Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Xızı rayonunda 20 sentyabr 2023-cü il tarixində Müasir, Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konfrans keçirildi.
Konfransda Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elnarə xanım Akimova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə xanım Quliyeva, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Abşeron-Xızı regionu üzrə məsul işçisi Orxan Bayramov və Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev və partiya fəalları iştirak edirdilər. Konfrans iştirakçıları əvvəlcə Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzdülər. Sonra konfrans işini Heydər Əliyev Mərkəzində davam etdirdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi və Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi. Konfransı giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə bu il “Heydər Əliyev İli” elan olunduğunu qeyd edərək Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynadığını bildirdi. Ayaz Quliyev çıxışında qeyd etdi ki, xalqın təkidli tələbilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı millətin itirmək üzrə olan inamını özünə qaytardı. Dahi rəhbərin qətiyyəti və müdrik siyasəti nəticəsində qısa zamanda atəşkəs rejiminə nail olmaqla, sosial- iqtisadi islahatlar başlandı, dövlətin atributları yaradıldı. Ölkədə sabitlik və qanunların aliliyi təmin olundu, gələcək inkişaf üçün möhkəm iqtisadi təməl formalaşdırıldı. Xarici siyasət milli maraqlara uyğunlaşdırıldı. O vaxt başlamış bu gün uğurla davam etdirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafı üçün çox mühüm rol oynayır. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik şəkildə sürətlə inkişaf edir.
Həmçinin Ayaz Quliyev qeyd etdi ki, bu gün işğaldan azad olunmuş ərazilərdə infrasturuktur layihələri icra olunur, yollar salınır, körpülər tikilir, sosial binalar-məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa edilir. Əhalinin yüksək həyat şəraitinin təmin olunması üçün lazimi addımlar atılır. Artıq sakinlərimiz öz doğma yurd - yuvalarına qayıdırlar. Böyük Qayıdış proqramı cənab Prezidentin rəhbərliyi ilə uğurla icra olunur. Əminliklə deyə bilərik ki, bu gün Ulu öndər Heydər Əliyevin ruhu şaddır. Çünki bizə əmanət qoyduğu Müstəqil Azərbaycan elə onun görmək istədiyi kimi güclü - qüdrətli və əzəmətlidir. Sonra Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək bildirib ki,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi Azərbaycan dövlətçilik tarixinin xüsusi əhəmiyyət kəsb edən dövrüdür. Onun ölkəyə rəhbərliyinin birinci dövründə bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli qoyuldu. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin növbəti dövründəki mürəkkəb şəraitdə isə qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olundu. İctimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrildi. Daha sonra Xəzər Aslanov çıxışına əlavə etdi ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.O, Azərbaycanın müasir tarixinə yeni missiya ilə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə xanım Quliyeva və idarə heyətinin üzvü Elnarə xanım Akimova, Milli Məclisinin deputatı Müşfiq Məmmədli qeyd etdilər ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi kimi qüdrətlidir, öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir və üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla, əzəmətlə dalğalanır. Ulu Öndər Heydər Əliyev siyasəti yaşayır, onun əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi Azərbaycan xalqını firavan və parlaq gələcəyə aparır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi müstəqillik illərində sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilir, bütün sahələrdə köklü islahatlar aparılır, ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirilir, dünyada mövqeyini möhkəmləndirir.
Bu gün Ulu Öndər Heydər Əliyev əsasını qoyduğu müdrik siyasət uğurla davam etdirilir, möhtəşəm nailiyyətlərlə müşayiət olunur. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev onun bütün arzularını yerinə yetirib: “Ulu Öndərin ən böyük arzusu Qarabağın azad edilməsi idi. İndi onun varisi, Ali Baş Komandan İlham Əliyevin əzəməti və qətiyyəti sayəsində Qarabağ azad nəfəs alır. Azərbaycan xalqı hər zaman dahi Heydər Əliyevi sonsuz ehtiram və məhəbbətlə yad edəcək”. Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu. Bir qrup partiya fəalı Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edildi.