Siyasət

  • 1 061

Haqqa, ədalətə gedən yolun Qalib LİDERİ TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan da məhz bu idi"

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində söyləyib ki, İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Dövlətimizin başçısı deyib ki, bu, qəhrəmanlıq dastanıdır, bu, misli görünməmiş qəhrəmanlıqdır: «İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi».Bəli, İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Və qələbəmizin hər ilini böyük uğurla başa vururuq. Böyük qürur hissi keçiririk ki, bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Bu, həmdə bir daha nümayiş etdirdi ki, güclü, qüdrətli, yüz minlik ordunu heç kim dayandıra bilməz!

BİZİM ORDUMUZ ÖZ GÜCÜNÜ PARADDA YOX, DÖYÜŞ MEYDANINDA DA GÖSTƏRİB

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində onu da bildirib ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən: "Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır".

Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarında da dəfələrlə bildirmişdir ki, bu qələbə zamanında ordu sahəsində görülən işlərin nəticəsidir: "Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik".Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq: "Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq".

BİZ NƏ DEMİŞİKSƏ, HƏR BİR SÖZÜMÜZ HƏYATDA ÖZ ƏKSİNİ TAPIB

İmzası qədər güclü olan lider, Ali Baş Komandan Prezident İlham Əliyev 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün “Güclü ordu - güclü dövlət” strategiyasının və "dəmir yumruq" siyasətinin nəticəsində bu qələbə qazanıldı. Çünki dövlət başçımız iqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəltdi. Hərbçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbçilərimiz beynəlxalq təlimlərə qatıldılar. Son 20 il ərzində Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil.

Bəli, Prezident İlham Əliyevin nəyi necə və nə vaxt etmək lazım olduğunu çox yaxşı bildiyi siyasətin nəticəsi budur. Azərbaycan Prezidenti İlham Əliyev xalqa dəfələrlə etdiyi müraciətlərində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”. Göründüyü kimi, bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Bir sözlə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində də bildirib ki, biz nə demişiksə, hər bir sözümüz həyatda öz əksini tapıb: "Həyat onu göstərir ki, biz nə demişiksə, hər bir sözümüz həyatda öz əksini tapıb".

QARABAĞIN VƏ ZƏNGƏZURUN BƏRPASI MİSSİYASINI DA UĞURLA İCRA EDƏCƏYİK

"Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik". Bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib."Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik", - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində onu da söylədi ki, ulu öndər Heydər Əliyevin arzusu Qarabağı azad görmək idi: "Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı". Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq! Budur, sözü imzası qədər dəyərli olan Lider. Və Ermənistanın alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!: «Heç kim bizi dayandıra bilməz!. Yüz minlik ordunu kim dayandıra bilər?... Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!». Çünki bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Çünki bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir statusdan söhbət gedə bilməz! Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur.

Bütün bu söylənilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, “Nə qədər mən Prezidentəm, heç bir statusdan söhbət gedə bilməz!” deyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SON 20 İLDƏ ÜMUMMİLLİ LİDERİN İDEYALARININ İŞIĞINDA BÖYÜK İNKİŞAF YOLU KEÇİB

20 il öncə Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" cümlələri sadəcə, Ulu Öndərin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi Liderin uzaqgörənliyi də aydın sezilir. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 20 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur. Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl, uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanın yürütdüyü 30 illik işğalçılıq, talançılıq, varvarlıq, terrorçuluq siyasətini əməli şəkildə cəzalandırdı.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində söylədiyi kimi: "Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı".

Bir sözlə, bütün bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük Sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər