Heydər Əliyev - müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, Ümummilli Lideri. Nə qədər söz desək də Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq. Bir sözlə, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi ulu öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünki və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövlət, müstəqil Azərbaycanı miras qoydu. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizdə dinamik inkişaf, sürətli tərəqqi ilə müşayiət edilib. Ulu Öndərin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmizdə ilk növbədə milli dirçəlişin əsasının qoyulması baxımından müstəsna əhəmiyyət kəsb edib. Bu mənada Heydər Əliyevin həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin KP MK-nın Birinci katibi seçilməsi ölkə tarixində yeni dövrün başlanğıcını qoydu. Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi olduqca mürəkkəb tarixi bir dövrə təsadüf edib. Keçən əsrin 60-cı illərində Azərbaycan digər sovet respublikaları ilə müqayisədə iqtisadiyyatın bir çox sahələrində inkişaf baxımından geridə qalır və ölkənin potensialından lazımi səviyyədə istifadə olunmurdu. Məhz belə bir mürəkkəb mərhələdə Heydər Əliyevin hakimiyyətə gəlməsi iqtisadi dirçəlişin əsasını qoydu. Heydər Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi, Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin də həyatını təhlükədə qoymaqdan belə çəkinməyib. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi törədilən zaman xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. O zaman ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ də hökm sürdüyü bir vaxtda amansız, qəddar, xalqımızın qanına susamış bir rejimə açıq şəkildə və özüdə mərkəzində etiraz etmək sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Məhz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq bu cəsarəti göstərdi, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi, bu yolda hətta canını belə əsirgəmədiyini ortaya qoydu.Böyük tarixi şəxsiyyət olan Heydər Əliyev təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi.O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində – daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.Bu gün heç kəsə sirr deyil ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üzləşdiyi çətinlikləri, başına gətirilən bəlaları dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırdı, müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi. Belə ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı.
Bütün bunlara görədir ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir.Ulu öndər 1993-cü ildə hakimiyyətə gəldiyi ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı. Böyük şəxsiyyət olaraq ilk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı, bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.Elə bu səbəbdəndir ki, Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir. Çünki Ulu öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
Heydər Əliyevin ən böyük arzuları Azərbaycanın gələcəyi ilə bağlı idi. "Azərbaycan bütün dünyaya günəş kimi doğacaq" deyən Ümummilli Lider həm də böyük optimist olduğunu isbatlamışdı. Əlbəttə, Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz evlərinə qayıtması Ümummilli Liderin ən böyük arzuları sırasında idi. O, Prezident olaraq vaxtının və enerjisinin böyük hissəsini bu problemlərə həsr etmişdi. Lakin onun zəhməti hədər getmədi. Prezident İlham Əliyev Ulu Öndərin bütün ümidlərini doğrultdu. Ən əsası isı 44 günlük Vətən müharibəsi ilə Qarabağ azad edildi.2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində belə bir ifadə işlətdi: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim!". Bütün Azərbaycan xalqını yaxşı mənada silkələyən bu fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi saya bilərik...”.Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir.
Afət Həsənova
Milli Məclisin deputatı