Rusiyalı ekspert, Transsərhəd Əməkdaşlıq Assosiasiyasının aparıcı analitiki Sergey Borovikovun “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistanın yürütdüyü siyasətin nələrə gətirib çıxaracağı haqda danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Bildiyiniz kimi, Ermənistan hər gün Azərbaycan mövqelərini atəşə tutmaqla yanaşı, həm də Azərbaycanla sərhədə külli miqdarda silah və hərbi texnika gətirir. Onun yeni hərbi toqquşmalara hazırlaşması ehtimalı varmı?
- Ermənistan hazırda ABŞ-la birgə hərbi təlimlər keçirməyə hazırlaşır ki, bu da açıq şəkildə hərbçilərin və hərbi texnikanın hansısa növ yerdəyişməsini nəzərdə tutur. Bu, bir tərəfdən, digər tərəfdən isə sərhəd zonasında Ermənistan və Azərbaycanın hərbi texnikasının hərəkəti var, ona görə də bu hadisə, görünür, güzgü simmetriyası xarakteri daşıyır. Təəssüf ki, böyük ehtimalla regionda ümumi gərginliyin artması qaçılmaz olacaq.
- Qarabağ bölgəsinin erməniləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Azərbaycandan onlara verilən ərzaq yüklərini qəbul etməkdən imtina edirlər. Xunta rəhbərliyi bu bölgənin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olur. Sizcə, bununla onlar nəyə nail olmağa çalışırlar?
- Azərbaycandan ərzaq tədarükünə gəlincə, hesab edirəm ki, ermənilər humanitar yardımın qəbuluna öz zəifliklərinin təzahürü kimi baxırlar, ona görə də ondan imtina edirlər.
- İrəvan Qərbə üz tutmaqla Moskvanı şantaj etməklə nəyə nail olmağa çalışır?
- Paşinyan hökuməti əvvəlcə Qərbin təsiri və Sorosun dəstəyi ilə hakimiyyətə gəldi, ona görə də aydın idi ki, heç bir erməni maraqlarından asılı olmayaraq, Qərbin qaydaları ilə oynayacaq, əslində, indi baş verənlər budur. Bunun fonunda Ermənistanda eynilə Ukrayna ssenarisinin baş verdiyi göz qabağındadır. Vaxtilə Ukraynanın qərbyönlü hökuməti də Qərbin təsiri altında düşünülməmiş siyasət yeritdi ki, bu da ölkəni indiki fəlakətə sürüklədi. Paşinyanın Ermənistanı oxşar nəyəsə aparması üçün hər cür şans var, ancaq daha pis variantda.
- Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı qeyri-dost addımlarda, xüsusən də, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiyası prosesinə başlamaqda, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Kiyevə səfərində, Ukraynaya yardım göndərməkdə və ABŞ-la Ermənistan ərazisində hərbi təlimlərin keçirilməsində ittiham edib. Rusiya müttəfiq ölkəyə nə ilə bağlı xəbərdarlıq edir?
- Ermənistanın Rusiyaya qarşı çoxsaylı qeyri-dost addımları ölkədə qərbyönlü hökumətin və qərbyönlü təsir qüvvələrinin ardıcıl siyasətidir. Və biz başa düşməliyik ki, Ermənistanın maraqlarına zidd olan bu uzun proses səngiməyəcək. Qərb öz müttəfiqlərini asanlıqla və təbii şəkildə təslim etdi, ona görə də Rusiyaya qarşı hansısa çirkin oyunlara əl atması orada hansısa Ermənistanın mövcudluğundan qat-qat vacibdir. Deməli, Ermənistanın qərbyönlü rəhbərliyi fəaliyyət göstərdikcə, bu vəziyyət davam edəcək və ermənilərin ölkədəki daxili siyasi vəziyyəti nə dərəcədə dəyişdirə biləcəkləri, açığı, mənim üçün müəmmalıdır.
- Avrasiya layihələrindən kənarda Ermənistanın gələcəyini necə görürsünüz və bu, ümumiyyətlə, mümkündürmü?
- Ermənistanın Avrasiya layihələrindən kənar gələcəyi mənə son dərəcə kədərli görünür. Qərbin təsiri altında yeganə AES-i bağlayacaq və onun üçün qeyri-dost şəraitdə enerji baxımından son dərəcə problemli qalacaq. Bundan sonra nə edəcəyi də bəlli deyil. Qərb bu xoşagəlməz mühitdə onu öz taleyinə buraxacaq. Müvafiq olaraq, hadisələrin inkişafı üçün belə bir ssenari mənə Ermənistan üçün intihar kimi görünür. Amma qərbyönlü hökumət, bir qayda olaraq, bundan narahat deyil və Ermənistanı sakitcə bu intihar yolu ilə apara bilər.
- Azərbaycan Qarabağı erməni separatçılarının qalıqlarından təmizləməyə başlasa, Rusiya Federasiyasının reaksiyası necə olacaq?
- Rusiya regionda hərbi əməliyyatların hər hansı intensivləşməsinə mənfi yanaşacaq, lakin bizim Xarici İşlər Nazirliyinin narahatlığını bildirməsindən başqa, hansısa fəaliyyət edəcəyi kifayət qədər mürəkkəb sualdır. Amma regiondakı ümumi hərbi-siyasi vəziyyəti nəzərə alsaq, bu, çətin ki, hərbi addım olsun, əksinə, bir növ mürəkkəb sövdələşmədir.
- Moskva anti-Rusiya siyasətinə cavab olaraq İrəvana hər hansı təsir alətlərindən istifadə edəcəkmi?
- Moskva anti-Rusiya siyasəti ilə bağlı İrəvana bəzi təsir tədbirləri tətbiq etməyə hazır olardı, lakin onun bu tədbir imkanları çox azdır. Mən Rusiya üçün heç bir vasitə və ya rıçaq görmürəm. Məsələn, Gümrüdəki hərbi baza çıxarılsa, bu, İrəvan üçün ibrətamiz addım olar, amma Qərbin də istədiyi budur. Nəticə etibarilə, maraqlar və imkanlar balansının qurulması ilə bağlı çətin vəziyyət yaranır.
Digər tərəfdən, Rusiya anlayır ki, İrəvanın qərbyönümlü hakimiyyəti əbədi olmayacaq və əgər Ermənistan müəyyən qədər öz dövlətçiliyini qoruyub saxlamaq niyyətindədirsə, bu, ancaq Avrasiyayönlü hökumətin hakimiyyətə gəlməsi ilə mümkündür. Ermənilərə lazım olub-olmamasından asılı olmayaraq, bunu özləri anlamalıdırlar. Bu, ölkənin ölüm-qalım məsələsidir.
Tərcümə - Elçin Bayramlı