“Son vaxtlar Ermənistanla sərhədə eyni zamanda, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən ermənilər təxribatlara cəhd edirlər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Ermənistan bir tərəfdən qorxuzduğunu göstərmək istəyir, digər tərəfdən də qorxur: “Yəni onların əslinə qalanda silahlanması və yaxud hərbi texnikaları sərhəddə cəmləmələri onunla bağlıdır. Əlbəttə ki, Azərbaycanı belə şeylərlə qorxudmaq olmaz . Bu kimi təxribatlar Azərbaycan dövlətini və xalqını öz istəklərindən, məqsədlərindən əsla geri çəkindirə bilməyəcək. Çünki biz torpaqlarımızın azadlığı uğrunda savaşmışıq, ölkəmizin ərazi bütövlüyünü təmin etmişik, dövlətimizin suverenliyini qoruyuruq. Ermənistan kimi cılız bir dövlət nə qədər güclənəsə belə yenə də bizim qarşımıza çıxa bilməyəcək. Yəni Ermənistanın bu hərəkətləri sadəcə olaraq nə isə etdiyini göstərməkdən başqa bir şey deyil”.