PREZİDENT İLHAM ƏLİYEV: “Şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq”
Bu gün Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Xüsusilə, bu gün müstəqil Azərbaycan, dövlət başçısı İlham Əliyev İkinci Vətən Müharibəsi nəticəsində qaçqın və məcburi köçkünlərə, müharibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Və bu gün torpaqları işğal olunmuş bir ölkənin ərazi bütövlüyünü qoruyanlar və haqq savaşını verənlər hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır.
Xüsusilə də, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanıi Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
“AZƏRBAYCAN BU SAHƏDƏ DƏ DÜNYA MİQYASINDA ƏN QABAQCIL YERLƏRDƏDİR”
Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir: “Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib».Çünki Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. İstər pandemiya şəraiti səbəbindən, istərsə də İkinci Vətən Müharibəsi dövründən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olmaqla, ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınıb. Azərbaycanda tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir. Xüsusilə, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı 2023-cü ilin yanvar ayının 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı deyilənlərin bariz nümunəsidir. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu Sərəncam çoxsaylı ailələrə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməklə onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaq.
Bəli, sözü ilə əməlləri üst-üstə düşən Azərbaycan Prezidenti İlham Əliyev Prezident və Azərbaycanını birinci xanımı Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
YAŞAT PREZİDENT İLHAM ƏLİYEVİN HUMANİTAR MİSSİYASINI DAVAM ETDİRİR
Xüsusilə, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsidir. Bu Fondlar öz fəaliyyətində Prezident İlham Əliyevin humanitar missiyasını davam etdirir. Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsi nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir. Həmçinin, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında", "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin davamlı qayğısının bariz nümunəsidir.Bütün deyilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Həmçinin, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunmasıdır.Bir sözlə, «YAŞAT» Fondunun, “Qarabağ Dirçəliş” Fondunun fəaliyyəti və bütün digər institusional təşəbbüslər şəhid ailələrinə və qazilərə ayrılan ali diqqətin təcəssümüdür.
ŞƏHİD AİLƏLƏRİNİN SOSİAL TƏMİNATI DA YAXŞILAŞIR. BİZ DAİM ONLARI DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAĞIQ
“Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq»,- deyə qeyd edən Prezident İlham Əliyevin imzaladığı sənədlər nəticəsində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial ödənişləri təkcə son 4 ildə 2 dəfədən çox artırılıb. Eyni zamanda, bu dövrdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə onlara 4300, ümumilikdə ötən dövrdə 13,1 min mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1300-ü təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifahına yönələn proqramlardan biri də onların avtomobillə təminatıdır. Postmüharibə dövründə bu istiqamətdə də tədbirlər geniş miqyas alıb, eyni zamanda, 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. 44 günlük Vətən müharibəsindən sonra 304, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.Dövlət başçısının şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğısının daha bir təzahürü kimi, son illər həmin kateqoriyalarla bağlı növbəti sosial dəstək proqramları icra olunub: 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib. 2022-ci ilin avqust ayında isə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramına başlanıb və qeyd olunan kateqoriyaya aid artıq 16,7 min şəxs üzrə birdəfəlik ödəmə verilib. 2022-ci ilin əvvəlindən isə Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub.
QAZİ VƏ ŞƏHİD AİLƏSİ ADINDAN SUİ-İSTİFADƏ HALLARINA NİFRƏTLƏ YANAŞIRLAR
Əlbəttə ki, Azərbaycan xalqı tükü-tükdən seçən həssas xalqdır və açıq fikirli və hər kəsi öz simasında tanımağı bacarır. Əl-ayağını itirən, dünyaya baxan gözünü itirən, psixoloji travmalar alan vətən oğullarımız heç zaman bu cür hay-küyə qoşulmaz və dövlətin mənafeyin hər şeydən üstün tuturlar. Üzdəniraq insanların addımlarına sosial şəbəkələrdə təsadüf etdikdə, təəssüflənirik ki, Vətənə can fəda edən oğullarımızın adına kölgə salmaq niyyətində olan insanlar kimlərinsə sifarişlərini yerinə yetirirlər. Belə dələduzlar hətta məscidlərin, ziyarətgahların ətrafında sui-istifadə halların yol verirlər. Xüsusilə də, bəzən mübahisələr olur ki, mənə dəbdəbəli ev tikdirməlisən və ya qəbirüstü abidə bahalı olmalı, başqalarınkından seçilməlidir. Bu, cəmiyyətdə qıcıq doğurur. Şəhidlər Vətən uğrunda canlarını fəda ediblərsə, onların adına verilmiş küçə adları da dəb xatirinə bir-birindən yüksək olmamalıdır. Çünki dövlət belə şəxslərə daim böyük diqqətlə yanaşır. Həmin kateqoriyadan olanların həyatının normallaşdırılması qəbul olunan bir sıra qəraralar, fərman və sərəncamlar deyilənlərin göstəricisidir. Dövlət həmin kateqoriyalı insanlara qayğı ilə yanaşır. Və bu gün qazilər çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edənlərə qarşı bir olmalıdırlar, imkan verməməlidirlər ki, həmin çirkin qüvvələr onların qazi adına ləkə vursunlar.
Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir. Həmin siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, veteranlar bizim qızıl fondumuzdur: «Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur."Bir sözlə, bütün bunlar onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq. Dövlət başçımız bunu son 20 illik Prezidentlik fəaliyyəti müddədtində aydın şəkildə göstərib: «Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam»,- deyən Azərbaycan Prezidenti, hər kəsin, o cümlədən şəhid ailələrinə diqqət və qayğının ən bariz nümunəsini son 20 ildə göstərib və bundan sonra da göstərəcəyinə Azərbaycan xalqı inanır və şahidlik edir. Çünki bu sadalananlar bir daha onu göstərir ki, Azərbaycan dövləti bütün kateqoriyalardan olan vətəndaşlarına daim qayğı və həssaslıqla yanaşır və onların sosial rifahının yüksək olması istiqamətində mühüm işlər reallaşdırır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut etdi ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir. Ancaq bu addan sui-istifadə halları isə şəhidin adına, ruhuna hörmətsizlik etməklə, bu böyük ada ləkə yaxanlar bilməlidirlər ki, Vətənə sevgi təmənnalı olmur.
RƏFİQƏ HÜSEYNOVA