İnsan insanın pisliyini istəyə bilməz. O ki ola eyni millətin nümayəndəsi olasan və eyni dövlətdə yaşayıb, eyni havanı udasan. Lakin burada istisnalar təşkil edir. Ən azı Vətənini satıb, xalqına ağır iztirablar və faciələr yaşadanlar cəzasız qala bilməzlər. Qanuna zidd əməllər törədənlərin də bağışlanması mümkünsüzdür. Sadəcə, onlara münasibətdə tərəddüdlər, ehtiyatlı davranışlar mövcuddur. Təəssüf ki, bəzən elə insanlar olur ki, cinayət törədir, qanunsuzluqlara yol verir, başlayır özü və ətrafı hay-küy qaldırmağa. Xüsusilə də, siyasi düşərgənin ləkələnmiş məxluqları olan dağıdıcı müxalif ünsürlər törətdikləri cinayət əməlinə görə, həbs olunarkən vay-şüvən qoparıb, beynəlxalq təşkilatlara donoslar yazır, adamları sosial şəbəkələrdə dövlət qurumlarına qarşı əsassız ittihamlar irəli sürürlər. Kimsə deyə bilməz ki, filan müxalifətçi həbs olunarkən susub, məhkəmə prosesini gözləyib. Yoxdur belə bir fakt. Həbs olunub haqqında ittiham irəli sürüldüyü andan jantaj, əsassız ittihamlar, beynəlxalq təşkilatlara yazışmalar, ölkə daxilində şou xarakterli təbliğatlar aparılıb. Düşünürlər ki, bununla hüquq-mühafizə orqanlarına təzyiq edəcək və həbs olunan şəxsin azadlığa çıxmasına nail olacaqlar. Anlamırlar “qanun şahdır, şah qanun deyil” məsəlinə uyğun olaraq heç kəs qanundan üstün ola bilməz. Cinayət törətmisənsə, mütləq cəzasını çəkməlisən.
Qubad İbadoğlunu bədbəxt edənlərdən biri də Tofiq Yaqubludur
Gününü ABŞ-da keçirib, dövranını Avropada sürən Qubad İbadoğlu Bakıya saxta pul gətirib yaymağa çalışarkən həbs olundu. Həbs xəbərini eşidər-eşitməz Q.İbadoğlunun öldüsündən-qaldısından məlumatı olmayanlar başladılar dezinformasiya xarakterli məlumatlar yaymağa, şər və böhtan xarakterli ittihamlar səsləndirməyə. Əsasən də, dağıdıcı müxalifətin xarici maraqlı dairələrdən qidalanan məxluqları ənənəvi amplualarına uyğun mövqe sərgiləyirlər. Cəmil Həsənli, Əli Kərimli şayiə yayırlar ki, Q.İbadoğlu İngiltərənin və ABŞ-ın filan universitetinin müəllimidir ona azadlıq düşür. T.Yaqublu, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı isə iddia edilər ki, Q.İbadoğlu xəstə olduğu üçün azad edilməlidir. Digər trollar isə sosial şəbəkələrdəki paylaşımlarında qeyd edirlər ki, guya Q.İbadoğlunun azad edilməsini tanınmış konqresmenlər, senatorlar istəyirlər. Məsələn, AXCP sədri Əli Kərimlinin trol dəstəsinin fəal üzvlərindən olan Əfqan Muxtarlı sosial şəbəkə hesabında yazıb ki, guya Qubad İbadoğlu ABŞ Konqresinin Azadlıqların Müdafiə Komitəsi tərəfindən müdafiə olunacaq: “Konqresmen Chris Smith birbaşa Qubad bəyin müdafiəsinə məsul şəxsdir. Bu proqram əvvəl tanınmış jurnalist Xədicə İsmaila tətbiq edilib və Chris Smith Xədicə xanımı müdafiə edib. Qubad bəyin müdafiəsi baxımından çox müsbət haldır və əminəm ki, tezliklə nəticəsini görəcəyik. Bu, yalnız Qubad bəyin müdafiəsi ilə məhdudlaşmayacaq, Azərbaycanda digər siyasi məhbusların məsələsini, azadlıqların məhdudlaşdırılması, mətbuata basqılar, qəbul edilən mürtəce qanunlar gündəmə gələcək”.
Yanlış tərifləri, ağılsız bər-bəzəkli sözləri ilə Q.İbadoğlunun evini yıxan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu isə uydurma məlumat yayaraq bildirib ki, tezliklə ABŞ Konqresinin İnsan hüquqları komissiyası Qubad İbadoğlunun həbsi ilə bağlı dinləmələr təşkil edəcək: “Məruzəçi respublikaçı məşhur Kris Smitdir. Bu arada daha üç konqresmen Qubad bəyin müdafiəsinə qoşuldular. Tərsliyə son verilməli və nə qədər ki gec deyil, Qubad bəy azad edilməlidir”.
Əli Kərimli yeni trol dəstəsi yaradır
Q. İbadoğlunun həbsi ətrafında özlərinin ucuz təbliğatını qurmağa çalışan dağıdıcı müxaliflər yeni-yeni şər taktikası seçməklə mübarizə hədəflərinin effektini artırmağa çalışırlar. AXCP sədri Əli Kərimli Ali Məclisin rüsvayçı toplantısından sonra sosial şəbəkələrdə çalışacaq trolların sayının artırılması barədə qərar qəbul edib. Dəyişikliklər də həyata keçirib. Son vaxtlara qədər trolbaşı funksiyasını yerinə yetirən AXCP Rəyasət Heyətinin üzvü İlham İsmayılı müavini Seymur Həzi əvəz edib. Nəzarəti isə AXCP sədr müavini Fuad Qəhrəmanlı həyat keçirəcək. Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Əfqan Muxtarlı və digərləri Ə.Kərimlinin trol dəstəsinə yardımçı olacaq. Trolların maliyyə problemlərinin həll edilməsi üçün Ə.Kərimli bir sıra xarici maraqlı dairələrlə danışıqlar aparır. Bütün bu “fədakar”lıqlar isə onu deməyə əsas verir ki, Ə.Kərimli siyasi fəaliyyətinin nəticəsiz qaldığını anlayır. Yəni başa düşür ki, cəmiyyət onu qəbul etmir. Bu baxımdan, bütün gücünü sosial şəbəkələrdə ictimai rəyi çaşdırmağa xidmət edən statusların sayının və əhatə dairəsinin artırılmasına yönəldib. Əminliklə demək olar ki, bu taktika Ə.Kərimlinin uzağa hesablanan maraqlarının təmin olunmasına imkan verməyəcək. Çünki nəhayətdə trollar yanlış yolda olduqlarını başa düşəcək və Ə.Kərimli ilə əlaqələrini kəsəcəklər.
İ.ƏLİYEV