PDF Oxu

Siyasət

  • 3 665

Rusiyalı ekspert: “Kimsə Xankəndinin açarlarını azərbaycanlı komendanta təhvil verməlidir” - MÜSAHİBƏ

Rusiyalı ekspert: “Kimsə Xankəndinin açarlarını azərbaycanlı komendanta təhvil verməlidir” - MÜSAHİBƏ

Aleksey Naumov: “Erməni separatçıları aqoniya qarşısında son dəfə intihara cəhd edəcəklər”

Rusiya Beynəlxalq Əlaqələr Şurasının aparıcı eksperti Aleksey Naumov “Caliber” analitik mərkəzinə müsahibəsində Qarabağda gedən proseslər haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Bildiyiniz kimi, separatçı xunta Bakıdan gələn ərzaq yüklərini qəbul etməkdən imtina edib və Ağdam-Xankədi yolundan istifadənin əleyhinədir. Bu faktları necə qiymətləndirərdiniz?

- Fikrimcə, Qarabağ ermənilərinə ərzaq yardımının göstərilməsi Bakının güclü və təəccüblü hərəkətinə çevrilib, çünki bu, maddi nemətlərlə yanaşı, həm də Qarabağın Azərbaycanın əsas hissəsi ilə inteqrasiyası üçün körpü qurulmasının nümayişidir. İndi gördüyümüz isə Qarabağ ermənilərinin Bakıdan uzadılan yardım əlinə cavab olaraq təxribat törətməsidir. Konvoyların qarşısını almaq, humanitar yardımdan imtina etməklə guya Qarabağın müstəqillik hüququnu, bəzi statuslara malik olduğunu göstərməyə çalışır, halbuki hamı Qarabağın Azərbaycan olduğunu, onun Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu bilir. İndi birlik və əlaqələr qurmaq üçün bu həqiqəti dərk etmək lazımdır. Amma bu edilmədi, əksinə, biz görürük ki, Qarabağda vəziyyət münaqişənin yeni mərhələsinə yaxınlaşır, reallıqla barışmaq istəməyən separatçılar, əslində, Qarabağdakı erməni əhalisinin dinc sakinlərini girov götürürlər və onların taleyinə nəzarət edirlər.

Baxmayaraq ki, mənə elə gəlir ki, Qarabağ ermənilərinin əksəriyyəti azərbaycanlılarla dinc yaşamaq, birgə yaşamaq, Azərbaycan vətəndaşlığını almaq və inteqrasiya etmək istərdi. Ona görə də təəssüflə qeyd etmək olar ki, məsələnin yenə də Qarabağdakı separatçı əhval-ruhiyyə səbəbindən sülh yolu ilə həll şansı getdikcə azalır.

- Yerevan meriyasına seçkilər ərəfəsində Ermənistanda mövcud daxili siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Ermənistanda vəziyyət indi qeyri-sabit və gərgindir. Məsələn, Ağsaqqallar Şurasına seçkilərdə hakimiyyətin namizədi Avinyan həyasızcasına sıxışdırılır. Ajiotaj əsasən onun xeyrinədir və fəallığın az olacağı gözlənildiyi üçün onun qələbəsi qaçılmaz olacaq. O da göz qabağındadır ki, Ermənistanın siyasi sistemi dərin böhran içindədir, baxmayaraq ki, əhali öz ölkələrində siyasətə təsir etmək istəyər, lakin hakimiyyət, təbii ki, buna imkan verməyəcək. Deməli, İrəvan meriyasına seçkilər Ermənistandakı çətin daxili siyasi vəziyyəti heç bir şəkildə dəyişməyəcək.

- İrəvanın şərti sərhəddə yeni təxribatlarını nəzərə alaraq Ermənistanı Azərbaycanla yeni qarşıdurmaya hansı qüvvələr sövq edir?

- Ermənistan indi tarixi baxımdan çətin bir dövrdədir. Əslində, yalnız Azərbaycanla barışmaqla irəli gedə biləcəyini, əks halda dağılacağını dərk etmək ərəfəsindədir. Bu gün Ermənistanın söykəndiyi yer də belədir. Yəni, ya sülh və Qarabağın Azərbaycan olduğunu təkcə sözdə deyil, həm də əməldə etiraf etmək, ya da Ermənistan dövlətinin siyasi süqutu.

Təbii ki, Ermənistan cəmiyyətində reallıqla barışmağa razı olmayan, realist olmayan, erməni cəmiyyətini müharibəyə sövq edən hansısa xəyali, efemer siyasi məqsədlərə nail olmaq üçün hər şeyə hazır olan ünsürlər var. Və belə məqsədlərin irəli sürülməsində təbii ki, “artsax” sözünü işlətməkdən çəkinməyən, Azərbaycanın ərazi bütövlüyü ilə faktiki razılaşmayan Fransa kimi xarici oyunçuların razılığı mühüm rol oynayır. Bu, qondarma demokratiya və azadlıq uğrunda mübarizə şüarı altında beynəlxalq hüququ, Azərbaycanın sərhədlərinin toxunulmazlığı kimi hamılıqla qəbul edilmiş prinsipi pozan bəzi avropalı siyasətçilərin vasitəçiliyi ilə baş verir. Ümumiyyətlə, hesab edirəm ki, həm Rusiya, həm də Azərbaycan Aİ və ABŞ üçün yad ölkələrdir.

- Bəs Parisin ermənipərəst mövqeyinin arxasında, əslində, nə dayanır?

- Parisin ermənipərəst mövqeyinin arxasında təhrif olunmuş demokratiya və azadlıq ideyası, ölkələri yaxşı və pisə, şərə və xeyirə bölmək dayanır. Və bu paradiqmada onlar Azərbaycanı şər ölkə hesab edirlər... Buna uyğun olaraq, Fransa demokratik və azad olduğu iddia edilən Ermənistanı həmişə dəstəkləyəcək. Üstəlik, böyük erməni diasporunun əhəmiyyətli təsiri var. Biz başa düşürük ki, Aİ ölkələrindəki siyasətçilər daxili siyasi faktordan hədsiz dərəcədə asılıdırlar və böyük bir erməni diasporunu öz tərəflərinə çəkmək Parisdəki hakimiyyətə kömək edə bilər. Amma fakt budur ki, siyasi, diplomatik, hərbi və iqtisadi üstünlüyün Azərbaycanın tərəfində olduğunu göstərən faktları hətta Fransanın güclü dəstəyi də təkzib edə bilməyəcək.

- Sizcə, separatçı xuntanın lideri Arayik və onun bəzi əlaltılarının ölkədən getməsinə nə səbəb oldu?

- Zarafat kimi səslənəcək, amma reallıq budur ki, kimsə Xankəndinin açarlarını azərbaycanlı komendanta təhvil verməlidir və görünür, Arayik Arutyunyan bunu etmək istəmir. Ona görə də səlahiyyətlərini təhvil verdi ki, başqası bunu etsin. Yəni separatçıların hər hansı müqavimət imkanlarının tükəndiyi göz qabağındadır, ona görə də bu dözülməz formasiyanın tezliklə dağılması mümkündür.

- Yaxın vaxtlarda yeni hərbi toqquşmalar ola bilərmi?

- Təəssüf ki, bu versiyanı etiraf edirəm. Erməni separatçıları aqoniya qarşısında son dəfə intihara cəhd edəcəklər. Bu, özünü sərbəst bir qurum elan edən subyektin iflasa uğradığını və ölümünü göstərən təbii bir vəziyyətdir, hansi ki, bunun nəticəsində bütün birləşmiş və müstəqil Azərbaycanın üzərində yeni günəş doğacaq.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər