PDF Oxu

Siyasət

  • 1 925

Müsavat, REAL və AXCP xalqın deyil, erməni lobbisinin yanında dayanmağa üstünlük verdi ANALİZ

Müsavat, REAL və AXCP xalqın deyil, erməni lobbisinin yanında dayanmağa üstünlük verdi ANALİZ

Məlum olduğu kimi, sentyabrın 19-dan Azərbaycan dövləti terrorçuları Qarabağ iqtisadi zonasından təmizləmək üçün lokal xarakterli əməliyyat tədbirlərinə başlayıb. Artıq separatçıların hərbi obyektlərinin əksər hissəsi məhv edilib. Şübhəsiz ki, çox qısa müddətdə əməliyyatlar uğurla başa çatacaq və bölgədə əmin-amanlıq təmin ediləcək, üçrəngli bayrağımızın Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda və digər ərazilərdə dalğalanması təmin olunacaq. Bu arada Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər. Bu bəyanat bütövlükdə cəmiyyətimizin milli birliyinin, həmrəyliyinin nümayişidir. Bəyanatda qeyd edilib ki, sənədi imzalayan Azərbaycanın siyasi partiyaları üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər Ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə dəstəyini ifadə edir, qəhrəman Ordumuza Zəfər arzulayır: "Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq".

Dağıdıcı müxalifətin fəaliyyəti xəyanət üzərində qurulub

Bəli, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də cəmiyyətin bütün təbəqələri dövlətin ali maraqları ətrafında birləşib. Təəssüflər olsun ki, məhz bu məqamda yenə də “sapı özümüzdən olan baltalar” millətin deyil, ermənipərəst dairələrin yanında olmağa üstünlük verdilər. Müsavat, REAL və AXCP Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə dəstək Bəyanatına qoşulmadılar. Bununla da, antimilli ünsürlər idarə olunan partiya təmsilçiləri olduqlarını nümayiş etdirdilər. Müsavat, REAL və AXCP 44 günlük Vətən müharibəsi zamanı da siyasi partiyaların Azərbaycan dövlətinə dəstək bəyanatlarına qoşulmayaraq milli həmrəyliyə qarşı çıxan satqın və xəyanətkar ünsürlər olduqlarını göstərmişdirlər. Həm də təsdiq olunmuşdur ki, onlar erməni lobbisinin və Ermənistanın havadarlarının diktəsi ilə hərəkət edirlər. Bu fakt onların riyakar və simasız olduqlarını, siyasi fəaliyyətlərinin xəyanətkarlıqdan ibarət olduqlarını təsdiqləyir. Sual yaranır, indi danışmayıb və ya xalqın yanında olmayıb nə zaman olacaqlar? Ən azı partiya liderləri sıravi üzvlərə “hər zaman Azərbaycanın milli və dövlətçilik maraqlarını müdafiə edəcəklərinə” dair vəd veriblər. Cəmiyyətdə baş verən xırda məişət məsələlərini qlobal problem kimi şişirdib Avropa İttifaqına çatdıran İlqar Məmmədov niyə Qarabağda aparılan lokal əməliyyat tədbirlərinin mahiyyəti və məqsədi barədə onları məlumatlandırmır?

Xalqa arxa çevirənlərin cəzası ağır olur

Əməliyyat tədbirlərinin başladığı gün AXCP sədri Ə.Kərimli Sevinc Osmanqızının və Qənimət Zahidin TV-lərinə müsahibələr verdi. 2 saatlıq çıxışında bir dəfə də olsun erməniləri qınamadı, Xankəndidəki separatçılara iradını bildirmədi. Sanki Arayikdir və ya Vardanyandır Q.Zahidlə, S.Osmanqızı ilə danışan. A.Hacılının isə səsi çıxmır. Bütün bu kimi hərəkətlər və davranışlar bağışlanmazdır. Ə.Kərimli, A.Hacılı, İ.Məmmədov anlamalıdırlar ki, dövlətinə və xalqına qarşı xəyanət yolu tutanlar heç bir zaman siyasi proseslərdə uğur qazana bilməz. Təbii ki, uca xalqımız bütün bunları görür və dəyərləndirir. Növbəti seçkilərdə və ya hansısa ümummili tədbirlərdə dağıdıcı müxalifət xalqdan mənfi cavab alanda, bunları gözlənilən hal kimi qiymətləndirmək lazım gələcək. Çünki xalqa arxa çevirənlərin cəzası ağır olur.

İ.ƏLİYEV

Digər xəbərlər