Sıravi cəbhəçilər aralarında F.Qəhrəmanlı kimi bir manyakın olmasını istəmirlər
Hazırkı məqamda AXCP təlatümlü dənizin ortasında ilişib qalan kapitansız gəmiyə bənzəyir. Düşünən beyin, vəziyyətdən çıxmağa çalışan qüvvə olmadığından gəmi dənizin dibinə getməyə hazırlaşır. Eləcə də AXCP başıpozuq dəstənin idarəetməsində olduğundan dağılmağa doğru irəliləyir. Daha doğrusu, artıq Əli Kərimlinin rəhbərlik etdiyi partiya parçalanma mərhələsini başa vuraraq dağılma dövrünə adlayıb. Yəqin ki, Ədliyyə Nazirliyi AXCP-ni təkrar qeydiyyata almaqdan imtina edəcəyi təqdirdə, partiya üzvləri başlarının çarəsinə qalmağa çalışacaqlar. Ə.Kərimlinin yanlış təbliğatına aldanıb AXCP-yə gələnlər kor-peşman geri qayıdacaqlar. Partiya funksionerləri də ümidsiz vəziyyətdədirlər. Onlar AXCP-nin perspektivinin olmadığını şüurlu surətdə anlayırlar. Lakin getmək üçün qətiyyətli addım atmağa tələsmirlər. Sadəcə, hələ ki, gözləmə mövqeyindədirlər.
Əli Kərimliyə qarşı etirazlar artır
Qeyri-müəyyənlikdən istifadə edən Ə.Kərimli müxtəlif formada özünəbəraət açıqlamaları verir, təyinatlar aparır, yığıncaqlar, tədbirlər təşkil edir. Bu kimi şou xarakterli məsələlər çamadan ovqatında olan funksionerləri və sıravi üzvləri sakitləşdirməsə də, narazılığın genişlənməsinin qarşısını qismən də olsa almaqdadır. Lakin Kamil Vəlinin bağ evində keçirilən Ali Məclisin toplantısında verilən qərarlar, aparılan təyinatlar sanki yanan ocağın üzərinə benzin tökmək effekti verib. Çünki əksər sıravi üzvlər yeni təyinatları qəbul etmir və açıq şəkildə Ə.Kərimlinin qərarına qarşı çıxırlar. Xüsusilə də, iki dəfə Azərbaycan professoru kimi təqdim edilib lağa qoyulan Nurəddin Məmmədlinin Ali Məclisin sədri təyin edilməsi və ailəsinə qarşı zorakılıq etməsi ilə özünə qarşı ictimai narazılıq yaratmış Fuad Qəhrəmanlının müavin təyin edilməsi daha çox hiddətə və qəzəbə səbəb olub. Sıravi cəbhəçilər sosial şəbəkələrdə paylaşımlarında F.Qəhrəmanlının sədr müavini təyin edilməsinə sərt şəkildə etirazlarını bildirirlər. Qeyd edirlər ki, Ə.Kərimli F.Qəhrəmanlı kimi ləkəli birini AXCP sədr müavini təyin etməklə ailə institutuna qarşı hörmətsizlik etmiş oldu.
İctimaiyyət sadist Fuad Qəhrəmanlının zorakı əməllərini unutmayıb
Ə.Kərimli düşünür ki, ictimaiyyət sadist Fuad Qəhrəmanlının zorakı əməllərini unudub. Axı hər kəs bilir ki, 2019-cu ildə Zümrüd Yağmur və qızı Fuad Qəhrəmanlının ailə cinayətlərini, məişət zorakılğını ictimailəşdirmişdilər. İctimai təpkidən sonra Fuad Qəhrəmanlı istefa vermək məcburiyyətində qalmışdı. Bəs görəsən nə dəyişib ki, Əli Kərimli sadisti yenidən müavin təyin etdirdi? Bununla Əli Kərimli nə demək istəyir? O zaman bütün feministlər, müxalif cameə etiraz bildirmişdilər. Bəs indi necə, susacaqlarmı? Sadist birisinin müdafiəsinə görə Əli Kərimliyə təpki verəcəklərmi? Məgər imkan veriləcəkmi ki, qadın hüquqlarına hörmət etməyən biri yenidən səlahiyyət sahibi olsun? Xatırlatmaq lazımdır ki, Fuad Qəhrəmanlıya ailə üzvləri Selcan, Sənay və Zümrüd Yağmura qarşı zorakılıq törətmişdir. Məsələ ilə bağlı Selcan Yağmur və Zümrüd Yağmur sosial şəbəkədə status paylaşıb, ictimaiyyətdən kömək istədiklərindən sonra prokurorluq cinayət işi açaraq araşdırmalara başlamışdır. Zümrüd Yağmur “YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib. Prokurorluq araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış keçirib. Bundan sonra müəyyən edilib ki, Sənay Yağmur 6 yaşı olanda, 2010-cu ilin yanvarında sağ diz nahiyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, ona tibbi yardım göstərilib. 2018-ci ilin sentyabrında sağ dizinin müayinəsi üçün yenidən müraciət edib.
Bir sözlə, görünən ondan ibarətdir ki, ailəsinə qarşı zorakılıq edən F.Qəhrəmanlı indi olub AXCP sədrinin müavini. Nədi-nədi o, Ə.Kərimlinin demək istədiyi təhqirləri səsləndirə bilir, yalanlarını dilə gətirməyi bacarır, insanlar haqqında şər və böhtanlar səsləndirməkdə peşəkardır. Ancaq sıravi cəbhəçilərin yeni təyinatla razılaşmayacaqları şübhəsizdir. Çünki sıravi cəbhəçilər aralarında F.Qəhrəmanlı kimi bir manyakın olmasını istəmirlər. İstəmirlər ki, kənardan onların fəaliyyətini izləyənlər “sizin sədr müavininiz sadistdir” deyib onları qınasınlar. Bu baxımdan, etirazlar əsaslı və ədalətlidir. Nəticənin necə olacağını isə yaxın günlərdə aydınlaşdırmaq mümkün olacaq. Hər halda daxili qarşıdurma AXCP-nin dağılmasını tezləşdirə bilər.
İ.ƏLİYEV