Siyasət

  • 1 241

Müharibədə itkin düşmüş şəxslərin taleyi dövlətimizin diqqət mərkəzindədir

image

Məlum olduğu kimi, sentyabrın 18-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakıda “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə bir çox xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı onu göstərir ki, beynəlxalq ictimaiyyət 30 il ərzində erməni işğalı ilə üz-üzə qalmış Azərbaycanın başına gələn müsibətlərə heç də biganə deyil. Bu, konfransın əhəmiyyətini və mövzunun aktuallığını artıran əsas amillərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu nümayiş etdirir. Ölkə başçısı tədbiri ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsi kimi dəyərləndirmişdir.
Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 4 minədək vətəndaşımız itkin düşmüş, onlardan 900-ə yaxını əsir-girov götürülmüş və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmışdır. Mötəbər sübutlara və postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan bərpa-quruculuq işləri zamanı aşkar olunan faktlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır. Qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmiş və artıq itkin düşmüş 25 nəfərin eyniləşdirilməsi mümkün olmuşdur. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.
Cənab İlham Əliyev öz müraciətində 1993-cü ildə yaradılmış Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu illər ərzində göstərdiyi fəaliyyətə də yüksək qiymət vermişdir.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geosiyasi reallıqların yaranması ilə yanaşı Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün də yeni imkanlar açılmışdır. Azərbaycan hökuməti bütün mümkün vasitələrdən istifadə etməklə məsələni beynəlxalq hüquq müstəvisində araşdırılması üçün səylərini davam etdirməkdədir. Qlobal problemə çevrilmiş itkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında Azərbaycan tərəfindən xüsusi qabardılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə layihəsi təqdim edir. Bundan əlavə, dövlətimizin başçısı bu şəxslərlə bağlı BMT sistemində xüsusi mexanizmin yaradılmasına dair təklif irəli sürmüşdür. Rəsmi İrəvanisə öz xislətinə sadiq qalaraq beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq bu şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Yaranmış vəziyyətə siyasi qiymət verən Prezident İlham Əliyev Ermənistanın hüquqazidd davranışının səbəblərinə aydınlıq gətirmiş və beynəlxalq ictimaiyyətə çağırış etmişdir: “Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir”.
İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eyni zamanda, sülhyaratma proseinin sürətləndirilməsi baxımından da vacibdir. Dövlət başçımızın konfrans iştirakçılarına müraciətində bu sahədə əməkdaşlığın effektiv etimad quruculuğu tədbirlərindən birinə çevrilə biləcəyi ilə bağlı mövqeyi ifadə olunmuşdur.
Azərbaycan hökumətinin və diplomatiyasının itkin düşmüş şəxslərlə bağlı göstərdiyi ardıcıl səylər tezliklə bu sahədə müsbət nəticələrin əldə olunacağına ümidləri artırır. Bununla bağlı Azərbaycan paytaxtında təşkil olunmuş və geniş təmsilçiliyi ilə seçilən konfrans da beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi aktual məsələyə cəlb olunması üçün mühüm vasitədir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər