ancaq özünü böyük dövlət kimi qələmə verir. Bu ölkənin prezidenti, hətta Parisdə belə işləri qaydaya sala bilmir. O, Cənubi Qafqazda nə edə bilər? Heç nə”.
Beləliklə, Türkiyənin Cənubi Qafqazdakı rolu artır və bu reallıq əlbəttə ki, regionda yeni çağırışların baş verəcəyinə işarədir. Təkcə Rusiya siyasi isteblişmentinin də bunu qəbullanması danılmaz reallığın isbatıdır.
Afət Tahirqızı