Xalqdan ayrı düşən dağıdıcı müxalifət partiyaları daxilində ziddiyyətlər, qarşıdurmalar ara vermir. Bir növ səngiməyən gərgin situasiya dağıdıcı düşərgənin reallıqlarını əks etdirir. Nəticələr isə, düşərgə liderləri üçün arzuolunan deyil. Funksionerlərarası qarşıdurmalara etiraz edən sıravi üzvlər partiyalardan istefa verirlər və ya digər siyasi təşkilatlara transfer olunurlar. Daha çox təlatümlü durum Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də hökm sürür. Ə.Kərimlinin özəl firması kimi fəaliyyət göstərən AXCP-də cəbhəçilər təzyiqlərə, təhdidlərə məruz qalır, bəzən də müxtəlif formalarda jantaj olunurlar. Mənəvi terrorun qurbanı olanlar çıxış yolunu AXCP sıralarını tərk etməkdə görürlər. Bu baxımdan demək olar ki, AXCP-də istefalar adi hala çevrilib.
Əli Kərimli Ali Məclisin toplantısı adı altında növbəti şou təşkil etdi
Hazırkı reallıqlar onu göstərir ki, AXCP qarşıdakı müddətdə ciddi parçalanmaya məruz qalacaq. Çünki Ə.Kərimlinin istəyi və iradəsi əsasında keçirilən Ali Məclisin toplantısında cəbhəçilərin maraqlarına zidd qərarlar qəbul olunub, təyinatlar aparılıb. Ə.Kərimli isə toplantını elə təqdim edir ki, sanki beynəlxalq miqyaslı böyük bir toplantı təşkil edib və həmin toplantıda dünya siyasətinə təsir edə biləcək qərarlar qəbul edilib: “Bu gün AXCP Ali Məclisinin sessiyasında 7 saat ərzində 3 dəfə gizli səsvermə ilə seçki keçirmişik. Əvvəlcə gizli və alternativli səsvermə yolu ilə 20 nəfər partiya fəalı Ali Məclisə (rayon şöbələrindən seçilmiş 64 nəfərə əlavə olaraq) üzv seçiliblər. Sonra gizli və alternativli səsvermə ilə professor Nurəddin Məmmədli Ali Məclisin sədri seçilib. Ali Məclis mənim təqdimatımla professor Kamil Vəlini, Seymur Həzini, Fuad Qəhrəmanlını, Səadət Cahangiri və Ayaz Məhərrəmlini AXCP sədrinin müavinləri olaraq təsdiq edib. Professor Elmira Muradəliyeva və İradə Əliyeva Ali Məclisin sədr müavinləri, Məmməd İbrahim isə Ali Məclisinin katibi seçiliblər. Bu şəxslər həm də AXCP Rəyasət Heyətinə üzv seçiliblər. Bundan sonra Ali Məclis daha bir gizli səsvermə keçirib və Rəyasət Heyətinə daha 13 nəfər üzv seçib. Beləliklə, AXCP Ali Məclisi Rəyasət Heyətinə 22 nəfər üzv seçilib”. AXCP-dəki başı pozuq dəstənin anlaqsız vəziyyətdə olan üzvlərində Seymur Həzi isə iddia edir ki, guya onlara məclisin toplantısının keçirilməsi üçün yer ayrılmayıb: “Dünən AXCP Ali Məclisi növbəti toplantısı keçirildi. Dəfələrlə etdiyimiz müraciətə baxmayaraq yer verilmədiyi üçün toplantını həyət evində keçirməli olduq. Əslində, bu şəraitdə toplantı keçirilməsi hakimiyyətin AXCP-yə olan münasibətini göstərirdi. Ölkənin ana müxalifət partiyasına adi bir toplantı üçün yer verilmir. Budəfəki Ali Məclisin gündəliyində duran əsas məsələ son qurultaydan sonra təşkilatın rəhbər heyətini formalaşdırmaq idi. Demək olar ki, bu proses çox uğurla həyata keçirildi”.
Cəbhəçilər Nurəddin Məmmədlini baykot edir
Fakt ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti AXCP-yə Ali Məclisin toplantısının keçirilməsi üçün yer ayırsa da, Ə.Kərimli özünə yeni təyin etdiyi müavini Kamil Vəlinin bağ evində toplantını keçirib, əgər ona ciddi toplantı demək mümkündürsə. Əvvəla ona görə ki, toplantıda məclis üzvlüyünə namizədlər tam şəkildə iştirak etməyiblər. İkincisi, say komissiyası yaradılmayıb. Üçüncüsü, müavinlər və Ali Məclis üzvləri Ə.Kərimlinin əvvəlcədən müəyyənləşdirdiyi siyahı üzrə keçirilib. Əsas iddialılardan olan Yadigar Sadıqov, Sahib Kərimli, Aydın Əliyev və digərləri toplantıya dəvət olunmayıblar. Bu da ondan xəbər verir ki, Ə.Kərimli narazı şəxsləri əvvəlcədən neytrallaşdırmağı bacarıb. Əgər partiya daxilindəki narazı müxaliflər Məclisin toplantısına dəvət olunsaydılar, Ə.Kərimli heç də asanlıqla istəyini həyata keçirə bilməzdi. Yəni, ona dirəniş göstəriləcəkdilər. Bu olmadığından rüsvayçı qurultaydan sonra Ali Məclisin ilk toplantısı qeyri-demokratik, partiyanın əsasnaməsinə zidd, eyni zamanda, “Siyasi partiyalar haqqında qanunun” tələblərinin kobud şəkildə pozulması ilə keçirilib. Ə.Kərimli gözlənildiyi kimi nəinki AXCP-də, ümumilikdə müxalifət düşərgəsində lağ obyekti olan və “iki dəfə Azərbaycan professoru” olaraq təqdim olunan Nurəddin Məmmədlini yenidən AXCP Ali Məclisin sədri təyin edilib. Bu təyinat AXCP daxilində bomba effekti yaradıb. Hər kəs sosial şəbəkələrdə Ə.Kərimlinin təyinatını kəsgin tənqid, edib onu N.Məmmədli kimi bivecin məclis sədri təyin etməsini cəbhəçilərə hörmətsizlik kimi dəyərləndirirlər.
İ.Hüseynli Ə.Kərimlini peşman etmək üçün mübarizəyə başlayacaq
Bəziləri belə bir fikir qeyd edirlər ki, N.Məmmədiliyə qarşı total hücumların arxasında AXCP-dəki trol dəstəsinin rəhbəri İlham Hüseynlinin və “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylinin dayandığını qeyd edirlər. Hər iki trol Ali Məclis sədrliyinə iddialı idilər və bu yöndə özlərinin təbliğatlarını aparırdılar. G.Hacıbəyli ilə müqayisədə trolbaşı İ.Hüseynli özünü məclis sədrliyinə daha şanslı hesab edirdi. Çünki G.Hacıbəyli AXCP üzvü deyildi, ikincisi isə cəbhəçilərin böyük əksəriyyəti G.Hacıbəyliyə inanmır və hələ də onu qazan dibi yalayan məxluq hesab edirlər. İ.Hüseynli isə trolbaş olduğundan və hər zaman Ə.Kərimlinin tapşırıqlarını yerinə yetirdiyindən məclis sədri ola biləcəyini ehtimal edirdi. Lakin Ə.Kərimli onun arzusunu ürəyində qoydu və iki dəfə Azərbaycan professoru N.Məmmədlini məclis sədri təyin etdi. Təbii ki, gözləmədiyi şapalağın şokundan İ.Hüseynli uzun müddət özünə gələ bilməyəcək. Lakin günün birində ayılacaq və təhqirə cavab olaraq Ə.Kərimlini peşman etmək üçün mübarizəyə başlayacaq. AXCP Rəyasət Heyətinə və Məclis üzvlüyünə seçilə bilməyənlər də trolbaşı İ.Hüseynin dəstəsinə qoşularaq Ə.Kərimlini zərərsizləşdirmək üçün fəaliyyətə başlayacaqlar. Bütün bunlar isə AXCP-də yeni və həlledici qarşıdurmanın baş verəcəyindən xəbər verir.
İ.ƏLİYEV