PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir”
"Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir».Bu fikirlər sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə göndərdiyi məktubunda yer alıb.Məktubunda Özbəkistanı qardaş ölkə adlandıran Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevə və Özbəkistan xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdırıb: «Bu gün Sizin liderliyiniz və uzaqgörən siyasətiniz nəticəsində Özbəkistan dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq sosial-iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Rəhbərliyiniz altında ölkənizin əldə etdiyi mühüm nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuzun və hər keçən il daha böyük uğurlara imza atmasının şahidi olmaqdan xüsusi məmnunluq duyuruq. Regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Özbəkistana ən mötəbər beynəlxalq təşkilatların toplantılarını və zirvə görüşlərini yüksək səviyyədə keçirməyə imkan yaradır».Dövlətimizin başçısı qeyd edib ki, iki ölkə arasındakı açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlər, mütəmadi görüşlər, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Şavkat Mirziyoyevin bir neçə gün əvvəl Azərbaycana həyata keçirdiyi dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin tarixində yeni səhifə açıb, strateji tərəfdaşlığın hərtərəfli inkişafına güclü təkan verib.
Məktubda Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, dövlətlərarası münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığın prioritet sahələrinin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu birgə fəaliyyətin davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da səylər göstərəcəyik.
ƏSL QARDAŞLIQ, DOSTLUQ VƏ STRATEJİ MÜTTƏFİQLİK NÜMUNƏSİ
Bu gün 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Xüsusilə, də Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan arasında münasibətlərdə müşahidə olunan canlanma son dövrlər daha da genişlənməkdədir. Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Xüsusilə də, müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Qeyd edək ki, ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur.Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.Əsil dost və qardaş olan Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib və yeganə ölkə idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Özbəkistan tərəfi Müstəqil Dövlətlər Birliyinin sədri kimi dostluq, mehriban qonşuluq və qarşılıqlı etimad münasibətlərinin möhkəmləndirilməsinin, MDB məkanındakı mübahisələrin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə həllinin vacibliyini bir daha təsdiqləyib.
AZƏRBAYCAN-ÖZBƏKİSTAN ARASINDA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN İNKİŞAFINDA DÖVLƏT BAŞÇILARININ QARŞILIQLI SƏFƏRLƏRİ...
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrdə təməli qoyulan Azərbaycan-Özbəkistan əlaqələrinin XXI əsrin ilk onilliyində dinamik müstəviyə çıxması heç də təsadüf sayıla bilməz. Prezident İlham Əliyevin Şərq ölkələri, eləcə də türkdilli dövlətlərlə bağlı siyasətinin təhlili göstərir ki, Türk dünyasının inkişafında rəsmi Bakının kifayət qədər böyük payı var. İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında təmsil olunan bu iki ölkə arasında münasibətlərin siyasi, sosial-iqtisadi, humanitar və maraq doğuran digər qarşılıqlı sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur. Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir.
Bir sözlə, bütün bu uğurlar dövlət başçılarının səfərləri və bu səfərlər zamanı ölkələr arasında fəal əməkdaşlığın həyata keçirilməsidir. Belə ki, Şavkat Mirziyoyevin növbəti dəfə Özbəkistan Prezidenti seçilməsindən sonra Azərbaycana ilk səfər etməsi, məhz bu münasibətlərin inkişafında xüsusilə böyük əhəmiyyətə malikdir. Bir sözlə, iki dost və qardaş ölkələrin – Azərbaycan və Özbəkistan liderləri - Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin səfərləri, görüşləri, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Dövlət başçımızın dediyi kimi: «Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir».
RƏFİQƏ KAMALQIZI