PREZİDENT İLHAM ƏLİYEVİN şərtləri qəbul edilməyənə qədər Ermənistanla sülh sazişi imzpalanmayacaq!
Bəli, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Və bu gün İkinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz, qətiyyətli mövqeyi bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanılan sazişə imza atılacaq. Çünki Azərbaycan Qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirib vaxt udmaq istəsə də buna nail ola bilmir. Səbəb isə bölgədə marağı olan güclər Cənudi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasında israrlıdırlar. Və bu gün dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Tərəflər arasında aparılan sülh danışıqları isə həm Rusiyada, həm də Avropada reallaşır.
Bir sözlə….
PREZİDENT İLHAM ƏLİYEV SÖZÜNÜ DEDİ – BEŞ PRİNSİP, RUSİYAYA MESAJ, BRÜSSELİN VASİTƏÇİLİYİ...
2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezidenti İlham Əliyev sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirdi ki, irəli sürülən prinsipə əsaslanan sülh müqaviləsi imzalana bilər: «Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər».
Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”.
Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.
Bəli, iki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.
Göründüyü kimi, Azərbaycan Prezidentinin açıqlamasında Ermənistana yönəlik açıq xəbərdarlıq mesajı da yer alır. Dövlət başçısı Ermənistanı sülh və savaş arasında prinsipial seçim etməyə çağırır. Sülh sazişi imzalanana qədər sülh vəziyyətinin olmayacağını bəyanlayır. Yəni, Ermənistan sülh istəyirsə, sülh sazişini mütləq ən qısa zaman ərzində imzalamalıdır. Azərbaycan Prezidenti rəsmi İrəvandan sülh sazişi ilə bağlı müsbət reaksiya gözlədiyini qabardır: "Çünki, əgər, bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi".
Bəli, həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni Azərbaycan Prezidenti Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyaraq Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir.
Bir sözlə, Ermənistana təklif olunan prinsiplər sülh sazişi üçün təməl olmalıdır. Və bu gün Azərbaycan Prezident İlham Əliyevin apardığı düzgün xarici siyasət Cənubi Qafqaza sülh gətirmək nöqteyi-nəzərindən uğurlu bir siyasətdir. Bundan sonrakı münasibətlərdə də Azərbaycan bu mövqeyini qoruyub, saxlayacaq. Çünki Azərbaycan Prezidentinin apardığı siyasət regionumuza sülh və firəvanlıq gətirəcək.
Beləliklə, bütün bunlar onu göstərir ki, regionda vəziyyətə diktə edən tərəf Azərbaycandır və ölkəmizin atdığı addımlar beynəlxalq hüquqa əsaslanır. Və Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.
RƏFİQƏ KAMALQIZI