Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü zamanı mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib. Bu gün qloballaşan dünyamızda uşaqların xoşagəlməz mühitlə rastlaşması hər kəsə bəllidir. Toqquşmalar, qanlı müharibələr, terrorlar, xəstəliklərlə yaşadığımız dünya uşaqlara da təsirsiz ötüşmür. Belə bir zamanda bu uşaqların təhsildən kənarda qalmaması aktullıq kəsb edir. Gələcəyimiz olan uşaqların normal şəraitdə təhsil almaları, sağlam mühitdə böyümələri, psixoloji travmalardan uzaq yaşaması üçün birgə səylər vacibdir. Bildiyimiz kimi, sentyabrın 9-u Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Baş Assambleyanın Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan etməsi barədə yekdil qərarını alqışlayıb və YUNESKO və UNİCEF-i münaqişədən zərər çəkmiş ölkələrdə yaşayan milyonlarla uşağın acınacaqlı vəziyyəti barədə məlumatlı olmağa çağırıb. Əlbəttə ki, təhsilin bütün səviyyələrində olan, xüsusilə də həssas qruplara aid bütün şagirdlər üçün inklüziv, ədalətli, keyfiyyətli təhsilin qorunması və təmin edilməsi vacib amillərdəndəir. Münaqişə yarandığı bölgələrdə məktəblərin, şagird və müəllimlərin hücumlardan qorunması mütləqdir. Uşaqların təhsil almalarına qarşı yönələn istənilən maneənin, hücuma qarşı sərt mövqe göstərilməli və qarşısı alınmalıdır. Ötən əsrin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu acınacaqlı tarixi yaşamışıq. Məktəblərimiz ermənilər tərəfindən dağıdılmış, müəllim və şagirdlərə ziyan dəymişdir. 44 günlük Vətən müharibəsi dövründə də dünyanın gözü qarşısında Azərbaycan bu zərbələrə yenidən məruz qaldı.
Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolunun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə konvensiyalarının tərəfi olan Azərbaycan Respublikası uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə qətiyyətlə və davamlı olaraq dəstək verir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçasının tamamilə məhv edilib.
BEYNƏLXALQ HUMANİTAR HÜQUQ NORMALARINA ZİDD OLARAQ 54 MƏKTƏBİMİZ DAĞIDILDI
Vurğulamaq yerinə düşər ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonun artilleriya atəşinə tutması nəticəsində 18 məktəb binasına ziyan dəymiş, 2 məktəb binası tamamilə yararsız vəziyyətə düşmüşdü. Sinif otaqları, binalar tamamilə dağıdılmışdı. Erməni işğalçıları tərəfindən Gəncə şəhərinin ballistik raketlə hədəfə alınması nəticəsində doqquz məktəbə ziyan dəymişdir. Bu kimi hallar Azərbaycan təhsilinə hücumdur. Baş vermiş 44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri qəsdən hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb. Münaqişəni geridə qoyaraq, Azərbaycan diqqətini bütün uşaqlarımızın təhsil və potensiallarından təhlükəsiz şəkildə istifadə etmələrinə yönəldib. Hazırda azad olunmuş ərazilərimizdə məktəblərimizi yenidən tikirik.
YENİDƏN QURULAN TƏHSİL MÜƏSSİSƏLƏRİMİZ
Müstəqillik tariximizdə Azərbaycanda bütün sahələrdə əldə edilən inkişaf təhsil sahəsindən də kənar ötməmişdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına gətirib çıxarıb. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ-hüquqi bazası yaradılıb. Təhsil müəssisələri yenidən qurulub, yeni korpuslar istifadəyə verilib. Bunu Azərbaycanın hər bir bölgəsində görmək mümkündür.
30 ilə qədər işğal altında olan Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin xüsusi diqqəti sayəsində abadlıq-quruculuq işləri aparılır. Yeni məktəblərin salınması da görülən işlər sırasındadır. Bildiyimiz kimi, Cocuq Mərcanlı işğaldan azad olunduqdan sonra burada aparılan abadlıq-quruculuq işləri nəticəsində tezliklə bu ərazi müasir məkanlar sırasına daxil olundu. Dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında" Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Kənddə böyük quruculuq işlərinə başlandı. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı görülən işlər çərçivəsində fərdi yaşayış evləri, infrastrukturun tikintisi ilə yanaşı, 96 şagird yerlik yeni məktəb binası da tikilib istifadəyə verildi. Müasir standarlara cavab verən məktəbdə ölkəmizin bir çox yerlərində olduğu kimi, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib. Qeyd edək ki, məktəbin həyətində qazanxana, voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıqlar da salınıb. Bu gün Cocuq Mərcanlıda tikilən məktəb kimi işğaldan azad olunan digər ərazilərimizdə də tikilir, yenidən qurulur. Görülən işlər, davamlı səylər nəticəsində bərpa işləri uğurla davam edir. Yeni tipli məktəblər salınır. İşğaldan azad olunan ərazilərdə həyat yenidən qurulur.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir. Məktəbin tikintisi cari ilin dekabr ayında yekunlaşacaq. Eləcə də Ağdam şəhərlərində məktəb tikintisi davam etdirilir. Hər iki şəhərdə ümumilikdə 960 şagird yerlik təhsil müəssisələri inşa olunur. Dövlət başçısı "Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Bu gün ümumtəhsil orta məktəblərlə yanaşı, müasir çağırışlara cavab olaraq peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. "Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən, Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb. Vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva cari ilin mayın 10-da Füzuli rayonuna səfər çərçivəsində Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlini qoyublar. Füzuli şəhərində Peşə Liseyinin təməlinin qoyulması da bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Lisey ildə 800-yə yaxın tələbə qəbul edəcək. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına yönəlib. Sentyabrın 9-u tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə Azərbaycan birgə qeyd edir. Azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistan məsuliyyət daşıyır.
Əlbəttə ki, silahlı münaqişələr zamanı bütün səviyyələrdə təhsil müəssisələrinə hücumların baş verməsi ilə əlaqədar BMT tərəfindən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün elan edilməsi təqdirəlayiqdir.
Zümrüd BAYRAMOVA