Rusiya politoloqları İrəvanı hədəfə aldı
"Ermənistan Qərblə oynayır və fikirləşir ki, Qərbin köməyi ilə İkinci Qarabağ müharibəsindən sonra yaranmış şərtləri üstələmək mümkün olar. Müqaviləni ləğv etmək istəyir. Ona görə də Ermənistan Azərbaycana beynəlxalq təzyiqləri artırmaq üçün əlavə olaraq “təhlükəsiz oynamaq” və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu mexanizmindən istifadə etmək qərarına gəlib".
Bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert Vitali Arkov deyib. O qeyd edib ki, İrəvan odla oynayır: "Qarşılarına utopik məqsədlər qoyurlar, Qarabağın bir hissəsini Ermənistana saxlamaq istəyirlər. Amma finalda Qarabağı tamamilə itirəcəklər, Ermənistanın buna necə yaxınlaşdığını görürük”.
Paşinyan Qarabağda rusların əvəzinə fransız sülhməramlıları görmək istərdi, amma...
Ekspertin fikrincə, Paşinyanın anti-Rusiya bəyanatlarında məqsəd Qərblə eyni oyundur: "Aydın məsələdir ki, Paşinyan Qarabağda rusların əvəzinə fransız sülhməramlıları görmək istərdi, amma cənab Əliyevə orada onlar lazım deyil. Yeri gəlmişkən, radikal separatçılarla sülhməramlılar arasında toqquşmalar Paşinyanın vəziyyətə nəzarət etmədiyinin, Qarabağda Rusiyaya qarşı təxribatlar təşkil etməyə meyilli qüvvələrin çox olduğunun göstəricisidir. Qalmaqallı insident zamanı Rusiya sülhməramlıları təmkinli davrandılar ki, ermənilər bunu manipulyasiya edib hadisəni Qarabağın mülki əhalisinə hücum kimi şərh etməyə imkan tapmasınlar”.
Qarabağ ermənilərinə xüsusi imtiyazlar verilməməlidir
"Qarabağ məsələsi ilə bağlı Bakıya o qədər də böyük təzyiq yoxdur və olmayacaq”. Bu fikirləri isə rusiyalı politoloq Sergey Markedonov deyib. O bildirib ki, vəziyyət kifayət qədər aydındır, Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb, amma qeyd edib ki, Qarabağın erməni əhalisinin təhlükəsizliyi beynəlxalq təminatlarla təmin olunarsa, buna hazırdır: "Bu isə Azərbaycan üçün çox da məqbul deyil. Azərbaycan ərazi bütövlüyünün mütləq bərpası prosesini sürətləndirmək istəyir, bu çərçivədə Qarabağ ermənilərinə xüsusi imtiyazlar verilməməlidir”.
Markedonov bildirib ki, 44 günlük müharibədən sonra Bakı “muxtariyyət statusu”nu da gündəmdən çıxarıb: “Rəsmi Bakının nümayəndələri dəfələrlə xüsusi statusun olmayacağını, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildiriblər.
Rusiyalı ekspertə görə, 44 günlük müharibədən sonra Bakı “muxtariyyət statusu”nu da gündəmdən çıxarıb: “Rəsmi Bakının nümayəndələri dəfələrlə xüsusi statusun olmayacağını, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildiriblər”.
Türkiyə-Azərbaycan tandemi də Qərblə münaqişə kontekstində Moskva üçün önəmlidir
Onun sözlərinə görə, vaxtilə ermənilər öz şərtlərini diktə etməyə çalışırdılar, indi isə başqa vəziyyət yaranıb. Markedonov öz ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycana beynəlxalq təzyiqin olmadığını söyləyib: “İndi çoxları müxtəlif səbəblərdən Azərbaycanla maraqlanır. Türkiyə-Azərbaycan tandemi də Qərblə münaqişə kontekstində Moskva üçün önəmlidir, ona görə də Moskva Bakını çox narahat etmək istəmir. Avropa Birliyi üçün Azərbaycanın imkanları və resursları Rusiya ilə pozulmuş enerji müqavilələrini kompensasiya edir. ABŞ üçün isə Azərbaycan İslam dünyasında mühüm müttəfiqdir. Ona görə də Bakıya o qədər də böyük təzyiq yoxdur və olmayacaq. Üstəlik, ATƏT-in Minsk qrupu il yarıma yaxındır ki, fəaliyyət göstərmir. Çünki dünənki həmsədrlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsini bu gün rəqabət sahəsi hesab edirlər”.
Rusiyalı politoloq sonda vurğulayıb ki, Ermənistanda Azərbaycana qarşı etiraz potensialı o qədər də böyük deyil. Markedonov Ermənistanın mövcud durumla barışmağa məcbur olacağını istisna etmir və qeyd edir ki, İrəvanın seçim şansı yoxdur.
Afət Tahirqızı