ABŞ-dakı erməni lobbisinin yaşıl dollarlar hesabına ələ aldığı senatorlar, o pulların əvəzini təxribat siyasətinə “xidmətləri" ilə ödəyirlər. Xüsusilə son vaxtlar guya Xankəndidəki ermənilərin Azərbaycan tərəfindən “blokadaya alındığı” barədə yalan-palan təxribat tipli tamaşalar hazırlayan erməni lobbisi və Xankəndidəki separatçı cinayətkar rejim, bu işə rəng qatmaq üçün avropalı senator və parlamentarilərdən də istifadə edirlər. Bu təxribat oyununu daha da canlandırmaq üçün, yalan dolu alçaqlığı dünyaya həqiqət kimi təqdim etmək üçün. Bu işdə “fəal olanlardan” biri də amerikalı konqresmen Frank Pallon və ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü Bob Menendezdir. Bu ikili qərbdəki erməni diasporundan özəl tapşırıq üçün aldıqları pulların əvəzini sarsaq açıqlamaları və erməni təxribatını beynəlxalq tribunlara çıxarmaq “missiyası” ilə ödəyirlər. Yəni verdiyiniz pul bizdə hədər getmir!
Buyurun bu dediklərimə bariz sübut təqdim edim: “ABŞ Senatında dinləmələrin keçirilməsi Əliyevin Azərbaycanın Laçın dəhlizini qanunsuz şəkildə bağlaması nəticəsində davam edən qəsdən etnik təmizləmə kampaniyasına işıq salmağa kömək etdi", – amerikalı konqresmen Frank Pallon X adlı mikrobloqunda yazıb. Bu nə deməkdir bilirsiniz? Bizim hay-küyümüz olmasaydı, bu yalan tamaşadan heç kimin xəbəri olmayacaqdı.
Hələ bu harasıdır? Pallon qondarma "artsaxda" davam edən "humanitar böhran" tamaşası ilə bağlı bağlı "son dərəcə mühüm dinləmələr" keçirdiyinə görə ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü Bob Menendezə təşəkkür də edib. Aldıqları pulların əvəzini ödəməkdə ona züy tutduğu üçün...
Mətləb Salahov