Siyasət

  • 1 402

"Biz Türkiyə ilə birgə gözlənilən hədəflərə çatacağıq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

image

"Son dövrlərdə Cənubi Qafqazda vəziyyət çox gərginləşib. Ermənistan Azərbaycan sərhədinə çox sayda ordu yığıb. Biz də onlara qarşı öz silahlı qüvvələrimizin gücündən istifadə etməklə ordu yığmışıq. Əgər Ermənistan Azərbaycan ərazisinə hücum edərsə, biz onlara cavab verməli olacağıq. Amma Azərbaycanın istəyi sülh və əmin-amanlıqdır. Ona görə də sülh üçün beynəlxalq güclərin imkanlarından da istifadə etməyə çalışırıq. Ermənistan isə beynəlxalq qurumlara müraciət edərək əsassız şəkildə guya Azərbaycanın Qarabağda yaşayan erməniləri blokadada saxlaması haqqında bəyanatlar yayırlar. Hətta bu haqda BMT-də də dinləmələr olub. Həmin dinləmələr zamanı Laçın yolundan istifadəyə icazə verilib. Belə bir kontekstdə ermənilər indiyədək əsassız ideyasını yeritməyə çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, dünən həm Ağdam-Xankəndi yolundan, həm də Laçın yolundan Xankəndinə humanitar yük aparılıb: "Vəziyyətin belə gərginləşdiyi dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a getməmişdən öncə çıxışında bildirdi ki, Qafqazdakı vəziyyəti normallaşdırmaq üçün dördtərəfli görüş keçirmək lazımdır. Burada əsas oyunçular Rusiya və Türkiyədir. Çünki Azərbaycan sərhədində də, Ermənistanda rus sülhməramlıları və qoşunu yer almaqdadır. Türkiyə Azərbaycanla strateji müttəfiqdir. Türkiyə Rusiya ilə birlikdə Azərbaycan-Ermənistan münaqişəsinin monitorinq mərkəzi yaradıb. Ona görə də sülh məsələsini bu iki dövlətin və münaqişə tərəflərinin iştirakı ilə həll etmək olar".Politoloq sözlərinə davam edərək bildirib ki, bu məsələyə Fransa, ABŞ və digər ölkələrin qarışması sülh prosesini uzatmaqdan başqa bir işə yaramır: "Amma Paşinyan böyük qüvvələrin gücündən istifadə edərək Azərbaycana müəyyən mənada təzyiqlər etmək istəyir. Ancaq bunlar hamısı əbəsdir. Çünki Azərbaycan müstəqil siyasət yürüdür və heç kimin sözü ilə hərəkət etmir. Bizim sadəcə istəyimiz sülh müqaviləsinin imzalanmasıdır. Əgər Ermənistan buna razı olmasa müharibə qaçınılmazdır. Bu da Ermənistanın sonunu gətirəcək. Ona görə də cənab Ərdoğanın gəlişi iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafına səbəb olacaq və biz Türkiyə ilə birlikdə gözlənilən hədəflərə çatacağıq".

Ləman Sərraf

Digər xəbərlər