PDF Oxu

Siyasət

  • 1 781

Antiterror əməliyyatı: ağ bayraq qaldırılana qədər! - ANALİTİK+AKTUAL

Antiterror əməliyyatı: ağ bayraq qaldırılana qədər! - ANALİTİK+AKTUAL

Məqsəd bəlli, yol bəlli, Xankəndiyə doğru...

Azərbaycanın ərazilərində qalan qeyri-qanuni erməni silahlılarına qarşı sentyabrın 19-dan başlayan antiterror tədbirləri uğurla davam etdirilməkdədir. Bu tədbirlər bir daha sübut edir ki, beynəlxalq aləmdə Azərbaycanın ərazisi olaraq tanınan Qarabağ iqtisadi zonasında bundan sonra heç vaxt terrorçular, separatçı ünsürlər olmayacaq. Daha dəqiq desək, lokal xarakterli antiterror tədbirləri cinayətkar rejimin ağ bayraq qaldırmasına və təslim olaraq silahı yerə qoymasına qədər davam etdiriləcək. Beləliklə, antiterror tədbirlərinin əsas məqsədi Azərbaycanda qayda qanunun və nizamın yaradılmasıdır. Bu reallıq həm də onu göstərməkdədir ki, Azərbaycan ərazilərində boz zonalar qalmamalıdır.

Ermənilərin təhlükəsizliyi digər etnik azlıqların təhlükəsizliyi kimi Azərbaycan konstitusiyası və qanunvericiliyi ilə təmin ediləcək

Yeri gəlmişkən, hələ bu tədbirlərə qədər rəsmi Bakı erməni silahlılarına bir neçə dəfə görüşməyi təklif etsə də, qarşı tərəf bundan imtina edərək, Ermənistana və bu ölkənin havadarlarına arxalanırdılar. Maraqlı məqam isə budur ki, separatçılar aldıqları sarsıdıcı zərbələrdən sonra yenidən antiterror əməliyyatının dayandırılması üçün müraciət etsələr də, yuxarıda edilən təklifə məhəl qoymayıblar. Halbuki Azərbaycan yenidən erməni silahlılarına tərksilah olmağı və reinteqrasiya üçün Yevlaxda danışıqların aparılmasına dəvət edib. Daha dəqiq desək, ermənilərin təhlükəsizliyi digər etnik azlıqların təhlükəsizliyi kimi Azərbaycan konstitusiyası və qanunvericiliyi ilə təmin ediləcək. Təəssüf ki, Qarabağda qalan və Ermənistanın, eləcə də oradakı quldur rejimin girovuna çevrilən erməni əsilli Azərbaycan vətəndaşları hələ də ağır vəziyyətdə saxlanılmaqdadırlar. Düşmən öz kirli məqsədlərinin saxlanılması, beynəlxalq aləmə çığır-bağır salması üçün açıq-aşkar onları öz qurbanına çevirməyə davam edir.

İtaliyanın nüfuzlu hərbi eksperti Tomas Teyner: "Hər şey bitdi! Təslim olun"

Düzdür, bəzi erməni havadarları bu gün də Azərbaycanın suveren hüquqlarına qarşı tamamilə əks mövqe sərgiləsələr də, gerçəklikdən çıxış edən və ədalətli mövqe sərgiləyən siyasi diplomatlar da var ki, Azərbaycanın haqq işini dəstəkləyirlər. Misal üçün, İtaliyanın nüfuzlu hərbi eksperti Tomas Teyner özünün "X" (keçmiş tvitter) səhifəsində Qarabağdakı separatçılara, Ermənistana və onlara havadarlıq edən Fransa, Kanada, Yunanıstan, Cənubi Kipr və s. məlum dairələrə xitab edərək bildirib: "Qarabağı və ona bağlı olan yeddi rayonu işğal edərkən, etnik təmizləmələr apararkən və bütün qonşularına qarşı ərazi iddiaları irəli sürərkən bu, "millətin öz müqəddəratını həll etmək hüququ" adlandırılır.

Lakin 30 ildən sonra, danışıqlar nəticəsiz qaldıqda və silahlı işğalçılar qovularkən, regionun bərpası həyata keçirilərkən bu, "aqressiya və genosid" olur?

Elə edin ki, səhv salmayasınız. Hər şey bitdi! Təslim olun".

O, xatırladıb ki, 2020-ci ilin sentyabrında başlayan əks-hücum əməliyyatlarının 3-cü günündə Ermənistanın Qarabağda məğlub olacağını proqnozlaşdırmışdı.

"...2023-cü ilin sentyabrında 20 dəqiqədən sonra mən dedim ki, Qarabağ erməniləri (separatçılar) savaşı uduzublar. Hər şey bitib. Təslim olun".

Foundation for Defense of Democracies (FDD) adlı nüfuzlu beyin mərkəzinin baş məsləhətçisi Şaffer: "Siz təsəvvürünüzə gətirə bilərsinizmi ki, ABŞ-ın dövlət katibi Blinken Ukraynaya zəng edir və Kiyevdən xahiş edir ki, Krımda və Donetskdən olan terrorçulara qarşı hərbi əməliyyatlar aparılmasın...?"

"Heç bir "Dağlıq Qarabağ" deyilən ərazi vahidi mövcud deyil. Sovet İttifaqı 30 ildən çoxdur ki, süquta uğrayıb. Bu, Azərbaycanın Qarabağ regionudur". Bu fikirləri isə ABŞ-ın Foundation for Defense of Democracies (FDD) adlı nüfuzlu beyin mərkəzinin baş məsləhətçisi Şaffer Avropa İttifaqının sədri Mişelin bəyanatına cavab olaraq bildirib.

Yeri gəlmişkən, Şaffer ABŞ-ın dövlət katibi Blinkenin də bəyanatına dəqiq münasibət açıqlayıb. Belə ki, Qarabağda lokal antiterror tədbirləri başlayar-başlamaz Blinken həmin tədbirlərin "dərhal dayandırılmasını" tələb etmişdi. Bu baxımdan, Şiffer qeyd edib: "Siz təsəvvürünüzə gətirə bilərsinizmi ki, ABŞ-ın dövlət katibi Blinken Ukraynaya zəng edir və Kiyevdən xahiş edir ki, Krımda və Donetskdən olan terrorçulara qarşı hərbi əməliyyatlar aparılmasın...?"

Bəli, bu, ən düzgün məntiqdir və hazırda da bəzi ermənipərəst qurumlar öz sərsəm və ərazi bütövlüyümüzə qarşı gərəksiz bəyanatlar səsləndirərkən, həqiqətləri söyləyən tərəflər də onları susdurmaqdadır.

Bu arada, Azərbaycan Prezidenti İlham Əliyev Blinkenlə telefon danışığında öz qəti fikirlərini qarşı tərəfə aydın şəkildə çatdırıb.

Dövlət başçımız bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi tədbirlərin hədəfi legitim hərbi obyektlərdir.

O, əlavə edib ki, antiterror tədbirləri separatçıların silahlarını yerə qoyduqları zamana qədər davam edəcək.

6 ay əvvəl Ermənistanın Hindistandan aldığı ATAGS artilleriya qurğusu Qarabağda nə gəzir?

Antiterror əməliyyatları başlayar-başlamaz daha bir məqam diqqətdən kənarda qalmadı. Ermənistanın baş naziri Nikol Paşinyan iddia etdi ki, guya Qarabağda Ermənistan silahlı qüvvələrinə aid heç bir hərbi obyekt və ya silah, hərbi texnika yoxdur. Lakin...

Lakin Müdafiə Nazirliyinin yaydığı rəsmi video-görüntülərinin birində görünür ki, məhv edilən silahlardan biri də Hindistan mənşəli erməni ATAGS artilleriya qurğusudur. Məsələ isə ondadır ki, 100 ATAGS-dan 6-sı artıq bir ay əvvəl Hindistan tərəfindən İran vasitəsilə Ermənistana çatdırılmışdı və bu gün Qarabağ ərazisində Azərbaycanın mülki obyektlərinə tərəf tuşlanmışdı. Təkcə bu faktın, həm də danılmaz faktın (!) özü də sübut edir ki, Azərbaycanın Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri yalnız separatçı-quldur rejimin məhv edilməsinə qarşı deyil, həm də Ermənistanın revanşist siyasətinə qarşı yönəlib və bu tədbirlər rəsmi Bakının bəyan etdiyi kimi, düşmənin silahı yerə qoyaraq ağ bayraq qaldırmasına qədər davam edəcək!

Afət Tahirqızı

Digər xəbərlər