PDF Oxu

Siyasət

  • 2 927

Bütün iqtisadi layihələr Azərbaycanın iqtisadi potensialını gücləndirir ŞƏRH

Bütün iqtisadi layihələr Azərbaycanın iqtisadi potensialını gücləndirir ŞƏRH

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana işgüzar səfəri də bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev Tacikistana səfər çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin parlaq nümunəsidir.

Son illər rəsmi Bakının xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi xüsusilə diqqət çəkir. Əslində, münasibətlərin qısa zaman kəsiyində inkişafında ciddi tarixi siyasi əsaslar var. Azərbaycanla Mərkəzi Asiya ölkələrini çoxəsrlik qardaşlıq münasibətləri, ortaq mədəni köklər, keçmiş sovetlər dönəmində iqtisadi əlaqələr dövlətlərarası münasibətlərin möhkəm bünövrəsini təşkil edir ki, bu da bugünkü əməkdaşlığa böyük töhfə verir. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya ölkələr ilə həm ikitərəfli, həm çoxtərəfli formatda qarşılıqlı münasibətlər qurub, iqtisadi əlaqələr fəal şəkildə inkişaf etdirilib. Bu proses geopolitik baxımdan da xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Tacikistanın paytaxtı Düşənbədə keçirilən 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı münasibətlərin gələcək inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Qeyd olunduğu kimi Azərbaycan lideri Məşvərət Şurasının işində ilk dəfə idi ki, iştirak edirdi.

Amma regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına böyük töhfə verəcəyi şübhəsizdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi-siyasi münasibətlərin bugünkü geopolitik durumda əhəmiyyətini artıran məqam nəqliyyat və logistika sahəsidir. Artıq hər kəs qəbul edir ki, tarixi İpək Yolu olaraq Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.

Eyni zamanda, Avropadan Asiyaya da tranzitin iqtisadi əhəmiyyəti yüksəkdir. Ölkəmizin başçısı bir daha bildirdi ki, Mərkəzi Asiya ölkələri üçün Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu açıqdır. Bunları nəzərə alaraq əminliklə demək olar ki, Prezident İlham Əliyevin Tacikistan səfəri və Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın beynəlxalq arenada iqtisadi və siyasi nüfuzunun artmasında müstəsna rol oynayacaq. Çünki müasir dünya siyasi düzəni iqtisadi maraqlar üzərində tənzimlənir və Avrasiya qitəsində bütün logistik layihələrdə Azərbaycan və Mərkəzi Asiya mühüm strateji əhəmiyyət kəsb edir. Bu isə Avrasiya məkanında bütün iqtisadi layihələrdə Azərbaycanın əvəzolunmaz ölkə olduğunu təsdiq edir. Prezident İlham Əliyevin yürütdüyü xarici iqtisadi siyasət kursu Azərbaycanın tək regionda deyil, bütövlükdə dünyanın iqtisadi-siyasi çapında ölkəmizin nüfuzunu artırmış olur.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Digər xəbərlər