PREZİDENT İLHAM ƏLİYEV Ermənistana və havadarlarına bu xəbərdarlıqdan nəticə çıxarmağı tövsiyə etdi
Heç kəsə sirr deyil ki, Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirib, Azərbaycan xalqı erməni millətçiləri tərəfindən soyqırımına və etnik təmizləmələrə məruz qalıb. Azərbaycan 2020-ci ildə, 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, ordusunun darmadağın edilməsi və fiaskosu ilə başa çatdı. Buna rəğmən, müharibənin nəticələrindən dərs almayan Ermənistan rəhbərliyi aqressiya və radikalizmi davam etdirir, təxribatlarına son qoymaq əvəzinə vəziyyəti qəsdən gərginləşdirir. Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan ermənilərə yardım etməsini qəbul edə bilməyən Ermənistan öz kinini, nifrətini terror gücü ilə qusmağa çalışır. Lakin dövr o dövr deyil. Artıq dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərinə açıq gözlə baxmağa başlayıblar. Ermənistanın təxribatları heç bir nəticə verməyəcək. İrəvanın sülhə getməkdən başqa yolu yoxdur. Əks halda Azərbaycanın Güclü, Qalib Lideri, Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir Yumruğ» siyasətinə daima hazır olan Yenilməz Ordusu var! Qazanılan Zəfər təkcə silahın gücü deyil, Prezidentin, millətin liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi idi. Və Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması, əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.
PREZİDENT İLHAM “EURONEWS”A VERDİYİ MÜSAHİBƏ ERMƏNİSTAN RƏHBƏRLİYİ, İSTƏRSƏ DƏ QƏRB DÖVLƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ TƏRƏFİNDƏN SƏSLƏNDİRİLƏN QEYRİ-ADEKVAT AÇIQLAMALARA TUTARLI CAVABI
Bəli, Prezident İlham Əliyevin “Euronews” televiziyasında yayımlanan müsahibəsi həm informasiya yükü, həm də yeni mesajlar baxımından zəngin olmaqla yanaşı, həm də istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavabdır. Prezident qonşularımızla formalaşan münasibətlərə də toxunaraq hələ ki, yek və ilk olaraq imzalanmış atəşkəs sazişinin, yəni, 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi Rusiya Federasiyasının Cənubi Qafqazda sülhün təmin olunmasında rolundan danışıb, məhz Rusiya-Ukrayna müharibəsindən sonra Birləşmiş Ştatların və Avropa İttifaqının fəallaşdığını qeyd edib. Və iki ölkə arasında razılaşmanın əldə edilməsinə, sülh müqaviləsinin imzalanmasına mane olan amilləri göstərib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin manevrləri, xarici güc mərkəzlərinin prosesə neqativ təsirləri detallı şəkildə təsvir edilir. Həmçinin beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin kökündə dayanan “erməni separatizmi”nə ikili standartlarla yanaşmaları tənqid olunub.Belə olan halda…
""DƏMİR YUMRUQ" YERİNDƏDİR!"
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman vurğulayır ki, «Dəmir yumruq" yerindədir. Və bu gün ermənilər bəzi xarici ölkələrdən dəstək görürlər. Bu ölkələr arasında aparıcı rolu oynayan Fransadır. Ermənistan düşünür ki, bu məsələni uzatmaq olacaq. Lakin onlar qəbul etməlidir ki, dünya dəyişilib. Dünyada yeni geopolitik siyasət həyata keçirilir. Bugünkü gündə Azərbaycanı dəstəkləyən kifayət qədər ölkə var. Onlar bu dəyişiklikləri ya görmürlər, ya da görüb həyasızcasına nəzərə almırlar. Ümumilikdə son vaxtlar Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr də onu göstərir ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün mütləq şəkildə qarşılıqlı olaraq ərazilərin tanınması prioritet olmalıdır. Bu günə kimi olan danışıqlarda Azərbaycan və Ermənistan arasında yeni proseslərlə bağlı bir sıra vacib məsələlərdə ortaq məxrəcə gəlib razılıq əldə olunmuşdu. Lakin sərhədlərin və ərazilərin hələ də qarşılıqlı olaraq tanınmaması və nəqliyyat xətlərinin açılışını nəzərdə tutan razılaşmaların hələ də baş tutmaması, sözsüz ki, Ermənistan hakimiyyətinin apardığı qeyri-konstruktiv siyasətin nəticəsidir.
Ermənistan və onun rəhbəri hələ ki, prosesi pozmaq üçün sərhəddə gərginlik yaratmaq, sərhədlərin delimitasiya və demarkasiyasına getməmək, qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımamaq və bütün bunların yekunu olaraq sülh sazişi imzalamamaq yolunu seçib. Lakin əminliklə deyə bilərik ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan Ermənistanın təxribatçı əməllərinin qarşısını qətiyyətlə alacaq və Ali Baş Komandanımızın söylədiyi kimi: ""Dəmir yumruq" yerindədir".
Bəli, və "Dəmir yumruq" yerindədir, bu sadəcə güc deyil, bu birlikdir və bu birliyin nəticəsində 44 gün davam edən əks-hücum əməliyyatları Qalib Ali Baş Komandanımız, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasətinə Müzəffər Ordumuzun igid əsgər və zabitlərinin rəşadəti ilə işğal altında olan torpaqlarımızın böyük bir hissəsini hərb yolu ilə işğaldan azad etdi, düşmənə çox ağır zərbələr vurmaqla Ermənistan kapitulyasiya oldu. Və əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı. Bir sözlə, haqq, ədalət bərpa olundu.
Bir sözlə, dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyatı ilə son qoydu. Beləliklə…
"BİZ ƏDALƏTİ GÜC HESABINA BƏRPA ETMİŞ ÖLKƏ OLARAQ YENİ SÜLH PROSESİNİN MÜƏLLİFİ OLDUQ"
"2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Azərbaycanın Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladığını və ictimaiyyət qarşısında bunu açıqladığını vurğulayan dövlətimizin başçısı bildirib: "Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq".
Göründüyü kimi, Ermənistan nə 10 noyabr bəyanatı, nə Soçi bəyanatı, nə də Brüssel bəyanatının müddəalarını yerinə yetirmir. Ermənistanın məqsədi odur ki, regionda daim “gərginlik” olduğunu göstərsin. Bütün bunlar isə nəticədə sülh və etimad mühitini təhdid edir. Ermənistanın vaxtaşırı bu cür davranışları həm də sübut edir ki, bu ölkədən vint kimi hələ də istifadə edirlər. Ermənistan müxtəlif dövlətlərin bölgədə təsir forpostudur və bu missiyadan da imtina etmək iradələri yoxdur. Belə olan halda, dövlət başçımızın söylədiyi kimi, "Dəmir yumruq" hər zaman yerindədir: ""Dəmir yumruq" hər zaman yerindədir. Əgər Ermənistan provokasiyalara davam etsə, bunun nəticələri özləri üçün dağıdıcı olacaq. Nəzərə alanda ki, Ermənistanın təxribatları təkcə Azərbaycana deyil, həm də rəsmi Moskvanın siyasi vasitəçilik imkanlarına qarşıdır, həm də Brüsseli gözdən salır, burada digər tərəflərin də üzərinə iş düşür. Bütövlükdə Ermənistanı sülhdən uzaqlaşdıran istənilən addım və təhriklər ölkəmiz tərəfindən cavabını alacaq".
Bir sözlə, Prezident İlham Əliyev “Euronews”a verdiyi mesajlar son zamanlarda istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavab olub. Dövlətimizin başçısı bu platformadan məharətlə yararlanaraq həm bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin Azərbaycanın nəzarəti altında fəaliyyətinə aydınlıq gətirib, həm də Qarabağda yaşayan ermənilərin blokadaya alınması ilə bağlı yalanları ifşa edib, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin, Azərbaycanın atdığı hər bir addımın bütün regionda, dünyada sülhün əldə olunmasına xidmət etdiyini bir daha bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev onu da xatırlatdı ki, Ermənistan rəhbərliyi indiyədək digər öhdəliklərinin icrasından yayınmağa çalışsa da, sonda onları yerinə yetirməyə məcbur olub. Bu həm də ona işarədir ki, Ermənistan bu öhdəliklərini də yerinə yetirməyə məcbur olacaq. Əlbəttə, erməni xalqı da yaxşı anlayır ki, ikinci variant onlar üçün çox ağır nəticə verəcək. Azərbaycan Prezidenti də dedi ki, Ermənistanın başqa yolu yoxdur: "Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq".
İndi söz Ermənistanındır. Bu ölkə son qərarını verməlidir, sülh, yoxsa "Dəmir yumruq"!
RƏFİQƏ KAMALQIZI