PDF Oxu

Siyasət

  • 2 577

Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik - PREZİDENT İLHAM ƏLİYEV

image

"Ermənistan heç vaxt bizimlə açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Biz lazım olan vaxtda – bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik". Prezident, Ali Baş Komandan İlham Əliyev bu sözləri iki il əvvəl, 2020-ci il iyulun 15-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi hərbi təxribatın qarşısının alınmasından bəhs edərkən demişdi. Prezident diqqətə çatdırmışdı ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə uğurlu Naxçıvan (Günnüt) əməliyyatında olduğu kimi, Tovuz döyüşləri də Azərbaycan Ordusunun qalibiyyət səhifəsidir.

“O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”, – deyə dövlət başçısı bildirmişdi.

Xatırladaq ki, 2020-ci ilin 12-14 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutmuş və hücuma keçməyə cəhd göstərmişdi. Lakin görülən qəti tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilmiş və ağır itki verərək geri oturdulmuşdu. Və bu gün də….

RƏŞADƏTLİ AZƏRBAYCAN ORDUSU BU DƏFƏ DƏ ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNƏ LAYİQ OLDUĞU YERİ GÖSTƏRDİ

Bəli, sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumlarına cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Bu təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edən və hüquqi əsasını formalaşdıran müddəalar isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndində aydın şəkildə ifadə olunub. Təəssüflər olsun ki, nə Ermənistan tərəfi, nə də Rusiya sülhməramlı kontingenti bu günə qədər bu bəndin icrası ilə bağlı öhdəliklərini icra etmək üçün heç bir xoşniyyət addım atmayıb. Əksinə, həmin terrorçuların silahlandırılması və növbəti təxribatların həyata keçirilməsi üçün mümkün bütün vasitələrdən istifadə etməyə davam ediblər. Məhz bu səbəbdən üçtərəfli Bəyanatın müddəalarının icrası, bölgədə yaşayan və fəaliyyət göstərən mülki vətəndaşlarımızın, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilən antiterror tədbirləri qaçılmaz olmaqla yanaşı, mütləq xarakter daşıyır.

İkinci Qarabağ müharibəsində və ondan sonra həyata keçirilmiş antiterror əməliyyatlarında olduğu kimi, bu tədbirlərin də əsas hədəfi hərbi obyektlərdir və heç bir halda mülki obyektlər hədəf olaraq seçilməyib. Erməniəsilli mülki əhalinin hərbi obyektlərdən uzaq durması ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının etdiyi çağırışlar buna bariz nümunədir.

Və dövlət başçımızın söylədiyi kimi: "Əminəm ki, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar".
Çünki…

"30 İLİN ƏZİYYƏTİ, 30 İLİN ÜMİDSİZLİYİ, 30 İLİN ƏZABLARI XALQIMIZI SINDIRMADI, İRADƏMİZƏ HEÇ BİR MƏNFİ TƏSİR GÖSTƏRMƏDİ"

"30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik".

Bu fikirləri Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
Dövlətimizin başçısı deyib: «Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”.

"Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb",-deyən Prezident İlham Əliyev bir daha mesaj verərək, qeyd edib ki, Ermənistan və onun havadarları bilsinlər ki, onlar tərəfindən törədilən təxribatların qarşısı qətiyyətlə alınacaq və bizim qarşımızı heç bir qüvvə kəsə bilməz və bütövlükdə erməni cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib: "Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq!".

Bir sözlə, Prezdent İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, bu sözləri deməklə naftalin qoxusu verən bir ünsürə yox, bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara xəbərdarlıq edirəm: “Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.
Bəli, işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir Yumruq» siyasəti ilə 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsi qələbə ilə başa çatdı. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.

44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...

Və bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, ordumuzun rəşadəti sayəsində növbəti məqsədlərimizə nail oluruq. Bu gün artıq rəşadətli Ordumuzun gücü ilə Laçındayıq, Zabuxdayıq, Susdayıq! Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, eyni zamanda, Qarabağımızın əsrarəngiz guşəsi olan Laçına qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Tarix də sübut edirik biz haqlı mübarizə aparırıq. Çünki dövlət başçımızın dediyi kimi: "Nəyi ediriksə, dəqiqliklə edirik. O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında!".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər