Son vaxtlar Rusiya- Ermənistan münasibətləri az qala Rusiya-Ukrayna münasibətləri müstəvisinə keçib. Bütün parametrlər üzrə tərəflər bir-birini ittiham edir, keçmişdə olub qapananları yenidən gündəmə gətirib biri digərini ifşa etməyə çalışır. Putin rejimi ipə-sapa yatmayan və hər fürsətdə Avropa ilə işbirliyinə gedən, hətta ABŞ-la hərbi təlimlər təşkil edən Paşinyanı zərərsizləşdirmək üçün bütün mümkün vasitə və üsullardan istifadə edir. Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında isə V.Putin Paşinyana olan bütün nifrətini, qəzəbini nümayiş etdirdi. Bildirdi ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb: “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və özü Qarabağın statusunu müəyyən edib”. V.Putin onu da qeyd edib ki, Rusiya İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın nəzarət etdiyi 5 rayonu Azərbaycana geri qaytarması müqabilində Qarabağı, Kəlbəcəri və Laçını Ermənistanın “yurisdiksiyasında” qalmağı təklif edirdi: “Ermənistan rəhbərliyi bununla razılaşmayıb”.
Putinin Paşinyandan qisas almağa yönələn ciddi siyasətçiyə və dövlət başçısına yaraşmayan açıqlamasından aydın görünür ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı parlaq hərbi qələbə təkcə Ermənistanı və onun havadarlarını deyil, həm də Rusiyanı da ciddi narahat edib.
Söz yox ki, Putin açıqlaması ilə həm də Ermənistanda yeni gərginlik yaratmağa və Paşinyanın devrilməsi üçün müxalifətə yardımçı olmağa çalışır. Artıq Ermənistan müxalifəti Putinin arzu etdiyi məkrli planına uyğun olaraq hərəkətə keçib. Ölkənin hər yerində “Paşinyan satqın”, “Paşinyan istefa versin” şüarları səsləndirilir və mitinqlərə çağırışlar edilir.
Dağıdıcı müxalifət hələ də meydan təfəkküründə qalıb
Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın dağıdıcı müxalifəti də Ermənistan müxalifəti ilə həmrəyilik nümayiş etdirir. Dəxli olmayan, mənasız görünən açıqlamalarla çıxış edib, statuslar paylaşmaqla fürsətçil və Putin düşüncəsinə, Paşinyan xarakterinə, Koçaryan və Sarkisyan niyyətinə malik məxluqlar olduqlarını nümayiş etdirirlər. Xor dərnəyinin cüccüldəyən üzvləri kimi Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, İlqar Məmmədov, Gültəkin Hacıbəyli və digərləri Putinin açıqlamasına özlərinin qara niyyətlərinə uyğun şərhlər verir, təhlillər aparırlar. Biri ağıllı söz ifadə etmir desin ki, Putin başqa nə deməlidir? Onu Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması narahat edir, Qarabağ üzərində suverinliyin bərpası Rusiyanın iki yüz illik imperialist siyasətinin məhv olması deməkdir. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli deyir: “İşığın hansı tərəfdən gəldiyi, itin harada hürdüyü bu qədər aydın ikən bizim Ağayi-Putinə stavka etməyimiz milli maraqlarımıza xəyanət deməkdir. Rusiya ilə aramıza nə qədər çox məsafə qoysaq, fayda var. Vaşinqton prosesinə daha böyük ciddiyyət və qərarlılıqla köklənmək və nəticə əldə etmək zamanıdır. Hətta gecikirik”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu isə özünü çoxbilmiş kimi göstərib, proqnozlarından dəm vurur: “Yadınızdadırmı, bir canlı yayımda Putinin “mən hesab edirəm ki, Dağlıq Qarabağın ayrıca statusu olmalıdır” dediyini bildirmişdim. İqtidar həmin hissəni montaj edərək ayrıca bir video düzəltmişdi və guya ki, mən ermənilərə status tələb edirəm. O vaxt bunu təkzib etdim, ancaq həmin təkzibim geniş yayılmadı. Amma bu gün Putinin özündən təkzib gəldi. İndi bundan sonra nə deyəcəklər? Yenədəmi Fransanı, Makronu söyəcəklər? Biz demirdikmi suverenliyimizin və ərazi bütövlüyümüzün düşməni Qərb yox, Rusiyadır?”
Dağıdıcı müxaliflər arasında qisməndə olsa, ağıllı fikirlər səsləndirən ReAl partiyasının icra katibi Natiq Cəfərlidir: “Putin bəyan etdi ki, biz (Rusiya) illərdir Laçın və Kəlbəcər də daxil olmaqla Dağlıq Qarabağı Ermənistan yurisdiksiyasında qalmaqla digər 5 rayonu Azərbaycana qaytarmağı təklif etmişdik - amma Ermənistan buna razı olmadı, indi də Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, biz daha nə edə bilərik ki?! Elə bil atası Vladimirin torpaqlarını Ermənistana peşkəş edilməsindən danışır, sanki Azərbaycan və ölkənin rəhbərliyi buna razı, hazır imiş - mən inanmıram ki, mərhum Heydər Əliyev, sonra da Prezident İlham Əliyev buna razılıq vermiş olsunlar, bu, mümkün deyil. Heç vaxt bu addımı atmazdılar, başqa sahələrdə, iqtisadi-sosial məsələlərdə səhvlərinə rəğmən bu məsələdə güzəşt etməzdilər”.
Müxalifət qarayaxma kampaniyasının qurbanı olacaq
Görünən ondan ibarətdir ki, V.Putin Paşinyan rejimindən qisas almaq üçün iylənmiş məlumatlarını gündəmə gətirir. Bundan Ermənsitan ictimaiyyəti və müxalifəti necə və hansı formada istifadə edəcəyi yaxın günlərdə bəlli olacaq. Anlaşılmayan məsələ ondan ibarətdir ki, Azərbaycanın dağıdıcı müxalifəti niyə hay-küy qaldırır? Putin deyib, Ermənistan cəmiyyəti də eşidib. Necə deyərlər, “Gor onların, cəhənnəmdə onların”, özləri bilərlər. Azərbaycan öz ərazilərini işğaldan azad edib və suverenliyini də bərpa edib. Yaxın günlərdə isə Xankəndidə üçrəngli bayrağımız dalğalanacaq. Buna heç kimin şübhəsi olmasın. Müxalifətə isə xatırlatmaq istərdim ki, nə qədər qarayaxma kampaniyası aparsanız, bir o qədər cəmiyyətin gözündən düşəcəksiniz. El məsəlidr: “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”.
İ.ƏLİYEV