PDF Oxu

Siyasət

  • 1 791

Laçında çalınan ilk zəng, ilk çağırış TƏHLİL

Laçında çalınan ilk zəng, ilk çağırış TƏHLİL

Sentyabrın 15-də respublikada Bilik Günü qeyd olunur. Bu, bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanğıcıdır. Təbii ki, bu günü daha çox səbirsizliklə gözləyənlər bu il birinci sinifə gedəcək şagirdlər və I kursa qəbul olan tələbələrdir. Hər il ölkəmizdə Bilik günü böyük təntənə ilə qeyd olunur. (Əlbəttə ki, pandemiya ilə əlaqədar məlum səbəblər istisna olunmaqla). Ötən il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən onlarla hərbi qulluqçularımızın şəhid olduğundan ümumtəhsil məktəblərində "Bilik Günü" təntənəli şəkildə qeyd edilmədi. Bu il "Bilik Günü"ndə məktəblərdə ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunacaq. Vurğulayaq ki, 2023-cü il ölkəmizdə "Heydər Əliyev" ili çərçivəsində müxtəlif səpgidə tədbirlər keçirilir. Məktəblərdə ilk dərs günündə bu mövzuya müraciət edilməsində məqsəd şagirdlərdə vətənpərvərlik, dövlətçilik tərbiyəsi, eyni zamanda, müasir azərbaycançılıq ideologiyasının aşılanmasıdır.
Hər bir insanın həyatında bu günün özəl yeri var. Məktəb həyatına ilk çağırış, ilk zəng. Ömrün ən unudulmaz bir zamanına çevrilən bu zəngin sədası illər, qərinələr ötsə də, heç zaman unudulmur. Bu gün ölkəmizdə məktəbə qədəm qoyan hər bir məktəblinin keyfiyyətli və fasiləsiz təhsil alması üçün bütün imkanlar təmin edilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb. Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda təhsilimizə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır. İnsanların həvəslə gözlədiyi və böyük məhəbbətlə qeyd etdiyi bu günün kəsb etdiyi mənanın arxasında böyük dəyərlər dayanır. Bu dəyərlərin ən başlıcası isə müasir dövrümüzdə Azərbaycanın gələcək inkişafını təmin edə biləcək, eyni zamanda, vətənpərvərlik ruhunda milli-mənəvi dəyərlərə söykənən mütəxəssislərin təhsilə mükəmməl olaraq yiyələnməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Orta ixtisas məktəblərində təhsilin idarə edilməsi, eləcə də, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kifayət qədər irəliləyişlərin əldə olunması təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsinə səbəb olub. Şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

MÜASİR TƏFƏKKÜRLÜ AZƏRBAYCAN VƏTƏNDAŞININ YETİŞDİRİLMƏSİ ƏSAS HƏDƏFLƏRDƏNDİR

Dövlətimizin başçısının təhsilə qayğısı nəticəsində keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yüksəlib. Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə artıb, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumi təhsil məktəblərində məktəbə hazırlığa cəlb olunur. Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib və əsaslı təmir olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda, müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün geniş imkanlar yaradır.

31 İL SONRA ZABUXDA İLK ZƏNG SƏDALARI

Əlamətdar haldır ki, yeni tədris ilində işğaldan azad olunan ərazilərimizdə – ötən il 29 il sonra Zəngilanın Ağalı kəndində, bu il isə 31 il sonra Laçının Zabux kəndində ilk zəngin sədaları eşidiləcək. Məktəbə qədəm basan şagirdlər bu torpaqda - əzəli torpaqlarımızda elmin sirlərinə bələd olub, Vətən torpağının müqəddəsliyini bir daha təhsilverənlərdən əxz edəcəklər. Əlifbamızın ilk hərfi olan Ana, Azərbaycan sözlərinin dərin mənasını dərk edəcəklər.
Laçının Zabux kəndinə 31 ildən sonra yenidən doğan günəş - o günəş ki, şəfəqləri ilə kəndə verəcək nuru, ziyanı daha da artırmış olacaq. Hər evdən yeni bir günəşin şəfəqləri boylanacaq. Elmi ilə sabahını nurlandıracaqdır. Paylandıqca tükənməyən bir xəzinəyə sahib olacaq, bu gənd. İşığı nursuz diyarları rövnəqləndirəcəkdir. Ermənistanın işğalından azad olunan Laçın rayonunun Zabux kənd 2 nömrəli tam orta məktəbində 31 ildən sonra ilk dəfə səslənən zəng onlarla məktəblini yenidən bir məkana toplayacaq. Yeni həyat, yeni gün başlayacaq. Qeyd edək ki, şagirdlər üçün hər cür şərait aradılan 510 şagird yerlik Laçın rayon 2 nömrəli tam orta məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, bir informatika, bir texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.
Zabuxda inşa olunan üçmərtəbəli məktəbdə şagirdlər bir məslək, bir əqidə uğrunda burada təhsil alacaqlar. Elmli, savadlı və sabahın qurucusu olaraq yetişəcəklər. Azərbaycan gəncliyinin bir qismi bu məktəbdən boy atacaq. Onlar heç zaman acı bir həyat yaşamış ata-babalarının həyat hekayəsini unutmayacaq və nə üçün 31 ildən sonra bu məktəbdə ilk zəngin çalındığını daş yaddaşlara köçürəcəklər. Nə üçün... Erməni təcavüzkar siyasəti nəticəsində əzəli torpaqlarından didərgin düşən insanlar məcburi köçkünə, qaçqına çevrildi. Çətin ictimai-siyasi böhran, soyqırımı… vətən, torpaq həsrəti, çadır həyatı. İnsanlar nələr yaşamadılar?! Erməni nankorluğu, faşist ideologiyası bizə bu dəhşətləri yaşatdı. Bu gün bu məktəbdən boy atanlar Azərbaycan həqiqətlərini qalaq-qalaq kitablara həkk edəcəklər.

ÇAĞIRIŞLARA CAVAB VERƏN İNSAN KAPİTALI

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndan irəli gələn "keyfiyyətli insan kapitalının hazırlanması", "təhsilin keyfiyyətinin yaxşılaşdırlması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası" kimi prioritet-strateji istiqamətlər təhsilin inkişafına olan xüsusi diqqətinin göstəricisidir.Təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda öz təhsillərini davam etdirmək iqtidarındadırlar. Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir. Son illərdə məktəblilərin dərsliklərlə pulsuz təmin edilməsini və s. mühüm halların baş verməsi, məhz görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili-idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərindəndir. Əlbəttə ki, Zəfər qazanmış Azərbaycan xalqının övladlarının qarşısında geniş imkanlar açılmaqla yanaşı, üzərilərinə də böyük məsuliyyət düşür. Onlar Vətənin gələcək qoruyucularıdır. 44 günlük Vətən müharibəsində məktəb partası arxasında yetişən vətənpərvər gənclər öz iradə və vətən sevgilərini nümayiş etdirdilər. Onların belə vətənpərvər ruhda böyümələri üçün dövlətimiz tərəfindən ayrılan diqqət və qayğının nətcəsidir ki, düşməni əzəli torpağımızdan mərdliklə qovaraq, onlara dərs verdilər.
Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə, həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz uğurlu olsun!

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər