Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl həyata keçirilən uğurlu islahatlar, dövlət proqramları təhsili yeni inkişaf dövrünə qədəm qoymasına səbəb olub. Respublikanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin bilikli, savadlı böyüməsi üçün təhsil müəssisələrində yaradılan şərait dövlətimizin qüdrətli, dinamik inkişafda olduğunu göstərən amillərdəndir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilən proqramlar, layihələr təhsildə əldə edilən uğurların sayını artırır. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblər quraşdırılıb, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri uğurla həyata keçirilib və bu davam etməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verir.
YENİ TƏDRİS İLİNDƏ MÜASİR MƏKTƏB BİNALARI ŞAGİRDLƏRİN İSTİFADƏSİNƏ VERİLİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən, hazırlanıb və uğurla icra olunub.
Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.
Prezident İlham Əliyev yeni təhsil ocağının məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışaqədər hərbi hazırlıq otağında, STEAM Mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şəraitlə tanış oldu.
Vurğulayaq ki, STEAM layihəsi Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, kiçik yaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır.
Xırdalan şəhəri 11 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir.
TƏHSİLƏ AYRILAN PUL GƏLƏCƏYƏ YATIRILAN SƏRMAYƏDİR
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan, hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.
Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" kimi layihələri də uğurla davam etdirir. Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir.
Bu gün paytaxt Bakı ilə yanaşı, ölkəmizin bölgələrində də müasir tipli təhsil müəssisələri şagrdlərin ixiyarına verilir. Ölkənin bütün regionları kimi Şamaxı, İmişli və digər rayonlarında da yeni tipli məktəblər istifadəyə verilib. Yeni açılan məktəblərdə müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var. Görülən işlər deməyə əsas verir ki, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli yüksək səviyyədə şərait mövcuddur.
Nəzakət Ələddinqızı