İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Ermənistanla sərhəddə Həkəri çayının üstündə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra ən böyük tarixi əhəmiyyət daşıyan bir işdir. Sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsini qurması ölkəmizin daxili işidir, suveren hüququdur.
Dünya birliyi tərəfindən tanınmış coğrafi siyasi sərhədləri daxilində hansı tədbirləri necə həyata keçirmək Azərbaycan dövlətinin müstəsna hüququdur, kimsə göstəriş, tövsiyə verə bilməz. Belə göstəriş və tövsiyələr anındaca rədd edilib və bundan sonra da rədd ediləcək. Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi ətrafında Ermənistanın başlatdığı kampaniya ucuz təbliğatdan başqa bir şey deyil, eyni zamanda, Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etməkdir. Azərbaycan özünün daxili işlərinə Ermənistanın müdaxilə etməsinə heç bir zaman imkan verməyəcək və anındaca cavabını alacaq. “Humanitar fəlakət” ucuz təbliğatdan başqa bir şey deyil. Ermənistan Azərbaycan ərazisində yaşayan erməniləri girovluğunda saxlamamalıdır, Qarabağ iqtisadi rayonunda yaşamaqda davam edən ermənilər Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər. Hər hansı bir təşkilatda müzakirənin, başqa ölkələrin nümayəndələrinin səsləndirdikləri fikirlər gerçəklikdən uzaqdır, ermənipərəst mövqe daşıyır. Ona görə də belə müzakirələr və söylənmiş sözlər Azərbaycan dövləti üçün təyinedici və ya təsiredici ola bilməz. Ermənistanın bütün bu hərəkətlərinin arxasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesini uzatmaq, sülh sazişini imzalamama məqsədi dayanır.Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir”.Bu səbəbdən ölkəmiz səsləndirilən cəfəng iddiaları haqlı olaraq qətiyyətlə rədd edir.“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren huquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir.Dövlət təhlükəsizliyimizə qarşı yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küç. 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri