PDF Oxu

Siyasət

  • 4 609

Rusiyalı ekspert: “Azərbaycan ordusu əməliyyatı dəqiq cərrahi üsulla apardı” – MÜSAHİBƏ

image

İqor Korotçenko: “Ermənilərin İrəvandakı Rusiya səfirliyini mühasirəyə alması nə deməkdir? Biz separatçıları qorumaq üçün heç bir öhdəlik götürməmişik”

Azərbaycanın Qarabağ bölgəsində separatçı ocaqlarını təmizləmək üzrə fəaliyyəti uğurla davam edir və artıq öz bəhrəsini verməkdədir. Bununla bağlı xarici hərbi ekspertlərin fikirlərini, onların nöqteyi-nəzərini eşitmək maraqlı olardı. Rusiyalı hərbi ekspert, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Caliber” analitik mərkəzinə müsahibəsində bu haqda fikirlərini bildirib. Müsahibəni oxucularımza təqdim edirik.

- Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində lokal antiterror tədbirlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda antiterror tədbirlərinin 1-ci mərhələsi düşmənin dayaq məntəqələrinin, rabitə qovşaqlarının, hərbi texnikanın yerləşdiyi yerlərin, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsindən ibarət olub. Bu, mülki əhali arasında itkilərin qarşısını almağa imkan verən dəqiq silahlardan istifadə etməklə uğurlu cərrahi üsulla həyata keçirilib. Bu hərəkətlər Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin çox yaxşı hərbi-texniki səviyyəsini və peşəkarlığını göstərir.

Aydındır ki, birinci mərhələdən sonra çox güman ki, ikinci mərhələyə keçilməlidir- bu, Bakının Qarabağın bu gün separatçıların olduğu müəyyən ərazilərinə nəzarəti bərqərar etmək üçün siyasi qərar verəcəyi təqdirdə quru qoşunlarının yeridilməsidir. Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsi bizə bu problemi həll etməyə imkan verir.

Eyni zamanda, anlamaq lazımdır ki, Qarabağda müdafiə sistemi uzunmüddətlidir, o, onilliklər ərzində hazırlanıb və bu, təbii ki, gələcək fəaliyyətlərin xarakterində öz izini qoyur. Görünən odur ki, Bakı həm məqsədyönlü hərbi cavab üsullarını, həm də diplomatik resursları birləşdirəcək, lakin hələlik, müəyyən Azərbaycan rəsmilərinin açıqlamalarına əsaslansaq, vəzifə quru əməliyyatının ikinci mərhələsini həyata keçirməkdir. Ən azından bəyanatlardan, antiterror fəaliyyətlərinin daha da inkişaf etdirilməsi üçün məqsəd və vəzifələrin alqoritmindən belə nəticə çıxarmaq olar. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin hərəkətlərinin məntiqi və motivləri barədə mobil telefonlara SMS-lərin göndərilməsi şəklində erməni əhali məlumatlandırılır. Bu, həm də onu göstərir ki, ikinci mərhələ olacaq və bu, yerüstü əməliyyat olacaq.

- Azərbaycanın hərəkətlərinə hər hansı mənfi beynəlxalq reaksiya gözləmək lazımdırmı?

- Azərbaycanın hərəkətlərinə beynəlxalq reaksiyaya gəlincə, biz, əlbəttə ki, ABŞ və Fransadakı erməni lobbiçilərinin imkanlarını bilirik. Təbii ki, indi lobbiçilərin üzərinə maksimum həvalə olunub ki, onların mövqeləri güclü olan ölkələrdə İrəvanın xeyrinə istənilən siyasi və diplomatik effekti əldə etsinlər, ona görə də vəziyyət kollektiv şəkildə qiymətləndirilməlidir. Düşünürəm ki, hər şeydən sonra Bakının hərəkətlərinin əsas tezisi, məntiqi ondan ibarətdir ki, əməliyyat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində həyata keçirilir, Azərbaycan isə hərbi hədəfləri mülki hədəflərdən nəyin fərqləndirdiyini açıq şəkildə bəyan edir və müxtəlif təhlükəsizlik seçimləri təklif edir. Bu da Azərbaycan hərbi komandanlığının düşüncəliliyindən və məsuliyyətindən xəbər verir. Çünki Azərbaycan ordusu çarxın altına düşən hər şeyi əzən asfaltçəkən deyil. Bakının tarixi irs obyektləri, dini tikililər və mülki evlərin heç bir hərbi təsirə məruz qalmayacağını vurğulaması vacibdir. Yəni, humanitar hüquq baxımından burada hər şey təmizdir.

Azərbaycan tərəfinin məntiqi və motivasiyası aydındır. Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə yüklər keçməyə başlayan kimi Qarabağ ermənilərinin Azərbaycanın hüquqi-siyasi məkanına praktiki olaraq reinteqrasiyası ilə bağlı dialoq baş tuta bilərdi. Hər şey bu məntiqi nəticəyə doğru gedirdi. Və qəfildən, sözün əsl mənasında, bir gün sonra separatçı təxribat qrupları yollara tank əleyhinə minalar quraşdırdılar. Mina partlayışları nəticəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mülki şəxsləri və hərbi qulluqçuları həlak oldu. Bu şəraitdə yerli antiterror tədbirlərinə başlanılması barədə qərar qəbul edildi. Yəni aydın səbəb var idi və Azərbaycanın hərəkətləri nəticəyə çevrildi - baş verənlərə reaksiya verdikdə bunu yaxşı başa düşmək lazımdır.

Ona görə də bir tərəfi ayırıb digər tərəfi mənfi xarakterizə etmək istəmədən vəziyyəti tamamilə qərəzsiz təhlil etsək, onda hər şey aydındır- Azərbaycan erməni əhalisinin reinteqrasiyası üçün hər şeyi etdi və buna cavab olaraq təxribatlar, partlayışlar və s. ölüm halları aldı. Ona görə də Azərbaycanın belə desək, “İsrailin cavab məntiqi” kimi tanınan üsula əl atması tamamilə təbiidir.

- İrəvanın reaksiyası necə olacaq?

- Paşinyan artıq əsas bəyanatını verdi ki, Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacaq və bu, tamamilə aydındır, çünki Ermənistan ikinci kapitulyasiyanı istəmir. Eyni zamanda, bir sıra erməni birləşmələri sərhədləri möhkəmləndirmək üçün şərti sərhədə doğru irəliləyir- bu da faktdır.

Güman edirəm ki, 2020-ci il noyabrın 10-na keçən gecə İrəvanda baş verənlərə oxşar hadisələr baş verə bilər, ən azı artıq izdihamın hökumət binalarına basqın etməyə cəhd etdiyi barədə məlumatlar var. Və xatırlayırıq ki, çılğın kütlə Ararat Mirzoyanı döydükləri kimi, Paşinyana qarşı fiziki zorakılıq nümayiş etdirməyə qadirdir. Görünən odur ki, Paşinyan Ermənistan Müdafiə Nazirliyinin binasının altındakı hansısa yeraltı bunkerə, hətta Fransa səfirliyinin ərazisində sığınacaq axtaracaq. Yəni, ekstremal ssenarilər mümkündür.

Həyəcanlı ermənilərin İrəvandakı Rusiya səfirliyini mühasirəyə almasını biz də həyəcanla izləyirik. Əgər belə həyəcanlısınızsa, o zaman pulemyotlarınızı götürün, döyüşə Qarabağa gedin. Rusiya səfirliyinin bununla nə əlaqəsi var? Biz separatçıları qorumaq üçün heç bir öhdəlik götürməmişik. Nifrətlə çoxalmış millətçiliyin təhrif edilmiş məntiqi çox təhlükəli partlayıcı qarışıqdır və Rusiya hakimiyyəti vəziyyəti diqqətlə izləməli, sabah nə baş verəcəyini düşünməli, vəziyyətin inkişafı üçün müxtəlif ssenarilərə, təxribatlara hazır olmalıdır. Bunu da deyim ki, Paşinyan və Ermənistan hüquq-mühafizə orqanları rusiyalı diplomatların və onların ailə üzvlərinin təhlükəsizliyinə birbaşa cavabdehdir.

Onu da proqnozlaşdıra bilərik ki, Paşinyan oturub hakimiyyəti saxlasa, baş verənlərə görə məsuliyyəti aktiv şəkildə özündən Rusiya Federasiyasına keçirməyə başlayacaq. Bir qədər çıxılmaz siyasi çaşqınlıqlar: KTMT-dən çıxmaq hədələri və çirkin siyasi ittihamlar olacaq- buna heç bir şübhə yoxdur.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər