PDF Oxu

Siyasət

  • 2 055

İnformasiya savaşının Sərkərdəsi TƏHLİL

İnformasiya savaşının Sərkərdəsi TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEVİN müsahibələri günün reallıqlarını, dövlətimizin haqqa əsaslanan mövqeyini əks etdirir

"Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam". Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsində bildirib. Bəli, Prezident İlham Əliyevin çıxış, nitq, müsahibə və müraciətlərini çox eşitmişik. Son iyirmi ildə, hətta ondan da əvvəl dövlət başçımızın elə bir müsahibəsi olmayıb ki, orada kimsə heyrətlənməsin və bu müsahibələr bu günün real hadisələrini, həqiqətlərini əks etdirir və dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüququn normalarına əsaslanan mövqeyini ortaya qoyduğunu nümayiş etdirir.

PREZİDENT İLHAM ƏLİYEVƏ MÜSAHİBƏ ÜÇÜN DÜNYANIN BİR ÇOX TANINMIŞ MEDİA QURUMLARININ MÜRACİƏT ETMƏSİ, İLK NÖVBƏDƏ, AZƏRBAYCAN PREZİDENTİNİN NÜFUZLU LİDER OLMASINDAN İRƏLİ GƏLİR

Ən əsas məqam isə, 44 günlük müharibə getdiyi zaman və müharibədə 50-dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi və 4 saatdan çox davam edən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev cənablarının jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırması idi. Və heç bir dövlət başçısı bu müharibələr zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Ancaq bir faktı vurğulamaq lazımdır ki, qətiyyətli, nüfuzlu siyasi rəhbərə, dövlət başçısına beynəlxlaq marağın və bu marağın müharibə zamanı, xüsusilə, yüksək olması tam məntiqlidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir. Bu da danılmaz faktordur ki, tarix boyu həmişə sərkərdəsi güclü olan ordu qalib olub. Eynilə biz bu tarixi canlı olaraq yaşadıq. 44 gün davam edən İkinci Vətən Müharibəsi dövründə bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidentimizin savaş zamanı dünyanın 30-a yaxın mediasına çoxsaylı müsahibələr verdi, bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə Qərb ictimai rəyində Azərbaycanın xeyrinə dönüş yarada bildi. Hətta qərəzli suallar qarşısında, sözün əsl mənasında, siyasi liderlik dərsi keçən Prezident İlham Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoydu, bütün dünyaya çatdırdı. Bu yerdə mətbuat konfransında Böyük Britaniyadan olan jurnalist Aynur Tattersalun dediyi fikiri xatırlatmaq istərdim. O bildirdi ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirdi. Bu Ali Baş Komandanımızın sərrast fikirləri və mükəmməl diplomatiyası idi. Ümumilikdə, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Ali Baş Komandan xarici mediada hücum diplomatiyası sərgiləyərək tarixi həqiqətlər, Dağlıq Qarabağ münaqişəsinə dair vacib hüquqi və siyasi məqamlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Onun gərgin əməyi və uğurlu informasiya siyasəti sayəsində dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsi təmin edilib. Dövlət başçısının dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələrdə təkcə erməni yalanları ifşa edilməyib, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyaları da iflasa uğradılıb.

Qeyd edək ki, indiyə qədər Azərbaycan tərəfdən heç bir müsahibə, açıqlama, nitq, video, çıxış xarici mediada bu qədər izlənilməyib. İndi isə, artıq izlənilir. Cənab Prezidentin sayəsində. Yəni, məlum faktın özü yetərincə böyük göstəricidir və bu, Azərbaycana və onun Liderinə olan xoş münasibətin növbəti göstəricisidir. Bir sözlə, dövlət başçısının həm müharibəni gedişində, həm də sonra beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi necə bacardığının hər kəs şahididir. Mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı ilə Azərbaycan Prezidenti aydın göstərir ki, Azərbaycan iqtidarı dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə konseptual yanaşır. Bu amil demək olar dünyanın bütün aparıcı media orqanları tərəfindən vurğulanır.

MƏTBUAT KONFRANSLARI AZƏRBAYCAN PREZİDENTİNİN GÜCLÜ VƏ XARİZMATİK DÖVLƏT BAŞÇISI VƏ QƏTİYYƏTLİ LİDER OLDUĞUNU BİR DAHA GÖSTƏRİR

Ən qürurverici odur ki, bütün dünya mətbuatında dövlətimizin başçısının sualları yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, təfərrüatlı, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə, özü də müxtəlif dillərdə cavablandırması, sözün həqiqi mənasında, heyrət doğurur. Və ən əsası isə, istər mətbuat konfraslarında, istərsə müsahibələrində, yüksək tribunalarda çıxışlarında bir çox önəmli mesajlar verir və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var və hər kəs Azərbaycan Prezidentinin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha görür.

Bax, budur Liderlik! Necə də qürur duymayasan. Güclü ölkənin güclü, qətiyyətli lideri olmaq budur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”.

Bu uğurlar, əlbəttə ki, bu, son 20 illik prezidentlik fəaliyyəti nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verir. Hər zaman ilklərə imza atan Prezident İlham Əliyev mətbuat konfransı ilə dövlətimizin başçısı daha bir ilkə imza atdı. Bu, Azərbaycan Prezidentinin yerli və xarici media nümayəndələri ilə dörd saatdan artıq davam edən ilk görüşü idi. Dövlətimizin başçısı bu məsələyə toxunaraq dedi: “Mən bilirəm, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.

AZƏRBAPYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCANIN MİLLİ MARAQLARINI DAİMA RƏHBƏR TUTUR

Belə ki, cari ilin iyulun 22-də Prezidenti İlham Əliyev Şuşada “Euronews” televiziyasına verdiyi müsahibənin məhz mədəniyyət paytaxtımız Şuşa şəhərində baş tutması demək olar ki, xüsusi əhəmiyyət kəsb edib. Dövlətimizin başçısı bu platformadan da məharətlə yararlanaraq həm bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin Azərbaycanın nəzarəti altında fəaliyyətinə aydınlıq gətirib, həm də Qarabağda yaşayan ermənilərin blokadaya alınması ilə bağlı yalanları ifşa edib, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin, Azərbaycanın atdığı hər bir addımın bütün regionda, dünyada sülhün əldə olunmasına xidmət etdiyini bir daha bildirib. Və ölkəmiz 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün dayanmadan səylər göstərsə də, Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Və xarici televiziya kanallarına verdiyi müsahibələr bu günün real hadisələrini, həqiqətləri əks etdirir və dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini ortaya qoyur.

Beləliklə, Prezident İlham Əliyevin istər mətbuat konfranslarında, istər xarici televiziya kanallarına, istərsə də yüksək tribunalarda çıxışlarında Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımından informasiya savaşının sərkərdəsi cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Ən əsası isə, informasiyalarda diqqətə çatdırılır ki, sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycan mehriban qonşuluq münasibətləri üçün bütün səylərini israrla davam etdirir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər