PDF Oxu

Siyasət

  • 5 747

Azərbaycan-Türkiyə: dostluq və qardaşlığın gücü TƏHLİL

Azərbaycan-Türkiyə: dostluq və qardaşlığın gücü TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq"

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub və iki ölkə həmişə bir-birinin sevincli, kədərli günlərində biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamlarında dəqiq ifadə olunub. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sosial şəbəkə hesablarında paylaşımında "Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər" – deyə bildirib. Cənab Prezident beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik deyərək Şuşa Bəyannaməsi ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

"BİZ ERMƏNİSTANDAN BAŞDA ZƏNGƏZUR KORİDORUNUN AÇILMASI OLMAQLA, VERDİYİ SÖZLƏRİ YERİNƏ YETİRMƏSİNİ GÖZLƏYİRİK"

BMT Baş Assambleyasında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın Azərbaycan torpağı olduğunu və bundan başqa bir statusun qəbul edilməyəcəyini vurğulayaraq deyib: “Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik”.
Əlbəttə ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində yeni bir dövrün başlanğıcını qoymuş oldu. Qardaş dövlətlərin Şuşa Bəyannaməsini imzalamaları müttəfiqlik münasibətlərinin göstəricisidir. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi kimi məsələlər öz əksini tapıb. Tarixi, strateji önəmi, hüquqi, hərbi və siyasi baxımdan xüsusilə böyük əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirir. Azərbaycan və Türkiyə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini davam etdirilməsi baxımından yeni imkanlar açır. Şuşa Bəyannaməsi iki ölkə arasında imzalanmış olsa da, bölgə üçün də böyük əhəmiyyət daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə dövlətlərarası gələcək iş birliyinin istiqamətini göstərir. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr reallaşıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələr bu baxımdan təqdirəlayiqdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir.

ORTAQ KÖKLƏRDƏN VƏ DƏYƏRLƏRDƏN GÜC ALAN DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİ

"Siz də, mən də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq” – deyə Azərbaycan Prezidenti İlham Əliyev paylaşımında qeyd edib.
Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil" çağırışı dünyaya mesaj oldu. Sonadək mənəvi və siyasi dəstəyini göstərən qardaş Türkiyə Zəfərimizi Azərbaycan ilə birgə yaşadı. Postmünaqişə dövrünün reallıqlarının qəbul etdirilməsində və həyata keçirilməsində Türkiyə daim Azərbaycanın yanındadır. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə yüksəldilib.
Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqil siyasət yürüdə bilən ölkədir. Dövlət siyasətinin də mütləq prioritetləri Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiə olunması, eyni zamanda ölkəmizin müstəqil siyasət aparmasıdır.
Əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcyəinə əminlik yaradır.
Carsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan əlaqələri uğurla davam edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli layihələrin reallaşması həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına təsirini göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər