PREZİDENT İLHAM ƏLİYEV: “Bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb”
"Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək". Bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Bu günə qədər 13 min ailənin bu imkanlardan faydalandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatlar əhalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirləri uğurla reallaşdırır. Xüsusilə də, son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün zəruri və məqsədyönlü addımlar atılır. Bu sosial islahatlar Zəfər dövrünü yaşayan qalib Azərbaycanda Böyük Qayıdış Proqramının reallaşdırıldığı bir dövrdə həyata keçirilir.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dövlət başçısı keçirilən sosial siyasət sahəsində görülən işlərdən danışaraq bildirib ki, Azərbaycan sosial dövlət olaraq öz vətəndaşının sosial rifahının yaxşılaşdırılması üçün uğurlu addımlar atır.Prezident İlham Əliyev sosial sahənin çoxşaxəli olduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, buraya özünüməşğulluq proqramını da əlavə etmək olar: "Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək". İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edildiyini söyləyən dövlət başçısı söyləyib ki, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.
MƏQSƏDİMİZ ÖLKƏNİ GÜCLƏNDİRMƏK VƏ HƏR BİR VƏTƏNDAŞIN HƏYATINI DAHA DA YAXŞI ETMƏKDİR
Sözü ilə əməlləri üst-üstə düşən Prezident İlham Əliyev cənablarının sözünə görə, iqtisadi və sosial sahə həmişə paralel getməlidir: "Ona görə də, hələlik, limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir". Dövlət başçısı müsahibəsində sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən deyibki, minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb: «Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq». Dövlətimizin başçısı qeyd edib ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq. Azərbaycan Prezidenti, həmçinin ünvanlı sosial yardımın verilməsi ilə bağlı söyləyib ki, çox böyük şəffaflaşdırma işi aparılıb: «Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılıb"."Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk", - deyə dövlətimizin başçısı vurğulayıb.
BU GÜNƏDƏK 13 MİN ŞƏHİD AİLƏSİ VƏ MÜHARİBƏ ƏLİLİ DÖVLƏT DƏSTƏYİNDƏN FAYDALANIB
Qeyd edək ki, İkinci Vətən müharibəsindən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən birinin şəhid ailələrinin və qəhrəman döyüşçülərimizin qayğıları daim diqqət mərkəzində olub, bu istiqamətdə dövlət başçısının sərəncamları əsasında müvafiq tədbirlər həyata keçirilib. Belə ki, «Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısınının ən bariz örnəyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması, 2021-ci il 30 yanvar tarixli 24 saylı Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi, şəhid ailələri və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilməsi, məhz bu kontekstdə Azərbaycan dövlətinin verdiyi qərarlar bütün dünya üçün nümunədir. Belə ki, cari ilin əvvəlində 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqını 38 faiz artırılması, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il yanvar ayının 5-də "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əlavə tədbirləri özündə ehtiva edir. Belə ki, bir çox kateqoriya üzrə əmək haqqının artırılması, xüsusilə də minimum əmək haqqının 300 manatdan 345 manata, minimum pensiyanın 240 manatdan 280 manata çatdırılması nəzərdə tutulur, eyni zamanda, müavinət və təqaüdlər də artırılacaq. Rəsmi məlumata görə, pensiya və əməkhaqqı artımı 800 min nəfəri əhatə edəcək. Son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımdan əhəmiyyət daşıyır. Ümumilikdə, son 4 ildə sosial sahədə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.Bir sözlə, görülən işlər bir daha onu sübut edir ki, insan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atdığını bir daha təsdiqləyir və 2023-cü il sosial islahatların həyata keçirildiyi növbəti illərdən biri olacaqdır.
RƏFİQƏ KAMALQIZI