Ramiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Həyatımız gündən-günə inkişaf edir, nəsillər biri-birini əvəz edir. Lakin Heydər Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədiyaşarlıq statusu qazanıb desək, heç şübhəsiz ki, səhvə yol vermərik. Heydər Əliyev Ulu tanrının hikməti ilə seçilmiş insan idi. Seçilmiş olmaq ümummilli liderimizin üzərinə Azərbaycanın ən yeni tarixini yaratmaq öhdəliyini qoymuşdu. Üzərinə düşən müqəddəs öhdəliyi layiqincə yerinə yetirən əbədiyaşar liderimizin Azərbaycanın müasir tarixinin gedişinə misilsiz təsirini qeyd etməmək olmaz. Müasir Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, iqtisadi yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir. Azərbaycanın qədim və çoxəsrlik tarixinin ulu öndərin süzgəcindən keçən yeni dövrü şanlı tariximizə Heydər Əliyevin adı ilə birdəfəlik həkk olundu.
Ulu Öndər, Azərbaycan millətinin əbədiyaşar Ümummilli Lideri Heydər Əliyevin doğma xalqı qarşısında göstərdiyi xidmətlər, dahi şəxsiyyətin müasir tariximizdə oynadığı rol haqqında çoxsaylı əsərlər yazılıb və bundan sonra da hələ neçə-neçə dəyərli əsərlər yazılacaq. Ulu Öndərimizin fəaliyyəti o qədər zəngin və çoxşaxəlidir ki, onun bütün tərəflərini tam əhatə etmək uçun uzun zaman alacaq elmi-tədqiqatlara, araşdırmalara ehtiyac var. Həm də bu araşdırmalar kifayət qədər dərin və əhatəli olmalıdır. Müasir Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin yaratdığı bənzərsiz Şah əsəridir. Dövlətçiliyimizin formalaşdırılmasında bir çox vacib amillər mühüm rol oynamışdır. Amma dövlətçilik anlayışını dərindən təhlil etməyi bacaran hər bir şəxs yaxşı bilir ki, buradakı ən önəmli amil məhz milli ideologiyanın formalaşdırılmasıdır. XX əsrin ikinci yarısında respublikamızda milli ideologiyamızın formalaşdırılmasında fenomenal biliyə və bacarıqlara malik olan Ümummilli Liderimiz Heydər Əliyev ölçüyə gəlməz dərəcədə böyük işlər gördü. Məhz bu dahi şəxsiyyətin yorulmaz fəaliyyəti sayəsində Azərbaycançılıq məfkurəsi formalaşdı, inkişaf etdi və qəti olaraq cəmiyyətimizdə hakim ideologiyaya çevrildi. Artıq müasir dövrümüzdə Azərbaycançılıq məfkurəsi bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlı üçün müqəddəs bir ideyaya çevrilmişdir. Sovetlər birliyi dönəmində milli ideologiyamız üçün sağlam təməl formalaşdırın Ulu Öndər 1993-cü ildə müstəqil Azərbaycan Respublikasında yenidən hakimiyyətə qayıtdıqdan sonra milli məfkurəmizi daha da yüksək zirvələrə qaldırdı. Müasir dövrümüzdə bu ideologiya Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməkdədir. 44 günlük Vətən müharibəsində mənfur düşməni qısa müddətdə diz çökdürən qəhrəman Azərbaycan oğullarının ən güclü tərəflərindən biri də məhz Azərbaycançılıq məfkurəsi ilə döyüşə atılmaqları idi.
Azərbaycançılıq ideologiyasının ən mühüm tərkib hissələrindən biri müasir Azərbaycan Respublikasının yürütdüyü Multikulturalizm siyasətidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Multikulturalizmin Azərbaycan modeli dünya dövlətlərinə ən mükəmməl bir nümunədir. “Azərbaycançılığın” mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir. “Azərbaycançılığın” gücü həm də ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyllərini üzvi şəkildə birləşdirməyə qadirdir. Milli ideyamızın dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mədəni ənənələri zəminində birlik ideyası dayanır. Bu ideya gələcək nəsillər üçün milli kimliyi, həyatı, azadlığı dərk edib, dərindən anlamağın ayrılmaz atributlarına çevriləcəkdir. Biz artıq Azərbaycanda milli ideologiyanın formalaşmasının şahidiyik. “Azərbaycançılıq” milli ideologiyamızın əsasıdır və Azərbaycan dövlətinin bütün tarixi boyu da bu belə olaraq qalacaqdır. Bu, Ulu Öndər Heydər Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi kursdur.
Ümummilli Liderimiz dönə-dönə vurğulayırdı ki, xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir. Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının milli xüsusiyyətidir. Müxtəlif mədəniyyətlərin bir arada, yüksək tolerant şəraitdə mövcudluğu üçün Azərbaycan ən unikal bir mühitdir. Azərbaycan Respublikası dünyanın bəlkə də ən nadir ölkəsidir ki, burada müxtəlif dinlərin nümayəndələri – yəhudilər sinaqoqda, xristianlar kilsədə, müsəlmanlar məsciddə öz dini inanclarını sərbəst şəkildə icra edirlər. Azərbaycan xalqı öz yüksək multikultural dəyərlərini ölkəmizdə yaşayan hər bir etnik toplumun nümayəndəsinə münasibətdə ortaya qoyur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən 2016-cı il ölkəmizdə Multikulturalizm ili elan olunmuşdu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu böyük uğurla və müvəffəqiyyətlə davam etdirən ölkə başçımız Cənab İlham Əliyev Multikulturalizmin və tolerantlığın təbliği istiqamətində bütün lazımi addımları atır. Dünyanın, xüsusilədə Avropanın bir sıra aparıcı universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədris olunması Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir. Bu məqam heç şübhəsiz ki, bütün dünyada yaşayan hər bir Azərbaycanlını hədsiz qürurlandırır.
Ümummilli Lider Heydər Əliyev nəinki təkcə milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürdü, həm də eyni zamanda onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirdi. Ümummilli Liderimiz xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu Öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır.
Ulu Öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə Sərəncamın imzalanması xalqımız tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılandı. Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Ulu Öndər özünün böyüklüyü ilə öz mənsub olduğu milləti dünya xalqlarına daha da yaxından tanıtdı. Ümummilli Liderimizin sayəsində dünya ölkələri xalqımızın yüksək mənəvi keyfiyyətləri ilə daha yaxından tanış oldu. Məhz Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqlik Azərbaycana çoxsaylı uğurlar qazandırır və qazandıracaq. Hesab edirəm ki, bugünkü müstəqil Azərbaycanın mövcudluğuna görə məhz Heydər Əliyevə borcluyuq.