Siyasət

  • 1 280

Mövcud əlaqələrin inkişafı

image

“Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Eyni zamanda, ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olunur.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat qeyd edib ki, sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il ərzində Tacikistana növbəti dəfə səfər etdi. Qeyd edək ki, Azərbaycanla Tacikistan arasındakı mövcud qardaşlıqlı münasibətlərinin uğurlu inkişafı ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuşdur. Həmin dövrdə Azərbaycan və Tacikistan ağır çətinliklərlə üzləşmişdi, hər iki dövlətdə ictimai-siyasi sabitlik pozulmuş və vətəndaş müharibəsi gedirdi. Lakin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun böyük liderlik bacarığı nəticəsində ölkələrimiz çətinlikləri arxada qoyaraq inkişaf yoluna çıxdı və bu gün Azərbaycan və Tacikistan dünyanın ən sabit ölkələrindəndirlər. Ölkələrimiz arasındakı əlaqələr bütün sahələr üzrə dinamik şəkildə inkişaf edir. Cari ilin aprel ayında Prezident İlham Əliyevin Tacikistana səfəri zamanı çoxsaylı sənədlər və memorandumlar imzalanmışdır ki, bu da Azərbaycanla Tacikistan arasındakı əməkdaşlığın hüquqi bazasının inkişafına təkan vermişdir.
Sədaqət Vəliyeva bildirib ki, səfər çərçivəsində mühüm hadisələrdən biri də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün keçirilməsi oldu. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirak etməsi ölkəmizə olan yüksək diqqət və etimadın göstəricisidir. Tədbirdə çıxış edən dövlətimizin başçısı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı çoxəsrlik qardaşlıq tarixindən, ortaq mədəni köklərdən danışıb. Cənab Prezident ölkələrimizin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, iqtisadi əlaqələrin də fəal şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Sevindirici hal olaraq qeyd etmək yerinə düşərdi ki, ötən il ölkəmizlə Mərkəzi Asiya ölkələri arasındakı ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz artım qeydə alınıb. Dövlət başçısı nəqliyyat və logistika sahəsindəki əlaqələrdən danışaraq vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Bəli, bu gün həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilmişdir. Yüksələn tranzit imkanları ölkəmizin əhəmiyyətini daha da artırmaqla yanaşı Azərbaycanın iqtisadi gücünə əlavə güc qatmaqdadır: “Ümumilikdə, Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri, iki ölkə arasındakı mövcud əlaqələrin inkişafı və yeni əməkdaşlıq perspektivləri baxımından xeyli səmərəli və məhsuldar oldu.”

Digər xəbərlər