Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünə məruz qaldığı, informasiya-təbliğat imkanları zəif və məhdud olduğu zamanda ölkəmizin haqlı mövqeyi İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənib, təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb. Dünya təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən olduğundan müstəqil Azərbaycan "İslam dünyasının BMT-si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür. Əlbəttə ki, müxtəlif sahələrdə iqtisadi, siyasi, sosial və s. qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açılıb. Hazırda Azərbaycan təşkilatının fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində iştirak edir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.
İSLAM HƏMRƏYLİYİNİN GÜCLƏNDİRİLMƏSİNDƏ DÖVLƏTİMİZİN ARDICIL SİYASƏTİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığı xüsusi yer tutur. Bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığını bildirmişdir. Dövlətimizin başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını qeyd etmişdir. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi birliyin nümayişidir. Qədim şəhərimiz olan Naxçıvan ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olundu. Daha sonra Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı seçildi. Bütün bu və ya digər amillər Azərbaycanın müsəlman dünyasında birlik və həmrəyliyinin nümayişidir. Cənab Prezidentin dəfələrlə bildirdiyi kimi, İslam sülh və qardaşlıq dinidir: "Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".
İƏT ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ VANDALİZM ƏMƏLLƏRİ İLƏ TANIŞ OLUBLAR
Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etmişdi. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilmişdi. Bu məsələ hər zaman təşkilat tərəfindən istər qətnamələrdə, istər sammit çərçivəsində, istərsə də xarici işlər nazirlərinin qətnamələrində yer alıb. İƏT Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalıb. Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması və bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə etmişdir. Həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatı Azərbəycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləmişdir. Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirmişdi. Bu haqda İƏT-in yaydığı bəyanatda, maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutu olduğu göstərilirdi. İşğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Xarici işlər nazirləri Şurasının 46-cı iclasında İƏT "İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilmişdi. Dövlətimizin başçısı işğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edildiyini bildirərək, bunu xalqımıza qarşı mədəni soyqırımı, bütün müsəlman ölkələrinə qarşı təhqir kimi dəyərləndirib. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.
Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Füzulidə və Ağdamda olublr.
Nümayəndə heyəti Füzulidə Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirib. Qaraxanbəyli məzarlıqları, Merdinli məscidi, eyni zamanda, şəhərin tarixi mərkəzində dağıntılara məruz qalmış sosial və mədəni obyektlərin yerində monitorinqi aparılıb.
Qonaqlar, həmçinin Füzuli Hava Limanı, Füzuli şəhərindəki yeni yaşayış məhəlləsi və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə də olublar.
Nümayəndə heyəti Ermənistanın işğalı nəticəsində zərərçəkmiş Füzuli şəhərinin sakinləri ilə görüşüb, Birinci və İkinci Qarabağ müharibəsi dövründə mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətləri barədə məlumatlandırılıb.
İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri zamanı qonaqlar vandalizmə məruz qalmış məzarlıqlar və şəhər Cümə məscidində olublar. İşğal dövründə qəbirlər vandalizmə məruz qalıb. Məzar daşlarını isə söküb aparıblar.
Qonaqlar səfərlərinin davamında Ağdamın Qarağacı kənd məzarlığında da olublar. Burada qonaqlara kəndin daimi erməni silahlılarının atəşi altında olması, əsasən dinc sakinlərin və uşaqların hədəf seçilməsi barədə məlumat verilib. Qarağacı kənd məzarlığında işğal dönəmində minlərlə məzar tamamilə dağıdılaraq məhv edilib.
Göründüyü kimi, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib.Bu abidələrin üzərində olan yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların, sufi şeyxlərinin, Azərbaycan memarlıq məktəblərinin banilərinin adları ilə bağlı olduğundan tarixi faktlar mənbələrdə öz əksini tapıb. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş Tağlar mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb.
Əlbəttə ki, görülən işlər, bir daha deməyə əsas verir ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyinin hər zaman olduğu kimi, bu gün də dəstəkləyir.
Zümrüd BAYRAMOVA