Prezident İlham Əliyevin Sərəncamına əsasən, Yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20,0 (iyirmi) milyon manat ayrılıb
Daim inkişaf edən dünyamızda texnologiyalar təkmilləşir, yenilənir. Görülən işlərin hər biri insanların rahat, firavan, sağlam həyat sürməsinə yönəldilib. Azərbaycanda yol infrastrukturuna ayrılan diqqət ölkəmizə müasir görkəm verməklə yanaşı, üzləşdiyimiz nəqliyyat axınında sıxlığın azaldılmasında da mühüm rol oynayır. Beynəlxalq tələblər səviyyəsində qurulan yollar, inşa olunan yeni körpülər, tunellər əlbəttə ki, piyadaların və sürücülərin rahat hərəkətində önəmli faktordur. Bu gün avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması prioritet vəzifələrdəndir. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. Əhalinin ən çox sıxlaşdığı yerlərdə yol çəkilişləri geniş vüsət alır. Bu layihələrin icrası insanların rifahının yaxşılaşdarılması məqsədilə həyata keçirilir. Azərbaycan Prezidentinin çıxışlarının birində bildirdiyi kimi, "Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması mühüm yer tutur. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək". Qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir.
Yol infrastrukturu ilə bağlı Cənab Prezidentin imzaladığı sərəncamlar diqqət çəkəndir. Azərbaycan Prezidenti İlham Əliyev "Ağstafa rayonunun Ağstafa -Poylu - Gürcüstanla dövlət sərhədi (11 km) – Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdır. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa –Poylu –Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Dövlət başçısının digər Sərəncamı ilə dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad – Genişkənd avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Daha sonra dövlət başçısının "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Görülən işlərin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev "Abşeron rayonunun Bakı – Şamaxı –Yevlax (18 km) – Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, Bakı – Şamaxı – Yevlax (18 km) –Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Bakı şəhərinin ərazisində də avtomobil yollarının çəkilməsi istiqamətində əsaslı tədbirlər görülüb. O cümlədən, Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncamı bu sahəyə ayrılan diqqətin nümunəsidir. Göründüyü kimi, ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulur ki, bu da ölkəmizin getdikcə artan iqtisadi gücünün göstəricisidir.
İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİMİZDƏ MÜASİR YOLLAR SALINACAQ
Bu gün işğaldan azad olnumuş ərazilərimizə Azərbaycan Prezidenti xüsusi diqqət ayırır. 2020-ci il ikinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkilir. Son vaxtlar aparılan yol-tikinti, təmir və yenidənqurma işlərinin sürəti, yüksək keyfiyyət göstəricisi respublikada avtomobil yolları şəbəkəsinin Avropa standartları səviyyəsinə qalxmasına güclü təkan vermişdir. İşğaldan azad edilmiş ərazilərin dəmir yolunda da hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilmiş konkret tədbirlər müsbət nəticə verməkdədir.
Beynəlxalq nəqliyyat sisteminə qoşulmaqla avtomobil nəqliyyatının fəaliyyət dairəsi xeyli genişləndi. Bu da iqtisadiyyatın inkişafına, xarici iqtisadi əlaqələrin artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsinə kömək etmiş oldu. Artıq başqa nəqliyyat sahələrində olduğu kimi, avtomobil nəqliyyatı vasitəsilə də Respublikamız Avropa, Mərkəzi Asiya və Rusiya ilə Yaxın şərq ölkələri arasında dəhliz rolunu oynayır. Görülən işlərin davamı olaraq, bu günlərdə Prezident İlham Əliyev Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Xudafərin ‒ Qubadlı ‒ Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası regionların davamlı sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr verir. Bu kontekstdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları çərçivəsində görülən işlər bölgələrin tarazlı inkişafını şərtləndirir. Son illər yeni yolların çəkilməsi, köhnə yol-nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Çünki hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, Müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də yeni həyatın başlanğıcı deməkdir.
Zümrüd BAYRAMOVA