Mövcud faktlar təsdiq edir ki, siyasi bilik və bacarıqlardan uzaq olanlar siyasi bataqlığa uğrayırlar. Sadəcə bir əmması var ki, uğursuzluğa düçar olanlar məğlubiyyətlərini dilə gətirmirlər, siyasət onlarlıq olmadığını etiraf etmirlər. Çünki siyasət onlara maddi imkanlar yaradır, özlərinin və ətraflarının dolanışığını təmin edir. Fikir verin, 35 ilə yaxındır ki, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu siyasətdədirlər, lakin cüzi belə müsbət nəticə əldə edə bilməyiblər. Hətta bələdiyyə üzvü seçilmək imkanına malik olmayıblar. Ona görə ki, cəmiyyət onları qətiyyətlə rədd edir, apardıqları siyasətin düşmən maraqlarına xidmət etdiyini qeyd edib, qınayırlar. Dağıdıcı müxalifət isə ictimai qınaqdan nəticə çıxarıb, ən azı siyasətlə vidalaşmaq cəsarətini ortaya qoymurlar. Etsələr, təbii ki, ac qalarlar. Bu baxımdan cəmiyyətin tənqidlərinə əhəmiyyət vermədən siyasətdə vurnuxur və xarici maraqlı qüvvələrin Bakı təmsilçiləri rolunda çıxış etməklə özlərinə maliyyə yardımları qazandırırlar. Söz yox ki, yazdıqlarımız quru sözlərdən ibarət deyil. Ortada təkzibedilməz faktlar mövcuddur. Məsələn, “Milli Şura”nın sədri Cəmil Həsənli millətin gözünün içinə baxa-baxa deyir ki, o, həqiqətən də SOROS Fondundan hər ay 200 ABŞ dolları alıb. Əgər 200 ABŞ dolları aldığını deyirsə, deməli, 2-nin arxasında bir neçə sıfırlar var. Yəni, arxa qapıdan çıxarkən C.Həsənli cibləri dolu ABŞ dolları ilə çıxıb.
Gültəkin Hacıbəyli indi də Cəmil Həsənlinin ətəyindən yapışıb
Digər tərəfdən, dəfələrlə AXCP funksionerləri Gürcüstandan Ə.Kərimliyə çatacaq maliyyə yardımları gətiriblər. Hətta qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycana pul keçirməyə cəhd etdiyinə görə, AXCP sədrinin müavinlərindən biri həbs olunmuşdur. Eyni maliyyə yardımlarını REAL partiyasının hansı mənsəbə qulluq etdiyini hələ də heç özü də bilməyən İlqar Məmmədov da alıb. Qısası onu qeyd etmək olar ki, müxalifətin dağıdıcı qanadı siyasətdə ancaq maliyyə yardımları əldə etmək üçün veyillənirlər. Əminliklə demək olar ki, günün birində azuqələri kəsilsə, onlar siyasətlə vidalaşarlar. Hələ ki, pul-para gəlir. Bu da onları daha əzmlə erməni lobbisinin tapşırıqlarını yerinə yetirməyə həvəsləndirir. Bəzən erməni revanşist qüvvələrlə eyni mövqedən çıxış etməklə kifayətlənməyib milli heysiyyatımıza toxunmaqla erməni təəssübkeşliyi nümayiş etdirirlər. Özünü gah Əli Kərimlinin sözçüsü, bəzən də C.Həsənlinin yetirməsi kimi təqdim edilən G.Hacıbəyli durub- durub o gül ağzını açaraq, Anna Akopyan kimi fikirlər səsləndirib. Deyib ki, Azərbaycan iqtidarı maraqları uğruna və yanlış, səthi hesablamalarından dolayı 3 min şəhid verərək və Türkiyənin böyük mənəvi-siyasi dəstəyi ilə əldə etdiyimiz hərbi qələbənin siyasi nəticələrini sıfırlamaqla məşğuldur: “Qarabağ ətrafında beynəlxalq mövqelərimizin hər gün daha çox zəifləməsini ürək ağrısı ilə izləməkdəyəm. Elə məsələlər var ki, onlar haqqında açıq yazmaq olmur. Ancaq anladığım, hiss etdiyim bir gerçək var: odla oynayırıq. Dayanmaq lazımdır”. Danışığı ilə özünü batıran, dilləndikcə özünü rüsvay edən bu xanım hələ də siyasətin nə olduğunu anlamır. Başa düşmür ki, milli problemlərin həlli gecə yatıb səhər deputat seçilə bilmədiyin üçün dağıdıcı müxalifətçi olmaq deyil. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib, suverenliyini də Laçın keçid məntəqəsi yaratmaqla həyata keçirib, Xankəndi şəhərini və digər rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə separatçıların və onların hərəkətini məhdudlaşdırmaqla dünyada ən güclü və qüdrətli dövlət olduğunu nümayiş etdirib. Əgər Gültəkin Hacıbəyli bunu bilmirsə və ya nələrin baş verdiyini hələ də anlamırsa. Heç olmasa başını sosial şəbəkələrdən ayırıb, dünya mətbuatını izləsin. Oxusun və görsün ki, bəşəriyyət Azərbaycanın hərbi, siyasi, diplomatik uğurlarına necə heyran qalıb. Söz yox ki, bilsə və anlasa da reallıqdan çıxış etməyəcək. Çünki yediyi çörək onun burnundan gələr. Axı həmin çörəyin pulunu ona C.Həsənli və Ə.Kərimli vasitəsilə xarici maraqlı dairələr verirlər.
Vəkil Namizəd Səfərov əqidə dostu T.Yaqublu kimi yaltaqlıq edir
Ümumilikdə belə götürsək, bu üzdəniraq məxluqların hamısı eyni bezin qırağıdırlar. Hamısı eyni mahnını ifa edir və hamısı da eyni zənguləni vururlar. Özünü vəkil kimi təqdim edən Namizəd Səfərov isə lap gül vurub. Yaşının bu vədəsində, saçının, saqqalının ağaran vaxtında başlayıb Ə.Kərimliyə yaltaqlanmağa. Eşitdiyimə və oxuduğuma görə yaltaqlığın da bir sərhədi olur. N.Səfərov isə əqidə dostu T.Yaqublu kimi sərhəd- filan hesablamadan Ə. Kərimlini o ki var tərifləyib: “Əli Kərimli Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş hüquqşünasdır. Praktik olaraq bir gün olsun belə ixtisası üzrə işləməsə də, İXM-nə edilmiş sonuncu əlavələri siyasi və hüquqi baxımdan geniş təhlil və şərh etməklə Azərbaycanın praktik hüquqşünaslarına əsl hüquq dərsi keçdi. O, göstərdi ki, hüquqşünas diplomu daşımaq və ya illərlə hakimiyyətdə oturub, yüksək hüquq postlarını zəbt etmək, heç də bacarıqlı hüquqşünas olmaq demək deyil. Həqiqi hüquqşünas, ilk növbədə ədalətli olmalı və vətənin taleyinə biganə qalmamalıdır”. Həyasızlığı da bir həddi olur. Görünən isə ondan ibarətdir ki, N. Səfərov bu prinsipləri nəzərə almayır. Ə.Kərimli savadsız birisi olduğu halda, onu fərqlənən birisi kimi təqdim etmək ən azı ölkə hüquqşünaslarına hörmətsizlikdir. Çünki Azərbaycan hüquq elmi sahəsində və məhkəmə, prokurorluq sistemində olan bilikli, savadlı, bacarıqlı hüquqşünasların yanında Ə.Kərimli qənddandan qənd oğurlayan uşağa bənzəyir. Bunu yəqin ki, N.Səfəov bilməmiş deyil.
İ.ƏLİYEV
.