Rusiyalı politoloq: İrəvan Cənubi Qafqazı Qərbə təslim etməyə çalışdığı bir vəziyyətdə Moskva Bakı və Ankara ilə səylərini daha güclü şəkildə əlaqələndirməlidir
Rusiya Federasiyası Dövlət Dumasında RLDP fraksiyası rəhbərinin müşaviri, politoloq Sergey Voronin “Moskva-Baku” portalına müsahibəsində Ermənistan-Azərbaycan nizamlanmasında yaranmış gərginliyin səbəbləri haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Bu gün Rusiya-Ermənistan münasibətləri ətrafında formalaşan vəziyyət, İrəvanın atdığı aşkar ardıcıl anti-Rusiya addımları: Roma Əsasnaməsinin ratifikasiyası niyyəti, KTMT-dəki daimi nümayəndəsinin geri çağırılması, öz ərazisində ABŞ-la təlimlərin elan edilməsi, Rusiya rəsmilərinə qarşı açıq-aşkar kobudluq və ABŞ dövlət katibinin oraya gəlməsi ilə eyni vaxtda Paşinyanın arvadının Kiyevə “humanitar” sammit üçün səfəri... Təbii ki, Moskva öz müttəfiqinin bu cür meyllərinə mənfi reaksiya verir...
- Fikrimcə, son vaxtlar Ermənistandan gördüyümüz hərəkətlər, bəyanatlar, təəssüf ki, bir növ sürpriz yox, nümunədir. Və burada təəccüblü heç nə yoxdur. Bu, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən bəri sistemli şəkildə həyata keçirilən taktikadır. Hətta deyərdim ki, problemlər hələ Paşinyan hakimiyyətə gələnə qədər də göz qabağında idi.
Əgər tarixi perspektivə müraciət etsək, o zaman hələ 2001-ci ildə, yəni 22 il əvvəl Ermənistanda rus məktəblərinin bağlanması və rus dilinin fəal şəkildə sıxışdırılması istiqamətində aktiv proses başlayıb. Bu, rus diplomatiyasının ya anlamadığı, ya da qiymətləndirmədiyi, bəlkə də əhəmiyyət vermədiyi vektor oldu. Nəticə etibarı ilə formalaşan kursa getdikcə qiymət verməmək sonda partladı. O vaxt Moskva sərt reaksiya vermədi. Dəfələrlə İrəvanın dərhal müzakirə mövzusuna çevrilməli olan qeyri-dost addımları olub.
Rusiya üçün Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi çox ciddi siqnal olmalı idi. Həm o zaman, həm də sonra Paşinyanın gəldiyi dalğaya dəfələrlə diqqət çəkildi. Əslində, Amerika demokratiyası bunu öz “süngüləri” ilə təqdim etdi, ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşlarının sayı dəfələrlə artırıldı. Mənə elə gəlir ki, Ermənistanın bu lideri ilə hansısa yolla razılığa gələcəyimizə inanmaq Rusiyanın səhvi idi. Paşinyan məsələsində biz sadəcə, bəlkə, nəyəsə ümid edirdik. Ancaq əvvəlcədən bunu dərk etməli və ona heç bir güzəştə getməməli idik: bu, Qərbin himayəsi gəlmiş adamdır. Bu, Ermənistanda son onilliklərdə formalaşmış qərbyönlü siyasətin kulminasiya nöqtəsidir.
2 gün əvvəl İrəvan Ermənistanın KTMT-dəki nümayəndəsini geri çağırıb. Biz Roma Əsasnaməsinin ratifikasiyası üçün respublika parlamentinə təqdim edilməsini də görürük. Təxminən 50 il ərzində Qərbin xüsusi xidmət orqanları Beynəlxalq Cinayət Məhkəməsinin orqanını formalaşdırıblar. Müttəfiq ölkə rəhbərliyinin Roma Əsasnaməsini ratifikasiya etmək cəhdi isə kifayət qədər qəribə görünür, nəzərə alsaq ki, bu ilin martında BCM Rusiya prezidentinin cinayət təqibinə başladığını elan edib.
Erməni tərəfi deməyə çalışır ki, 2022-ci ildə, yəni 2023-cü ilin martına qədər Roma Əsasnaməsinin ratifikasiyası məsələsini qaldırıb. Və onun məqsədi Azərbaycanın bir növ “cinayət təqibi”dir. Amma izahatlar inandırıcı görünmür.
Ermənistan rəhbərliyinin Rusiyaya qarşı düşmənçilik hərəkətləri son 6 ayda daha da güclənib. 2022-ci ilin noyabrında İrəvan sammitə ev sahibliyi etməsinə baxmayaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurasının yekun sənədini imzalamaqdan imtina etdi. Bu ilin yanvarında KTMT təlimlərinin keçirilməsindən imtina edilib. Eyni zamanda, Qərbi Avropa ölkələrinin Qarabağdakı sülhməramlı kontingentə cəlb edilməsinin zəruriliyi ilə bağlı fəal tezislər səslənir. Ermənistan tərəfinin mütəmadi bəyanatlarına görə, guya öz vəzifələrini “yerinə yetirməyən” Rusiya sülhməramlılarının qarşılığında. Bura Ermənistan ərazisində keçiriləcək erməni-amerikan birgə təlimləri də daxildir. Eləcə də respublikanın NATO-nun digər təlimlərində iştirakı.
Rusiya XİN Ermənistanda hökumət rəsmilərinin ritorikasının “kobudluq astanasında” olduğunu bildirib. Hesab edirəm ki, bu cür qiymətləndirmələr çoxdan aparılmalı idi. Amma biz o hadisələrin inkişafını və bizə ünvanlanan bəyanatların səsləndirilməsini gözlədik və sonda onlara qeyri-diplomatik dildə cavab verməli olduq.
Sentyabrın 3-də Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Moskvanın regiondakı davranışından həddindən artıq narazılığını ifadə edib. Əgər onun “mesajının” mənası açıq şəkildə çatdırılırsa, Ermənistanın baş naziri Rusiyaya qapını göstərib ki, o, Cənubi Qafqazı tərk etməlidir. Bu cür mesajların məqbul olması barədə heç nə demək olmaz: Cənubi Qafqaz Rusiya üçün tarixi və geosiyasi baxımdan son dərəcə vacib regiondur. Və Rusiya sülhməramlılarının Qarabağda yerinə yetirdiyi funksiyalar son dərəcə vacibdir.
Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın Kiyevdə keçirilən qondarma “humanitar” sammitə səfəri, deyə bilərik ki, anti-Rusiya aksiyalarında iştirak etməsi, təbii ki, İrəvandan Rusiyaya siqnaldır. Xüsusən ABŞ dövlət katibinin eyni vaxtda Kiyevdə olmasını nəzərə aldıqda. Diplomatiyada heç bir təsadüf yoxdur. Və Paşinyanın həyat yoldaşının Kiyevə belə səfəri, əlbəttə ki, Moskvanın üzünə sillədir. Bu, İrəvandan Rusiya ilə Qərbin qarşıdurması məsələsində hansı mövqedən çıxış etməsi barədə çox düşünməyəcəyini nümayiş etdirən siqnal səfəridir.
Nümunə kimi göstərilən İrəvanın hərəkətləri və bəyanatları bir zəncirin halqalarıdır. Belə qənaətə gəlmək olar ki, bu gün Ermənistan rəhbərliyinin xətti tamamilə anti-Rusiyadır və belə şeylərə çox sərt reaksiya vermək lazımdır. Amma problem ondadır ki, indiyədək bizim tərəfimizdən bu məqam əldən verilib.
Biz Rusiyada Qarabağ münaqişəsinin 30 ili ərzində dostları necə seçməklə bağlı heç bir dərin nəticəyə gəlməmişik. Buna hazır olan və qarşılıqlı faydalı şəffaf münasibətlərə öz konstruktiv münasibətini sözlə deyil, əməli ilə (bunu vurğulamaq vacibdir) sübut etməyə hazır olan dövlətlərlə həqiqətən dostluq münasibətləri qurmaq lazımdır.
Nümunə olaraq Azərbaycanla münasibətlərimizi götürək. Bu həm də Azərbaycan rəhbərliyinin öz ölkəsində faktiki olaraq ikinci dövlət dili statusuna malik olan rus dilinə münasibətini, Azərbaycan əhalisinin Rusiyaya qarşı necə mehriban münasibətini nümayiş etdirir. Prezident Putinlə Prezident Əliyev arasında çox yaxşı şəxsi, dostluq, etimad münasibətləri faktı hamıya məlumdur. Ona görə də hesab edirəm ki, tərəfdaşlar və dostlar seçərkən, xüsusən də bugünkü geosiyasi şəraitdə biz çox diqqətli şəkildə yanaşmalıyıq. Bu o demək deyil ki, bəzilərinə düşmən, digərlərinə isə yalnız dost deməliyik. Amma biz Cənubi Qafqaz ölkələrinin atdığı praqmatik və real addımlardan çıxış etməliyik. Əgər bu addımlar səmimi şəkildə qeyri-dostdursa, o zaman bu problemlərin qarşısını almaq və vaxtında və çox fəal şəkildə müdaxilə etmək lazımdır. Əks halda, vəziyyət, gördüyümüz kimi, indi İrəvanla münasibətlərimizdə baş verdiyi kimi, nəzarətdən çıxmağa başlayır.
- Bunun fonunda biz Qarabağda vəziyyətin mürəkkəbləşməsini görürük. Azərbaycanla Ermənistan arasında vaxtaşırı gərginləşmələr, burada Qərb oyunçularının cəlb edilməsi ilə Laçın yolunda vəziyyətin açıq-aşkar siyasiləşdirilməsi... Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanat imzalamasından 3 ilə yaxın vaxt keçir və bəyanatdakı razılaşmalar həyata keçirilmir.
- Qarabağ çoxdankı ziddiyyətlər meydanıdır. Və bu məsələdə kifayət qədər oyunçu var. Aydındır ki, regionda ilk növbədə Azərbaycanın, Ermənistanın və Rusiyanın maraqları var. Həm də Türkiyə və İranın maraqları. Qərbi Avropa ölkələri də burada öz maraqlarını təmin etməyə çalışırlar, xüsusən də cənab Makron regionda çox fəaldır. Və təbii ki, öz milli maraqlarının bütün dünyanı əhatə etdiyini heç vaxt gizlətməyən ABŞ.
Qarabağ probleminin dayandırılması Azərbaycan, Ermənistan və Rusiya üçün obyektiv əhəmiyyətli olardı. Hətta ermənilərin bugünkü davranışını nəzərə alsaq belə. Maraqlıdır ki, biz vaxtaşırı Qərbdəki erməni lobbisinin bir çox nümayəndələrinin təəccübünə və narazılığına səbəb olaraq, cənab Paşinyanın Qarabağın Azərbaycan ərazisi kimi tanınması ilə bağlı bəyanatlarını eşidirik.
Təbii ki, sakitcə qaynayan münaqişənin mövcudluğu ilk növbədə bizim xaricdəki partnyorlarımız üçün sərfəlidir. Bizim kuklaçılar həmişə olduğu kimi xaricdə yerləşirlər. Onların məqsədi Rusiyadır, onu münaqişə ocaqları ilə əhatə etmək planı var. Qarabağ isə, onların fikrincə, inanılmaz dərəcədə münaqişəyə meyilli bir bölgə olduğunu nəzərə alsaq, “partladıla” bilər. Və onu partlatsalar, çox da görünməyəcək. Axı Qərb eyham edir ki, son nəticədə vəziyyət Şimali Qafqaza da təsir edə bilər.
- Yəni indi ikinci cəbhə açmaq cəhdləri buna deyilir?
- Bəli, Gürcüstanla bunu etməyə çalışdılar. Lakin Tbilisidə təəccüblü şəkildə bu cəhdi qəfil dayandırmaq üçün kifayət qədər siyasi təmkin və zəka var idi.
- Ermənistan vasitəsilə Qərbin regionda varlığı getdikcə güclənəcəkmi?
- Şübhəsiz ki. Bir daha qeyd edim ki, burada yeni heç nə yoxdur. Bir neçə il əvvəl Paşinyanın hakimiyyətə gəlişi Ermənistanın Rusiyaya münasibətdə mövqeyinin necə formalaşacağının və kollektiv Qərbin simasında kimin Rusiyaya təsir edəcəyinin xarakterik təfərrüatı idi.
- Hansı ssenarilər ola bilər?
- Bu gün haqqında danışdığımız bütün nüanslar arasında Ermənistanın Rusiyanın “çətiri” altından çıxıb kollektiv Qərbin “çətirini” seçməsi çox aydın şəkildə başa düşülür.
Təbii ki, bu təhlükəli tendensiyadır. Eyni şey Kiyevdə də kifayət qədər uzun müddət var idi. Sonda indi Ukraynada yaranmış vəziyyətlə nəticələndi.
İstərdim ki, Rusiya-Ermənistan münasibətləri, ümumiyyətlə regiondakı saatlı bomba partlamasın. Amma bu minanın basdırıldığı göz qabağındadır. Və bu, Rusiya üçün xoş sürpriz deyil.
Paşinyan Vaşinqtondan gələn göstərişlərə əməl edir. Bu tamamilə başa düşüləndir. Ona deyildiyi kimi edəcək. Son günlərdə inanılmaz dərəcədə intensivləşməsini nəzərə alsaq, görərik ki, ona fəallığın artırılması əmri verilib. Bu o deməkdir ki, yaxın gələcəkdə nə isə baş verəcək və bunun Ermənistan-Rusiya münasibətləri üçün müsbət nəticə verəcəyi ehtimalı azdır.
Bu çətin vəziyyətdə Rusiya regionu tərk edə bilməz. Mən Qərbin hərbi qüvvələrini bölgəyə sürükləmək cəhdlərinin artmasından danışıram. Əgər Rusiya sülhməramlıları getsə, o zaman biz cənab Paşinyanın Rusiyanın Cənubi Qafqazdan çxıması istəyini yerinə yetirmiş olacağıq.
Rusiya Qafqazdakı vəziyyətə nəzarət etməyə bilməz. Bu, təkcə Azərbaycan və Ermənistanla münasibətlər məsələsi deyil, həm də milli təhlükəsizliyimizlə bağlı məsələdir. Cənubi Qafqazda kollektiv təhlükəsizliyi Rusiya, Azərbaycan və Ermənistanbirgə həyata keçirməlidir.
Biz Qərb sülhməramlılarının müxtəlif regionlarda mövcudluğunun necə başa çatdığını yaxşı bilirik. Qərb sülhməramlılarının “humanitar” müdaxiləsi zamanı nələr baş verdiyini görmüşük.
Bu çətin vəziyyətdə biz ilk növbədə Bakı ilə daha da yaxınlaşmağa çalışmalıyıq, çünki İrəvanla münasibətlər gözümüzün qabağında əriyir.
Səylərinin çox konstruktiv ola biləcəyi və regionun problemləri onun üçün son dərəcə əhəmiyyətli olan ölkələrdən biri də Türkiyədir. Müasir dünyada Putin kimi müstəqil liderlər çox deyil, onların arasında Ərdoğan da var, hansı ki, daxili və xarici siyasət yeritəcəyini özü müəyyən edən liderdir. Yəni İrəvan Cənubi Qafqazı Qərbə təhvil verməyə çalışdığı bir vaxtda Moskva Bakı və Ankara ilə səylərini əlaqələndirməlidir.
Tərcümə - Elçin Bayramlı