PDF Oxu

Siyasət

  • 3 575

Ölkənin ərzaq təhlükəsizliyi onun siyasi və iqtisadi təhlükəsizliyinin qarantıdır TƏHLİL

Ölkənin ərzaq təhlükəsizliyi onun siyasi və iqtisadi təhlükəsizliyinin qarantıdır TƏHLİL

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar kursu bu gün bütün sahələrdə müsbət nəticələrini verməkdədir. Ulu öndərimizin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan keçmiş İttifaqın kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalarından birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Müstəqillik əldə etdiyimiz ilk illərdən ümummilli liderimiz Heydər Əliyevin müdrik uzaqgörənliyi, bilavasitə şəxsi təşəbbüsü ilə ölkə iqtisadiyyatının bütün sahələri ilə yanaşı kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də mühüm və təxirəsalınmaz proqram və layihələr işlənib həyata keçirilməyə başladı. Öncə 18 oktyabr 1995-ci ildə “Aqrar islahatı haqqında”, 1996-cı il oktyabr ayının 16-da isə “Torpaq islahatı haqqında” qanunlar imzalandı. Beləliklə, ölkədə kolxoz-sovxoz quruluşu ləğv edildi. Həmin tarixdən Azərbaycan kəndlisi torpaq mülkiyyətçisinə çevrilməklə, öz pay torpağının tam hüquqlu sahibi oldu. Eyni zamanda, şəxsi torpaq sahəsində özü üçün sərfəli və gəlirli məhsul əkib-becərməkdə tamamilə sərbəstlik qazandı. 1996-cı ildən beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsinə başlanan ərzaq proqramı kənd təsərrüfatının davamlı inkişafı və yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin uzunmüddətli təkmilləşdirilməsinə yönəldi. Bunun ardınca qanunvericilik sahəsində atılan yeni addımlar ərzaq təhlükəsizliyinin təminatı istiqamətində növbəti tədbirlərdən oldu. 2001-ci ildə isə ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın təsdiq edilməsi göstərilən sahə üzrə yeni nailiyyətlərin əldə olunmasına mühüm töhfə verdi. Məhz həmin proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmağa başladı. Bu Proqram çərçivəsində görülmüş işlər respublikamızda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırdı. Ulu öndərin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, «Hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”. Ölkədəki mövcud potensial bu strategiyanın reallaşdırılmasına tam təminat verir.

Dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi, iqtisadi, sosial texnologiyalar qeyd edilən hədəflərə xidmət etməklə öz bəhrəsini verməkdədir. Göründüyü kimi, cari ilin iyunun 6-da Prezident İlham Əliyev rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının açılışı bir daha ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsini və aqrar sahənin dinamik inkişafının uğurlu göstəricisidir. Qeyd edək ki, bu gün hər bir vətəndaşın mənafeyi əsas tutulmaqla gerçəkləşdirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakın səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, sahibkarlığın formalaşması və inkişafına yönəlmişdir. Və bu kursu keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə, qanunvericilik bazası möhkəmləndirilmiş, fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsidir ki, indi kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatmışdır. Belə ki, Prezident İlham Əliyevin «Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında» imzaladığı Fərmanı dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısının göstəricisidir. Dövlət başçımızın imzaladığı Fərmanda deyilir: «Ötən dövrdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir". Həmçinin, Fərmanda qeyd olunur ki, rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi məqsədi ilə bu Fərman qəbul olunub.

2022-Cİ İLDƏ AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALININ HƏCMİNİN 3,4 FAİZ ARTIB VƏ BU ARTIM DİNAMİKASI 2023-CÜ İLİN İLK DÖRD AYINDA DA QORUNUB SAXLANILIB

Qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, aqrar sığorta mexanizminin tətbiqi aqrar sahənin dinamik inkişafına müsbət təsirini göstərir. Bunun nəticəsidir ki, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,4 faiz artıb. Artım dinamikası 2023-cü ilin ilk dörd ayında da qorunub saxlanılıb. Həmin müddətdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım qeydə alınıb. Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi, aqrar sahədə rəqəmsallaşma səviyyəsinin ildən-ilə artmasını təmin edir. Aqrar sahəyə dair müasir innovasiyalar və texnologiyalara, texnoloji yeniliklərə, kənd təsərrüfatı texnikasına, damazlıq heyvanlara əlçatanlığın təmin edilməsi, gübrə bazarının liberallaşdırılması sağlam rəqabət mühitinin formalaşmasına səbəb olub. Məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixrac potensialını yüksəldib. Belə ki, ötən il ölkəmizdən xarici bazarlara 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. İxracın həcmi əvvəlki illə müqayisədə 1 faiz artıb.Biru gün aqrar sektorda aparılan islahatların əsas məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, onların rəqabət qabiliyyətinin yüksəldilməsi, ekosistemin qorunması, torpaq və su resurslarından daha rasional istifadə edilməsi, son nəticə etibarilə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Belə ki, mütəxəssislərin sözlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında imzaladığı sərəncam ölkəmizin qarşıdakı 10 il ərzində keyfiyyət etibarilə daha yüksək səviyyəyə çıxması üçün geniş imkan açmışdır. Onların fikrincə, milli prioritetlər dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Bu, ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə risklərin azalmasına, sahələrin sürətli inkişafına töhfə verəcək. Sənəddə digər sahələr kimi, aqrar sektorun da hərtərəfli inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Belə ki, bu gün ölkənin iqtisadi göstəricilərinə diqqət yetirsək o zaman Azərbaycanda ərzaq məhsullarının bahalaşması prosesinə qlobal iqtisadiyyatda gedən proseslərin məntiqi nəticəsi kimi baxmaq lazımdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meylləri davam etdirilmiş, pandemiyanın milli iqtisadiyyata neqativ təsirləri minimuma endirilmişdir. 2021-ci ilin makroiqtisadi göstəricilərini yuxarıda deyilənlərin təsdiqidir. Belə ki, ümumi daxili məhsulun 5,6% artmışdır ki, onun həcmi də 92,8 mlrd. manat təşkil edir. Həmçinin, qeyri-neft sektoru üzrə artım 7,2% olmuş, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artmışdır. Ölkənin strateji valyuta ehtiyatlarının 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötdüyü və xarici dövlət borcunu 6 dəfədən çox üstələdiyi bildirildi. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur. Qeyd olundu ki, bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil etmişdir. İnflyasiyanın illik səviyyəsi 12% olmuşdur.Məhz ötən ilin uğurları 2023-cü ilin ilk dörd ayında da qorunub saxlanılıb. Belə ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5865,2 milyon manat təşkil edib. Bu göstəricinin 2897 milyon manatı heyvandarlıq, 2968,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,7%, bitkiçilik məhsulları üzrə isə 3% artıb.

BİZ BUĞDADAN BAŞQA DİGƏR ƏSAS ƏRZAQ MƏHSULLARI İLƏ ÖZÜMÜZ-ÖZÜMÜZÜ TƏMİN ETMƏLİYİK, MƏN BUNA İNANIRAM

Sözsüz ki, etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Dövlət başçısı bütün çıxışlarında ərzaq təhlükəsizliyinin prioritet olduğunu bildirir və bu sahənin daima diqqət mərkəzində olduğunu vurğulayır. Belə ki, Prezident İlham Əliyevin sədrliyi ilə rayonlarda respublika müşavirələrində də bildirmişdir ki, ərzaq təhlükəsizliyi prioritet məsələlərdəndir və bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir: «Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq-qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxarıla biləcək məhsullara da diqqət yetirilməlidir».

Fəxrlə demək lazımdır ki, hazırda ölkəmizdə aqrar sahə özünün dinamik inkişafı ilə zamanın çağırışlara cavab verərək, keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu böyük uğur, ilk növbədə, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin kənd təsərrüfatına, bu sahədə çalışan bütün zəhmətsevər fədakar insanlara göstərdiyi, bir an belə azalmayan diqqət və qayğı sayəsində mümkün olub. Sözsüz ki, ən çox ehtiyacımız olan taxıl məhsuludur. Prezident İlham Əliyev çıxışlarında da ən vacib məsələ - ölkənin taxıla olan tələbatın ödənilməsinə böyük önəm verərəkən bildirmişdir: «Ona görə hər kəs bu real vəziyyəti görməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən ki, kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik, mən buna inanıram».

Dövlət başçısı bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 ton olduğunu deyib: «Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik".

ƏN ƏSAS MƏSƏLƏ AZAD EDİLMİŞ TORPAQLARDA BİZİM KƏND TƏSƏRRÜFATI İLƏ BAĞLI ÇOX BÖYÜK PLANLARIMIZ VAR

Bu gün işğaldan azad edilmiş torpaqlarda böyük quruculuq-bərpa işləri gedir. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. İqtisadçıların fikirlərinə görə, işğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafı, təşviqedici tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Füzuli rayonu işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayon idi. Həm üzüm, həm taxıl, həm də pambıq istehsalına görə 80-ci illərdə respublikanın öndə gedən rayonlarından idi. Eyni tendensiya Cəbrayıl və Zəngilan rayonlarında da müşahidə edilirdi. Bu ərazilərin əksər torpaqları məhsuldardır. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. İşğaldan azad olunan rayonlar növbəti mərhələdə Azərbaycan iqtisadiyyatına, xüsusən də ölkənin ərzaq təminatına və ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək. Çünki vaxtı ilə işğal olunmuş ərazilər Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Bütün bu uğurlu işlər dövlət başçısının söylədiyi kimi, son illərdə ərzaq təhlükəsizliyi istiqamətində bir çox işlər görüldüyünü qeyd edərkən bildirib ki, ən əsas məsələ azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var: «Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir".

Bir sözlə, torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması reallaşacaq. Həmçinin, azad edilən torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün yararlanmaqla, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Belə ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq hazırda işğaldan azad edilən ərazilər üzrə Strateji Fəaliyyət Planı, habelə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanır və bütün ərazilərin, habelə şəhərlərin bərpasının vahid konsepsiya əsasında həyata keçiriləcəyi planlaşdırılır. Həmçinin, işğaldan azad edilən ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq. Həmin torpaqlarda heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişafı diqqətdə saxlanılacaq.Bir sözlə, bu gün işğaldan azad edilmiş ərazilərdə aqrar inkişafın yeni, Azərbaycan modeli qurulur. Bu model tezliklə ölkəmizin digər regionlarında da tətbiq olunacaq. Beləliklə, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi sərəncamlar və görülən işlər əldə olunan nailiyyətləri sübut edir. Və bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da regionun, eləcə də Avropanın lider dövlətinə çevriləcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər