PDF Oxu

Siyasət

  • 2 722

"Dəmir yumruq": Siyasi iradə və hərbi güc TƏHLİL

"Dəmir yumruq": Siyasi iradə və hərbi güc TƏHLİL

Prezident İlham Əliyev: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm"

Siyasi gücə, iradəyə malik Böyük Lider, Azərbaycan Prezidenti İlham Əliyevin Sərkərdəlik məharəti Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni səhifə, salnamə oldu. Ölkəmizdə xalq-iqtidar həmrəyliyi mövcudluğu, güclü ordumuz, milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması da qələbəmizi şərtləndirən amillər sırasındadır. İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu erməniyə, eləcə də bütün dünyaya göstərə bildi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Prezident İlham Əliyev qətiyyətini, siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Dövlət başçısının mövqeyi ardıcıl olaraq dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində də özünü büruzə verdi və ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən ermənilər təcavüzkar siyasətlərini davam etdirərək, dinc əhalini hədəfə aldılar və yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutdular. Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyildi. Amma Ermənistan tərəfindən mülkü əhaliyə dəfələrlə atəş açıldı. Bərdə, Gəncə, Tərtər kimi şəhərlərimiz ziyan çəkdi. Mənfur düşmən tərəfindən mülki şəxslər qətlə yetirildi.
2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistanın çirkin niyyət və planlarını əks etdirirdi. Ermənistanın bu və ya digər təxribatları Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Azərbaycan ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında artıq uduzduğunu ilk günlərdən dərk etdi.

"TARİXİ MİSSİYAMIZI ŞƏRƏFLƏ YERİNƏ YETİRDİK"

2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. "Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik"- deyən Cənab Prezident bildirib ki, biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik: "Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu… Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Bizi heç kim və heç nə dayandıra bilməzdi".

"MÜHARİBƏDƏ QALİB GƏLMƏK MƏNİM HƏYATIMIN, SİYASİ HƏYATIMIN MİSSİYASI İDİ"

Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Bunu Paşinyan dəmir yumruğun hesabına imzaladı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan".

"GÜCLÜ, MƏĞLUBEDİLMƏZ ORDU" MİFİ DARMADAĞIN EDİLDİ

Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın "güclü, məğlubedilməz ordu" mifini darmadağın etdi.Əlbəttə ki, müharibənin od-alovu hər bir insanda vahimə yaradır. Müharibə böyük itki, təlafatdır. Dünyanın hansısa bir ölkəsinin odlu-alovlu olmasını kimsə istəməz. Çünki Tanrının yaratdığı bütün varlıqlar sülh, əmin-amanlıq içində yaşamaq, səmasının aydın, torpağının rahat nəfəsini duymaq istər. Azərbaycan müharibənin ağrı-acısını zaman-zaman yaşamışdır.
Əlbəttə ki, buna qədər Azərbaycan Ordusunun şanlı tarixində mühüm yerlərdən birini tutan 2016-cı ilin Aprel döyüşləri artıq düşmənə Azərbaycanın gücünü göstərmişdir. "2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik"- deyən Cənab Prezident 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsinin Azərbaycan Ordusu tərəfindən götürüldüyünü və işğalçıların o bölgələrdən qovulduğunu qeyd etmişdir: "Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı". 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarixə yazıldı.

"ÖLKƏMİZİ İNAMLA İDARƏ EDİRƏM, BÜTÜN SAHƏLƏRDƏ, O CÜMLƏDƏN HƏRBİ QURUCULUQ SAHƏSİNDƏ"

44 günlük Vətən müharibəsindən sonra deyəsən, "dəmir yumruğ"un gücünü görmüş ermənilər unutqanlıq edirlər. Yaxın keçmişimizdə aldığı zərbələri yaddan çıxarırdılar. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq ötən ilin avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürdü.
Ermənilər bu günə qədər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər. "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində" – deyə Prezident İlham Əliyev bildirib.
Bu gün vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayanır. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərmiş oldu. Öz iradəsi, gücü ilə. Bu gün də vətən oğulları Ali baş Komandanın əmrinə, vətənin müdafiəsinə hər an hazırdırlar. Bu gün Azərbaycan qalib dövlətdir. Torpaqlarını işğaldan azad edilən qalib xalqdır. Əlbəttə ki, tarixi qələbəni bəzə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevdir.

ANTİTERROR TƏDBİRLƏRİNİN MÜSBƏT NƏTİCƏSİ NÖVBƏTİ UĞURUMUZDUR

Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edilib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. 2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. 3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Qeyd edək ki, keçirilən tədbirlər çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqlarının zərərsizləşdirilməsi həyata keçirilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib. Ermənilərə bu son dərsdir. Sentyabrın 21-də Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, müharibə onların yadından çıxmamalıdır: "Unutmasınlar ki, dəmir yumruq yerindədir".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər