Artıq bir neçə ildir ki, Mərkəzi Asiya ölkələri, o cümlədən ümumi maraqlar ətrafında sıx birləşmiş türk dövlətləri ilə qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə nail olan Azərbaycanın bu dövlətlərlə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir.
Bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsinə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhəmiyyətli töhfələr vermişlər. Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəməri, Cənub Qaz Dəhlizi kimi iri layihələr sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir.
Beynəlxalq nəqliyyat marşrutu olan Orta Dəhliz Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilmişdir. Bu ilin sentyabrın 14-də Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında maraqlı məqamlara toxundu.
Azərbaycan və Tacikistan arasındakı münasibətlərin artan xətt üzrə inkişaf etdiyini söyləyən dövlətimizin başçısı bildirib ki, hər iki ölkənin qarşılıqlı rəsmi səfərləri zamanı qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərin strateji xarakterini bir daha təsdiq edir. Prezident vurğulayıb ki, otuz ildən artıq müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparan Azərbaycan və Tacikistan bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir.
İki ölkə arasındakı tarixi əlaqələr, ölkələrimizin yerləşdiyi önəmli coğrafi region, yeni əməkdaşlıq formatı barədə danışan Prezident İham Əliyev bildirib ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır və bu iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. 2022-ci il ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz artıb, birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Artıq maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə müasirləşdirilэт Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Xəzər dənizində 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik Azərbaycan gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparıır. İstehsal olunan tanker və quru yük daşıyan gəmilərin sayı ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Mərkəzi Asiya şirkətləri Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraq göstərir. Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.Dövlət başçımız xatırladıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı tərəflərin maraq və mənafelərinin qorunması şərti ilə genişləndirmək üçün lazım olan bütün addımları atıb və hər zaman Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib, bundan sonra da bu birliyin maraqlarına sadiq qalacaq.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri