Rusiyalı politoloqlar açıq şəkildə deyirlər ki...
Ermənistanın baş naziri Paşinyanın ABŞ-ın “Politiko” nəşrinə müsahibəsində “Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz” sözləri bugünə qədər onun Rusiyanın Ermənistana yönəldilmiş siyasəti barədəki mənfi fikirlərinin ən seçiləni sayıla bilər. Artıq danılmaz faltdır ki, Paşinyan bu cümlə ilə Ermənistanın Rusiyadan üz döndərdiyini rəsmən elan edib.
Elxan Şahinoğlu: "Paşinyan demək istəyib ki, Ermənistan Rusiyanın vassalı və forpostu olduğu müddətdə müstəqil ola bilməyəcək"
Politoloq Elxan Şahinoğluna görə, Paşinyanın başqa bir etirafı ondan ibarətdir ki, o, Rusiyadan asılı olan Ermənistanın hələ də müstəqil dövlət ola bilmədiyini etiraf edib. Belə ki, Ermənistanın baş naziri mövcud vəziyyəti Ukrayna müharibəsi ilə əlaqələndirib: “Bu savaş Rusiyanın imkanlarına təsir göstərib”, - Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Nikol Paşinyanın həm Azərbaycan, həm də Türkiyənin Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələr olduğu fikri də diqqətçəkəndir: “Paşinyan deyib ki, Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Ermənistan isə müstəqil, suveren olmaq istəyir. Yəni, Paşinyan demək istəyib ki, Ermənistan Rusiyanın vassalı və forpostu olduğu müddətdə müstəqil ola bilməyəcək".
"Paşinyan Rusiya ilə sağollaşmaq istəyirsə..."
Polotoloqa görə, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa və ölkəmizlə sülh sazişi imzalayarsa, Rusiyanı Qarabağdan çıxarmaq daha asan olar. Əks halda Rusiya Qarabağda hərbi varlığı vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir alətini saxlayacaq. "Məntiqlə Paşinyan Rusiya ilə sağollaşmaq istəyirsə, bunu təkbaşına edə bilməyəcək, bu, regional səylərlə həyata keçirilə bilər. Ancaq bunun üçün Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması lazımdır”, - Elxan Şahinoğlu bildirib.
Rusiyalı politoloq Modest Kolerov: "Əvvəlki fikrimi yenə təkrarlayıram: Ermənistan tezliklə məhv olacaq”
Maraqlıdır ki, artıq rəsmi Moskva da Ermənistanın mövcud hakimiyyətinə qarşı demarşa çıxıb. Misal üçün, rusiyalı politoloq Modest Kolerov hesab edir ki, Ermənistanın Rusiyadan imtinası bu ölkənin məhvi ilə nəticəsini tapacaq.
"Əvvəlki fikrimi yenə təkrarlayıram: Ermənistan tezliklə məhv olacaq”, - deyən Kolerova görə, o, daha əvvəl də bənzər proqnozunu vermişdi: “Bundan əvvəl Ermənistanın tezliklə məhv olacağını proqnozlaşdırmışdım, indi də həmin proqnozda israrlıyam. Ermənistanın indiki hakimiyyətinin bugünkü bəyanatları və hərəkətləri, Rusiya ilə münasibətləri korlaması Ermənistanı birbaşa məhvə aparır. Ermənistan dövlətçiliyi bu gün ciddi təhlükə qarşısındadır”.
Onun sözlərinə görə, Nikol Paşinyanın etdikləri dəhşətli, dağıdıcı və təhlükəlidir.
"Ermənistanda hər gün anti-Rusiya əhval-ruhiyyəsi artır. Bu, uğursuz Nikol Paşinyan hökumətinin son səylərinin nəticəsidir. Nikol Paşinyanın Ermənistanı məğlub oldu. Anti-Rusiya əhval-ruhiyyəsi də buna sübutdur. Bu durumda Qarabağdan danışmağa ehtiyac yoxdur. Nikol Paşinyan Qarabağı müstəsna olaraq Azərbaycanın bir hissəsi kimi görür”, - Kolerov bildirib.
Rusiyalı siyasi ekspert İqor Korotçenko: "Qardaş xristian xalqı” haqqında mantranı unudun və tarixin zibil qutusuna atın"
Daha bir Rusiya politoloqu, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko da eyni fikirləri bölüşür. "Paşinyan və Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə doğru sürüklənir. Bu, artıq tendensiya deyil - bu, İrəvanın strateji siyasi kursudur", - deyə o bildirib.
Korotçenko fikirlərini daha dəqiq məntiqlə açıqlayıb və Ermənistanın əməllərinə görə cavab alacağını istisna etməyib: “Ermənistan artıq Rusiyaya dost dövlət deyil. “Qardaş xristian xalqı” haqqında mantranı unudun və tarixin zibil qutusuna atın. İndi gəlin Ermənistanı yalnız əməllərinə görə qiymətləndirək - həm də beynəlxalq erməni diasporunun işləri haqqında”.
Beləliklə, fakt budur ku, rəsmi İrəvanın Rusiya əleyhinə çıxması və bunu açıq-aşkar, dövlət və hakimiyyət səviyyəsində bəyan etməsi artıq Moskvanın hərəkətə keçməsi ilə nəticələnəcək. Hər halda Kremlə kifayət qədər yaxınlıqları ilə seçilən politoloqların proqnozları da məhz bu cür qənaətə gəlməyə zəmin yaradır.
Afət Tahirqızı