Separatçılara, quldur rejimə qarşı hərbi müstəvidə antiterror əməliyyatların keçirilə biləcəyi artıq danılmaz tələbata çevrilməkdədir
Məlum olduğu kimi, Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi bir TIR yük Ağdam-Xankəndi yolundan keçməklə erməni əhaliyə çatdırıldı. Bu, Bakının istəyinə uyğun olaraq Ağdam yolunun açılması baxımından vacib və uğurlu haldır. Lakin daha bir fakt budur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yüklər bu gün də Xankəndiyə daxil olmayıb və həmin yol üzərində dayanıb.
Maraqlı məqamlardan biri də budur ki, Rusiyanın göndərdiyi TIR-ın Xankəndiyə hansı üsulla daxil olmasıdır. Daha dəqiq desək, quldur rejimin “rəhbərliyi” yardımın qəbul ediləcəyini açıqlasa da, Rusiyadan göndərilən TIR iki gün Bərdədə gözlədi, səbəb isə bir qrup erməni təxribatçının Ağdam yolunu bloklaması idi. Lakin sentyabrın 12-də Rusiya TIR-ı Xankəndiyə daxil oldu. Erməni KİV-ləri isə yazdılar ki, guya “qara maskalıları” yolu bloklayanların üzərinə göndərib və onları ərazidən çıxarıblar.
Təbii ki, bu da qurulmuş ssenarinin tərkib hissəsidir. Çünki fakt budur ki, Ağdam yolunu bağlayan erməni təxribatçıları da, məhz separatçı rejim tərəfindən oraya yerləşdirib. Beləliklə, hər şey göz önündədir və bu, quldur rejimin uğursuz sirk tamaşasıdır.
Rusiya yardımın keçidindən sonra erməni təxribatçıların yenidən yolu bloklaması da sentyabrın 11-dən 12-nə keçən gecə baş verənlərin qurama tamaşa olduğunu kifayət qədər təsdiq edir.
Kremlin oyunu...
Rusiyanın məqsədi Laçın yolunun tədarük üçün açılmasıdır, lakin Bakının tələbini – Ağdam-Xankəndi yolunun açılması – yerinə yetirmədən bunun mümkün olmadığını da anlayır, nəticədə Kreml təxminən bu cür oyun qurur:
1. Quldur rejim Rusiya yardımını qəbul etməyə razılaşır və yük Bərdəyə gətirilir.
2. Erməni təxribatçılar guya iki gün TIR-ın keçidinə “icazə vermir” və həmin əraziyə gələn “maskalılar” onları ərazidən uzaqlaşdırır, yardım keçir və Xankəndiyə çatır.
3. Bundan sonra isə təxribatçılar yenidən bloklayırlar.
4. Rusiya öz yük maşınının Ağdam yolundan keçidini təmin etdikdən sonra Bakıya “yolun açıldığı" mesajını ötürür, başqa tətəfdən isə sözügedən yoldan yükün qəbuluna qarşı çıxan separatçıların tərəfində dayanır. Beləliklə, məqsəd Bakıdan Laçın yolunun da “yardım” üçün açılmasını istəməkdir.
Bakı hər şeyi görür və...
Söz yox ki, Bakı bu oyunbazlığı kifayət qədər aydın görür. Bu baxımdan da, Laçın yolu məsələsində iki prinsipial tələbini qətiyyətlə qüvvədə saxlayır.
1. Laçın yolundan daşınacaq yüklərə gömrük rüsumları mütləq tətbiq tələb olunacaq.
2. Əgər ki, BQXK bu yoldan gömrük rüsumlarının ödənməsi ilə yük keçirəcəksə, paralel şəkildə Ağdam yolundan da yük keçirməlidir.
3. Laçından yük keçirmək istəyən hər hansı ölkə və ya yaxud təşkilat bu barədə Bakıya rəsmi məlumat verməlidirlər.
Bu reallıq Laçın yolunun ümumiyyətlə açılmayacağı, yaxud Azərbaycanın irəli sürdüyü şərtləri çərçivəsində ilkin dövrdə açılsa belə, bir daha əsas təminat yolunun Ağdam-Xankəndi marşrutu olacağı faktını ortaya qoyur, deməyə əsas verir.
Sonrakı proseslər də, məhz bu qətiyyətli pinsip ətrafında davam etdiriləcək.
Azərbaycanın iki istiqamətdə hərəkət edə biləcəyi isə indidən məlumdur
Ancaq o da bəllidir ki, Rusiya prosesi separatçılar üzərindən tormozlamağa çalışır və bu cəhdlər göz önündədir. Ermənistan isə artıq beynəlxalq müstəvidə mənasızlaşan, zəif və gərəksiz kampaniyasını davam edəcək. Bəzi Avropa və Qərb ölkələri, məsələn, Fransa, Kanada kimi ölkələr bu məsələdə ermənilərə və quldur rejimə dəstək verəcəklər. Xankəndidəki separatçılar isə hər zamankı kimi "sona qədər müqavimət göstərmək” oyununu oynayacaqlar.
Fəqət, danılmaz həqiqətdir ki, son söz və qərar vermək gücü bilavasitə Bakıdadır. Azərbaycanın iki istiqamətdə hərəkət edə biləcəyi isə indidən məlumdur. Ağdam-Xankəndi yolundan Azərbaycan yükləri keçməyənə və erməni əhalisinə çatdırılmayana qədər heç bir yükün keçidinə icazə verilməyəcək. Sonda isə separatçılara, quldur rejimə qarşı hərbi müstəvidə antiterror əməliyyatların keçirilə biləcəyi artıq danılmaz tələbata çevrilməkdədir.
Afət Tahirqızı