PDF Oxu

Siyasət

  • 2 538

Əli Kərimli müxalifətə də ləkədir ANALİZ

Əli Kərimli müxalifətə də ləkədir ANALİZ

Heç şübhəsiz ki, cəmiyyətin inkişafına və demokratik proseslərin sürətləndilməsinə təsir edən başlıca amillərdən biri də bütün qüvvələrin eyni mövqedən çıxış etməsi və hər bir irəli sürülən və milli maraqlara hesablanan ideyaların dəstəklənməsidir. Hazırkı məqamda Azərbaycanda monolit birlik və bərabərlik mövcuddur. 7-dən 77-ə qədər hər kəs Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Məhz bu birliyin nəticəsi olaraq Azərbaycan çox qısa müddətdə Ermənistanı məğlub edərək, işğal altındakı torpaqlarımızı azad etdi. Çox təəssüflər olsun ki, hakimiyyətlə xalq arasındakı güclü birliyə xələl gətirilməsinə cəhdlərin göstərilməsi halları mövcuddur. Lakin bu cəhdlər bütün hallarda uğursuzluğa düçar olub. Çünki siyasi cəhətdən böyük bilgilərə və məlumatlara malik olan xalqımız daxili ziddiyyətlər yaratmağa çalışanların hansı mənbədən təlimatlar aldıqlarını və məqsədlərinin nədən ibarət olduğunu anlayırlar. Bu baxımdan, məkrli xarici qüvvələrin və daxildəki sapı özümüzdən olan baltaların istək və arzuları puç olub. Bu gün də həmin qüvvələr eyni qara zolaqdadırlar. Yenə də ictimai rəyi çaşdırmağa cəhdlər göstərsələr də, peşman olub əski mövqelərinə qayıdırlar.

Gültəkin Hacıbəyli indi də Nazim Baydəmirlinin həbsindən bəhrələnməyə çalışır

Xarici maraqlı qüvvələr müxaliflərə yeni planlar əsasında pozuculuq aktları törətməyə təhrik edir, dağıdıcı ünsürlər də çarəsiz şəkildə onların tapşırıqlarını yerinə yetirlər. Sadəcə bir fərq var ki, bu dəfə küçələrdə, meydanlarda polislə qarşıdurma yaratmaqla diqqət mərkəzinə çevrilmək planından imtina edərək, daha çox təxribatlarını sosial şəbəkələr üzərindən qururlar. Bəzən də törətdikləri cinayət əməllərinə görə həbs olunan şəxslərin ətrafında yalançı şou yaratmaqla ondan bəhrələnməyə çalışırlar. Son günlər Qubad İbadoğludan istifadə olunurdusa, artıq Nazim Baydəmirlinin həbsindən də yaralanmağa çalışırlar. Bu istiqamətdə daha çox Milli Şuranın üzvü Gültəkin Hacıbəyli hay-küy qaldırır. Tam şəkildə G.Hacıbəyli ilə N. Baydamirlini hansı əlaqələr birləşdirdiyini demək çətin olsa da, yalnız ortada olan fakt ondan ibarətdir ki, heç nədən G.Hacıbəyli N.Baydəmirlini müdafiə etməz. İti tamaha, yırtıcı nəfisə malik G.Hacıbəyli pul para almasa N.Baydəmirli haqqında tərifli sözlər söyləməz. Görünür, maliyyə yardımı aldığı üçün şivən metodundan istifadə etməklə aldığını hallandırmağa çalışır: “Keçmiş həmkarım, iş adamı, iqtisadçı-ekspert Nazim Bəydəmirlinin ona qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq aclığa başlaması xəbərindən çox məyus olmuşam. Vətəninə, xalqına bağlı ləyaqətli bir ziyalıya qarşı bu davranışın adı vicdansızlıqdır.Nazim müəllim nə edib ki? "Söyüdlüdə insanları zəhərləməyin, öldürməyin" demək cinayətdirmi?! "Mən ekologiya məhbusuyam" demək suçdurmu?!Çox mənasız işlə məşğuldur iqtidar. Beş addım irəlini görsə, bütün dayaqlarını itirdiyini anlayar. Ancaq görmür və ya görmək istəmir”. Maraqlıdır ki, G.Hacıbəylinin təqdim etdiyi tezisdən AXCP sədrinin müavini Seymur Həzi, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli də geninə-boluna istifadə edirlər. Sual vermək lazımdır ki, dünənə qədər Nazim Baydəmirlini tanıyırdınızmı? Bilirsinizmi N. Baydəmirli kimdir, nəçidir? Təbii ki, G.Hacıbəyli istisna olmaqla sonuncular N.Baydəmirlinin kimliyindən xəbərsizdirlər. Əgər əyani şəkildə N.Baydəmirlini N.Məmmədliyə və S.Həziyə göstərsələr, tanımazlar. Sadəcə, onların kartlarına pul və tezis göndərilib və tapşırılıb ki, bu şəxsin piarını qurun. Təbii ki, S.Həzinin və N.Məmmədlinin boyunlarındakı ip Ə.Kərimlinin əlində olduğundan, ondan da icazə alınıb. Beləliklə, tanımadıqları şəxs haqqında şirin-şirin sözlər yazıb, tərifli ifadələr səsləndiriblər.

“Ə.Kərimlinin cinayətdən yayınmasının səbəbi onun dələduz siyasətçi olmasından irəli gəlir”

Qısaca onu qeyd etmək olar ki, bütün iyrənc və qanunaziddi hərəkələr dağıdıcı müxaliflər tərəfindən həyata keçirilir. Xüsusilə də, Ə.Kərimlinin fəaliyyəti ikrah və qəzəb doğurur. Onun dövlətçiliyə qarşı ermənipərərəst mövqeyi cəmiyyətdə haqlı narazılıqlar yaradır. Hüquq-mühafizə orqanlarının baş verənlərə seyrçi qalmaları təəccüb doğurur. Bəzən isə anlaşılmır. Necə ola bilər ki, şəbəkələşmiş troll dəstəsi ilə xalqın heysiyyatına toxunasan, hüquq-mühafizə orqanları da bunu bilə, lakin susa. Heç bir halda bu susqunluq anlaşılmır. Milli Məclisin deputatı Elşən Musayev o fikirdədir ki, Ə.Kərimlinin cinayətdən yayınmasının səbəbi onun dələduz siyasətçi olmasından irəli gəlir. E.Musayev “Səs” qəzetinə verdiyi açıqlamasında bildirdi ki, Ə.Kərimli bütün mənfi komponentlərə sahibdir: “Meydanda hər zaman dostlarını tək qoyan da, arada nifaq salan da, insanları müxalifətçilikdən küsdürən də, iyrəndirən də, liderini, tərəfdaşlarını öz maraqları naminə satan da Ə.Kərimli olub. Hamının bu və ya digər şəkildə mənfi və müsbət tərəfləri ola bilər. Amma Kərimlinin bütün tərəfləri mənfidir".

Bir sözlə, araşdırmalar və proseslər onu deməyə əsas verir ki, AXCP sədri Ə.Kərimli cəmiyyətdə olduğu kimi, müxalifət düşərgəsində də arzuolunmaz şəxsdir. Nəzərə alsaq ki, AXCP daxilində də çoxluq Ə.Kərimliyə qarşıdır. Deməli, bu gün müxalifəti zibilləyən əsas şəxs Ə.Kərimlidir. Ə.Kərimli siyasəti tərk edərsə, heç şübhəsiz siyasi arenada sivil müxalifət formalaşar. Bəlkə də cəmiyyətin müxalifətə olan mənfi münasibəti müsbət elementlərlə əvəzlənər. Lakin Ə.Kərimli siyasətə gəlir mənbəyi kimi baxdığından onun nəinki AXCP sədrliyindən, ümumiyyətlə, siyasəti tərk edə biləcəyi inandırıcı deyil. Bu isə yaxın perspektivdə ictimaiyyətin ləkəli və ağır durumda olan dağıdıcı müxalifətə münasibətinin dəyişməyəcəyini göstərir.

İ.ƏLİYEV

Digər xəbərlər