PDF Oxu

Siyasət

  • 2 037

Din - dövlət münasibətləri TƏHLİL

Din - dövlət münasibətləri TƏHLİL

Prezident İlham Əliyevin Sərəncamı ilə Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat ayrılıb

Demokratik, hüquqi dövlətimiz milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına da öz töhfəsini verir. Sözsüz ki, bu qloballaşma şəraitində dünya dövlətləri tərəfindən maraqla qarşılanır. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Müasir dövrümüzdə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. "Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu münasibətin təzahürüdür. Sərəncama əsasən, Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat ayrılıb.

"AZƏRBAYCANDA DİN DÖVLƏTDƏN AYRIDIR"

Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycan "tolerant ölkədən tolerant dünyaya doğru" şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib.
Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Son illərdə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkəyə çevrilib. Dövlət başçısının mütəmadi olaraq din xadimləri ilə görüşü, dini konfessiyalara maddi yardımlar edilməsi, dini ibadət yerlərinin təmir-bərpa olunması, ölkədə həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Bu gün ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Bu Sərəncam Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından əhəmiyyətlidir. Ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının bariz göstəricisidir. İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir.
Dövlət başçısının çıxışlarının birində vurğuladığı kimi: "Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək, dayaq olur".

DİNLƏRARASI VƏ SİVİLİZASİYALARIN TƏMAS MƏRKƏZİ

Müasir dünyada müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Bəzi dünya dövlətlərində terrorizm, islama qarşı hücumlar artıb, islamafobiya güclənib. Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini və ayrı-seçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühiti diqqətdən kənarda qalmır. Ölkəmiz mədəniyyətlərarası, dinlərarası və sivilizasiyaların təmas mərkəzinə çevrilib.
Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər