“2020-ci ildən Qarabağdakı separatçı rejimin rəhbəri olan Araik Arutunyanın istefası bu ilin əvvəlindən Qarabağda ermənilər arasında səs küyə səbəb olan ikinci istefadır”. Bunu "Səs" qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə bir müddət əvvəl separatçıların “baş naziri” Ruben Vardanyan da istefa vermişdi: “Bütün hallarda bu istefalar 44 günlük müharibədə Azərbaycan ordusunun əldə etdiyi qələbədən sonra Ermənistanda və Qarabağda getdikcə dərinləşən siyasi, sosial, iqtisadi böhranların nəticəsidir: "Digər tərəfdən bu xüsusilə Qarabağa rusiyalı milyarder Vardanyanın gəlişindən sonra başlanmış hakimiyyət uğrunda mübarizənin doğurmuş olduğu reallıqlardır. Hər iki lider istefa verdikdən sonra belə Qarabağda sabitliyi qorumaq və daha da möhkəmləndirmək naminə buradan getməyəcəklərini bəyan ediblər, 2023-cü ilin martından isə Azərbaycan tərəfi ilə danışıqları aparan işçi qrupu məhz Arutunyanın qrup rəhbəri təyin etdiyi Samvel Şahmaryandır, bu isə onu söyləməyə əsas verir ki, işçi qrupu ilə aparılan danışıqlarda erməni tərəfinin konstuktiv mövqe sərgiləyəcəyi inandırıcı deyil, indiki qüvvələr nisbətində isə Qarabağ qurumun rəhbərliyinə bu qruplarla bağlı olmayan şəxslərin keçəcəyi də real deyil, bunu separatçıların təmsilçisi Badalyanın da bəyanatı təsdiq edir, Badalyan Ağdam - Xankəndi yolundan istifadə o zaman mümkün ola bilər ki, Laçın dəhlizində əvvəlki gediş gəliş bərpa edilsin deyib. Bəllidir ki, seperatçi rejim bir tərəfdən Ermənistan hakimiyyətinin təsiri altındadır, digər tərəfdən isə ABŞ və Fransa kimi dövlərlərin Azərbaycan dövlətinə olan ismarıclarına arxalanırlar, bu dövlətlər isə bir tərəfdən Azərbaycan hakimiyyətinə separatçi rejimlə danışıqlar masası arxasına oturmağı, digər tərəgdən isə Laçın dəhlizində əvvəlki gediş gəlişi bərpa etməyi tələb edirlər. Azərbaycanın mövqeyi isə bəllidir, biz Qarabağdakı erməni icmasının işçi qrupu ilə danışıqları davam etdirməyə hazırıq, digər tərəfdən Ağdam Xankəndi istiqamətində alternativ, daha qısa və təhlükəsiz yolla bağlı təkliflərimiz də qüvvədə qalır, bizim bu mövqeyimiz həm beynəlxalq hüquqa əsaslanır, digər tərəfdən isə Rusiya və Türkiyə kimi dövlətlər tərəfindən də müdafiə olunur, Arutunyanın istefası isə onun perspektivdə məsuliytətdən kənarda qalacağına təminat ola bilməz, bu şəxslərin həbsi ilə bağlı Azərbaycan dövlətinin İnterpola müraciəti var və o qərarın icrasına qədər də qüvvədə qalacaq”.
GÜLYANƏ