"Qarabağ Azərbaycandır!" reallığı amili özünü bütün mənalarda bir daha isbat edir!
Məlum olduğu kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq daşıyan yük maşını ilk dəfə Ağdam-Xankəndi yolundan istifadə etməklə artıq Xankəndidədir. Bu proses başlayıbsa, demək ki, ardı da gələcək. Lakin bununla yanaşı, fakt budur ki, "artsax" heç vaxt Azərbaycanın tərkibində olmayacaq" deyə boğazdan yuxarı bağıran quldur rejimin sonu artıq sübuta yetirilib.
Bu arada, separatçılar da həmin reallığı təsdiq edirlər.
Erməni qulduru: "Xüsusi təyinatlı dəstə”nin üzvləri iki avtobusla gəldilər, hamısı maskalı idi və elan etdilər ki, əgər növbədə duranlar yolu açmasa, güc tətbiq etməli olacaqlar”
Misal üçün, qanunsuz silahlı dəstənin komandiri, “Vahan” adlı terror təşkilatının rəhbəri Artur Vardanyan erməni mediasına deyib ki, həmin gecə cəmi 20-yə yaxın şəxs “növbədə” olub. O, həmin gecə Azərbaycanın xüsusi təyinatlı dəstəsinin də əraziyə gəldiyini iddia edib.
“Xüsusi təyinatlı dəstə”nin üzvləri iki avtobusla gəldilər, hamısı maskalı idi və elan etdilər ki, əgər növbədə duranlar yolu açmasa, güc tətbiq etməli olacaqlar”, - Vardanyan bildirib.
Lakin o, eyni zamanda bildirib ki, heç bir qarşıdurma olmayıb və bundan sonra “növbədə” duranlar piyada Xankəndiyə doğru gediblər.
Belə yük maşınlarının sayı artacaq
Yeri gəlmişkən, Azərbaycanın bir neçə sms nömrələrindən separatçılara "Qarabağ Azərbaycandır" mesajları göndərilir və bu mesajlar da separatizmin sonu olduğunu sübuta yetirir. Yuxarıda da qeyd olunduğu kimi, belə yük maşınlarının sayı artacaq və bunu da erməni mediası etiraf edir. Üstəlik, Laçın yolunun Azərbaycanın nəzarətində qalması və açılmaması faktı ilə.
"Rusiyanın göndərdiyi yük maşını artıq Xankəndiyə çatıb, amma hələ də Laçın yolunun açılmasından söhbət getmir".
Bu barədə Ermənistanın “Harapak” qəzeti məlumat yayıb.
"Hraparak" etiraf edir
“Rusiyanın yük maşını artıq Xankəndiyə çatıb. Xankəndi sakini Arman Arutyunyanın dediyinə görə, şəhərdə şayiə dolaşır ki, bu, Rusiyadan göndərilən yeganə yük maşını olmayacaq, daha çox yük maşınları gələcək. Laçın dəhlizi”nin açılmasına gəlincə, Xankəndi sakini bildirib ki, bu yolun açılmasından söhbət getmir”, - deyə Arutyunyan qəzetə bildirib.
Aydın Mirzəzadə: "Azərbaycan onları buna məcbur edəcək"
“Zaman-zaman artıq Azərbaycanın addımlarını onlar birmənalı şəkildə qəbul edirlər. Əgər bir dövrdə onlar Laçın sərhəd-keçid məntəqəsinin götürülməsini tələb edirdilərsə, indi isə Azərbaycanın gömrük qaydalarından keçidin olmasını tələbini irəli sürürlər". Bu fikri isə deputat Aydın Mirzəzadə mətbuata açıqlayıb. Onun sözlərinə görə, zaman keçəcək buna da öyrəşəcəklər: "Azərbaycan onları buna məcbur edəcək. Çünki dünyanın heç bir ölkəsində mərkəzi hökumətin nəzarəti olmadan fəaliyyət göstərən zona yoxdur. Ona görə də, separatçıların siyasi oyunlarının artıq son akkordları çalınır və özləri də bunu hiss edirlər”.
Beləliklə, hər şey aydınlığa çıxır və Xankəndi də separatçılıq donundan çıxarılır. Artıq fakt budur ki, Azərbaycan əsgəri çox yaxında Xankəndinin əsas binasının başındakı əski parçasını qüdrətli Azərbaycan bayrağı ilə əvəzləməyə hazırlaşır. Qarabağ Azərbaycandır reallığı amili özünü bütün mənalarda bir daha isbat edir!
Afət Tahirqızı