Məlum olduğu kimi, Azərbaycan ərazilərində qalan qanunsuz erməni silahlıları demək olar ki, hər gün terror və diversiya cəhdləri göstərirlər.
Rəsmi məlumatlarda terror aktları nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının şəhid olduğu qeyd olunur. Məhz bu baxımdan, yayılan informasiyalar “Qarabağda nə baş verir” sualını da aktuallaşdırır.
Bu problemin yeganə həll yolu antiterror əməliyyatının keçirilməsi və separatizmin ləğv edilməsidir!
Quldur və terrorçu rejimin təxribat hücumlarına başlayacağı isə, əslində, gözlənilən idi. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam marşrutu vasitəsilə yükləri Xankəndinə aparması separatçıların gələcək mövcudluğunu sual altına salır. Onlar mövcud problemlərini həll etmək üçün Bakının tələbi olan Ağdam-Xankəndi marşrutunun açılmasına razı olsalar da, erməni əhalisinin reinteqrasiyanın qarşısını almağa da çalışırlar. Onlar nəticə etibarilə çıxış yolu kimi isə eskalasiyanın yaranmasına səbəb olacaq terror aktlarının törədilməsini seçiblər. Eskalasiya ilə beynəlxalq diqqəti bölgəyə çəkmək, “Azərbaycan erməni əhalisinə hücum edir” iddiasını irəli sürmək və erməni əhalisi arasında düşmənçiliyi körükləmək istəyirlər.
Siyasi şərhçi Asif Nərimanlı Xocavənddəki terror hadisəsi ilə bağlı şərhində bildirib ki, insanların və polis əməkdaşlarının şəhid olması ilə nəticələnən mina terroru da, məhz bu təxribatın tərkib hissəsidir.
"Bu problemin yeganə həll yolu antiterror əməliyyatının keçirilməsi və separatizmin ləğv edilməsidir. Beynəlxalq təcrübə də təsdiq edir ki, ölkə daxilində separatçı-terrorçu qruplaşmalarının məhv edilməsi yalnız güc tətbiqi ilə mümkündür", - deyə o qeyd edib.
Xəbərdarlıq edilmişdi!
Xatırladaq ki, bu günlərdə rəsmi Bakı separatçı rejimə və Ermənistana son qəti xəbərdarlıq edib.
Məhz bu xəbərdarlıq da belə qənaətə gəlməyə zəmin yaradır ki, separatçıların terror aktı antiterror əməliyyatını qaçılmaz edir. 44 günlük müharibədən sonra bütün şərtlər də ərazimizdə separatizmin ləğv edilməsi, silahlı dəstələrin neytrallaşdırılması üçün heç olmadığı qədər uyğundur.
"Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır".
Xatırladaq ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə yaydığı açıqlamada bildirlib.
Qeyd olunub ki, senyabrın 19-da 1 ədəd nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində 2 nəfər mülki şəxs həlak olub.
Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.
Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, Üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır. Bununla yanaşı, bu təxribatların məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır", - XİN-dən qeyd olunub.
Beləliklə, vaxt və zaman yetişdi: terrora qarşı ANTİTERROR!
Afət Tahirqızı